“Vətənimiz Azərbaycanı
heç vaxt
yadımızdan çıxarmırıq”
Eyvaz Məhəmmədhəsənov:
“Qazaxıstanda mədəniyyətimizin və adət- ənənələrimizin
tanınmasında bütün imkanlardan istifadə edirik”
Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf edib. Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor olaraq formalaşması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir.
1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi
repressiyaların ən ağır zərbəsi Azərbaycana
dəydi. Bunun nəticəsində azərbaycanlıların
çox hissəsi Vətəndən didərgin
düşənlər Orta Asiya,
Sibir kimi yerlərə
sürgün edilirdilər. Belə azərbaycanlıların
müəyyən hissəsi, təqribən 120 minə qədəri
Qazaxıstana sürgün olublar.
İlk sürgün
edilən soydaşlarımız Canbul,
Çimkənd və Almaatı vilayətində məskunlaşıblar.
Bundan sonra 40-50-ci illərdə
davam edən repressiya
prosesində azərbaycanlıların bura
köçürülməsi ilə nəticələnmişdi.
Bu köçürülənlərin
arasında hazırda Qazaxıstanın Almaatı şəhərindən
aktiv diaspor fəaliyyəti
göstərən Eyvaz Məhəmmədhəsənovun
da ailəsi olub. O, qəzetimizə
müsahibəsində bu və digər məsələlər
haqda danışıb.
- Eyvaz
müəllim, ilk olaraq
mümkünsə özünüz
haqqında ətraflı məlumat verərdiniz. Nə vaxtdan Qazaxıstanda yaşayırsınız?
- Mən Məhəmmədhəsənov
Eyvaz İmamverdi oğlu 1958-ci ildə Qazaxıstan
Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində
anadan olmuşam.
1976-cı ildə hərbi xidmətimi Kiyev
şəhərində başa vurduqdan sonra Almaatı
şəhərinə gəlmişəm. 1991-1992-ci illərdə
Almaatı Sovet Ticarəti Texnikumunda
oxumuşam. Şəxsi
mülküyyətçiyəm. Restoran biznesi ilə məşğul oluram.
Ailəliyəm, 2 övladım var.
Qazaxıstanın ən yüksək dövlət
mükafatlarına, medallara (5 ədəd)
və “Kormet” ordeninə layiq
görülmüşəm. 2008-ci ildə Qazaxıstanda Azərbaycan
Respublika Cəmiyyətinin Almaatı şəhər
şöbəsinin sədri vəzifəsinə seçilmişəm.
Arzum Qazaxıstan azərbaycanlılarını
yumruq halında birgə fəaliyyətdə
görməkdir.
- Qazaxıstanda
Azərbaycan diasporunun təşkilatlanması
prosesi hansı səviyyədədir və
bu prosesin sürətlənməsində
Siz hansı işlər görürsüz?
- Almaatı şəhərində cəmiyyətin
işləri yüksək səviyyədədir. Biz Qazaxıstanda mədəniyyətimizin və
adət- ənənələrimizin tanınmasında bütün imkanlardan
istifadə edirik. Azərbaycan və
Qazaxıstanın dövlət bayramlarını yüksək
səviyyədə keçiririk. Bu işlərin görülməsində Respublika cəmiyyətinin sədri
Əbülfəz Xamedov və cəmiyyət
sədrinin birinci müavini
Allahverdi Məmmədovun böyük
əməkləri var.
- Qazaxıstanda diasporumuzun nəsilləri arasında əlaqə
hansı formadadır. Yəni bildiyimiz ki, ötən əsrin 20, 30, 40-cı illərində
Azərbaycandan Qazaxıstana sürgün olunmuş insanlar var. Bu gün
onlar özlərini Azərbaycan diasporu hesab edirlərimi?
- Ötən əsirin ortalarınadək Azərbaycandan 100 mindən çox günahsız insanlar Qazaxıstana sürgün olunub. Bu insanlar öz adət- ənənələrini qoruyaraq, Azərbaycan diasporunun inkişafında böyük işlər görüblər. Onlar Qazaxıstan Respublikasının ictimai- siyasi həyatında da yüksək səviyyədə çalışıblar. Bunlardan 17 nəfər SSRİ -nin yüksək mükafatına- Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Mənim atam Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu, atası ilə bir yerdə 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunublar. Atam Böyük Vətən Müharibəsi iştirakçısı olmaqla bərabər, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib.
- Ümumiyyətlə,
Qazaxıstanın elmi, mədəni
inkişafında azərbaycanlıların nə kimi rolu var?
- Biz öz
adət- ənənələrimizi, mədəniyyətimizi, dilimizi gənc nəsillərə ötürməklə,
onlara təbliğ edirik.
Vətənimiz Azərbaycanı heç vaxt yadımızdan çıxarmırıq.
Həmişə Azərbaycan ideyaları və
varlıqları ilə yaşayırıq. Ümumiyyətlə,
Qazaxıstanda insanların milli, dini, irqi zəmində heç bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində
yüksək pillədə qarar tutmuş çoxlu azərbaycanlılar
var. Dövlət strukturlarının
hamısında azərbaycanlılar təmsil olunurlar.
Vəkillər, alimlər arasında da xeyli soydaşlarımız var.
Daxili işlər nazirliyi
sistemində, hərbi sahədə, vergi
orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənlərimiz fəaliyyət
göstərirlər.
-
Qazaxıstanın ictimai-siyasi işlərində
diaspor olaraq hansısa
fəallıq göstərə bilirsinizmi?
- Qazaxıstan Respublikasının elm və mədəniyyət sahələrində böyük miqdarda Azərbaycan ziyalıları yüksək səviyyədə çalışırlar. Cəmiyyətimizin üzvlərindən bir neçəsi Qazaxıstan Xalqlar Asambleyasının üzvləridir, həmçinin Qazaxıstanın ən yüksək medal və ordenləri ilə təltif olunublar.
Onların arasında ölkəmizin elm və təhsilinin inkişafına qiymətli töhfə vermiş görkəmli elm xadimləri var. Sevindirici haldır ki, Qazaxıstan rəsmiləri də diasporumuzun fəaliyyətini çox yüksək qiymətləndirir. Onların fikrincə bu ölkədəki Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus “etnik körpü” rolunu oynayır. Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə malikik.
-
Qazaxıstandakı Azərbaycan diasporunun
özəlliyi nədədir?
- Qazaxıstanda aparılan statistik göstəricilər görə Azərbaycan diasporu digər diasporlardan mühacirətə az meylli olmağı ilə seçilir. Demoqrafik cəhətdən seçilən Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Onlar yerli əhali və rus, özbək, türkmən, qırğızla isti əlaqələr quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal iştirak edirlər. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gedərək orada ailə həyatı qurmağa üstünlük verirlər. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər.
- Azərbaycanın
Qazaxıstandakı səfirliyi Sizin hər
hansı problemlərinizin həll olunmasında köməklik
göstərirmi?
- Bizim işlərimizdə,
problemlərin həlində Azərbaycanın
Qazaxıstandakı səfirliyi həmişə kömək edir və bizimlə bir
yerdədirlər. Azərbaycanın Qazaxıstandakı səfiri
Rəşad Məmmədova, eləcə də səfirliyin əməkdaşlarına
cəmiyyətimiz adından öz minnətdarlığımızı
bildiririk!
Fuad Hüseynzadə
Palitra 2019.- 3 aprel.- S.7.