“Müəllimin nüfuzu artıb”

Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımova: “Diaqnostik qiymətləndirmədə topladığı ballar müəllimin dərs yükünə və əməkhaqqının artmasına müsbət təsir edir

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaqömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə başçısının sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Ölkə başçısı bildirib ki, təhsil sahəsində islahatlar aparılır və maddi-texniki bazanın möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı: “Keçən il 140-dan çox məktəb tikilib. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq. Müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub”. Təhsil istiqamətində həyata keçirilən tədbirləri statistik rəqəmlərdə də aydın görmək olar. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir. 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Təhsil sahəsində çalışan, şagirdlərə bilik öyrədən müəllimlərimiz də ölkədə təhsilin inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. Müsahibimiz Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımovadır:

- Bu gün ölkədə təhsilin inkişafını necə dəyərləndirirsiniz?

- Mən fikirlərimə Ulu öndər Heydər Əliyevin sözləri ilə başlamaq istərdim: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Ola bilsin ki, bəzi cəmiyyətlər təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsin, ancaq hamı təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyllər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlayıb, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirib. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biriinsan kapitalının inkişafına nail olmaqdır.

- Təhsil sahəsində həyata keçirilən tədbirlərlə bağlı nə deyərdiniz?

- Şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında müstəsna əhəmiyyətə malik ümumi təhsil pilləsində saysız-hesabsız yeniliklər bu sahəyə xüsusi diqqətin nəticəsidir. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlər və qarşıya qoyulan hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilirbu sahədə atılan geniş miqyaslı addımların atılması ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsildə böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür. Bu gün təhsil müəssisələrimizdə məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çoxdur. Bu müəllimlərin əsas məqsədləri ondan ibarətdir ki, onlar öz tələbələri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. Bütün sahələrdə olduğu kimi, təhsilimizdə də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Cənab Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bir hissəsidir. Ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir və iqtisadiyyat gücləndikcə, bütün sahələrə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Ona görə də, Azərbaycan təhsili bu gün öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır. Son dövrlərdə təhsildə inkişafinnovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində də başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

- Son illər tətbiq olunan diaqnostik qiymətləndirməni necə qiymətləndirirsiniz, müəllimlər üçün hansı imkanlar yaradır?

 

- Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər keçirilib ki, bunlardan biri də müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər müəllimin nüfuzunu artırıb, onların arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Ölkə başçısının “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən müəllimlərin əməkhaqları artırılıb. Mən də diaqnostik qiymətləndirmədə iştirak etmişəm və 60 baldan 52 bal toplamışam. Burada bölgə müəllimləri yüksək nəticələr göstərdiyini eşitmişəm. Ümumilikdə diaqnostik qiymətləndirməni çox gözəl qiymətləndirirəm. Hər bir müəllimin nəticəsi ilə onun biliyini müəyyən etmək olur. Üstün cəhəti də odur ki, müəllimin diaqnostik qiymətləndirmədə topladığı ballar onun dərs yükünə və əməkhaqqısının artmasına müsbət təsir edir.

Nigar Abdullayeva

Palitra  2019.- 3 aprel.- S.5.