Qısa ömrün örnək
olan səhifələri
Azərbaycanın
Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə
Ölümün insana başucalığı gətirə biləcəyini bilmirdim. Şərəfli ömür, şərəfli ölüm hərkəsə nəsib olmayan bir zirvəymiş. Həyatda bəzi dəyərlərimiz var idi ki, onlar səndən sonra çox dəyişdi. Artıq Üçrəngli Bayrağımıza baxanda Səni görürük, himnimizi eşidəndə ilk öncə Sən gəlirsən ağlımıza, yoldan bir əsgər keçəndə az qalırıq qucaqlayıb bağrımıza basaq. Budur Sənin bizlərə əmanətin!
Səni heç xatırlamırıq da, çünki heç yadımızdan çıxmırsan ki, xatırlayaq da. Getdiyimiz tədbirlərdə, oxuduğumuz qəhrəmanlıq hekayələrində də Səndən danışırlar. Sosial şəbəkələrdə hamı Səni paylaşır, hamı Sənin igidliyindən, şücaətindən söz açır...
Türkiyənin İzmir şəhərindən 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümündə Azərbaycan sevdalı dostumuz Asif Kurbandan aldığımız məktub bu sətrlərlə başlayır. Məktuba Aprel döyüşlərinin qəhrəmanlarından birinin--Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin həyat yolundan danışan bir məqalə də əlavə edilib.
Polkovnik-leytenant
Murad Mirzəyev kim idi?
Bu sətirləri yazarkən onun haqqında, yoxsa
başqa biri haqqında yazdığımı öz
özümə sual edirəm. Bir gün Murad haqqında belə bir
məqalə yazacağımı nəinki düşünməmişdim,
heç ağlıma da gətirməmişdim. Demək
ki, qismətdə bu da varmış. Bu da Allahın ona bəxş
etdiyi, hərkəsə nəsib olmayan əbədi qəhrəmanlıq,
şəhidlik zirvəsi, alın yazısıymış demək...
Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə
Sabirabad rayonunun Muğangəncəli
kəndində sadə bir ailədə dünyaya göz
açmış, ilk təhsilini də elə bu kəndin məktəbində
almışdı. 1990-cı illərin əvvəlində
ölkədə baş verən hadisələrə Murad da
biganə qala bilmədi. Vətənin
ağır günündə hərbi sahədə təhsil
almağı, hərbçi olmağı özünə borc
bildi. Ailə bu arzunu tərəddüdlə
qarşıladı, lakin o nəyin bahasına olursa olsun,
hərbi təhsil almalı, yeni qurulan ordumuzda zabit olmalı,
general rütbəsinə qədər yüksəlməli, Vətəninə,
xalqına layiqincə xidmət etməli idi... Onun bu iradəsi
qarşısında valideyinlərinin deyəcəyi söz, edəcəyi
iş qalmamışdı artıq.
Murad qoç
bürcü idi. Ad günü 31 marta
Azərbaycanlıların Soyqırım gününə təsadüf
etdiyindən heç vaxt qeyd etməzdi. Şəhid
olduğu 3 aprel tarixindən 3 gün öncə 40 yaşı
tamam olmuşdu. Ailə üzvüləri,
qohum-qardaşları da
onu hər zaman iyun ayının 26-sında--Azərbaycan
Silahlı Qüvvələri günü münasibətilə
təbrik edirdilər. Muradın əsl bayramı da, elə ad
günü də məhz o gün olurdu...
C.Naxçıvanski adına
Hərbi Lisey, sonra da Türkiyə...
1991-ci ildə
C.Naxçıvanski adına hərbi məktəbə
daxil olanda illərdir xəyalını qurduğu həyatın,
yolun başına gəlmişdi sanki... Təhsil
illəri Birinci Qarabağ müharibəsinə təsadüf
etdiyindən 1992-ci ildə Vətənin müdafiəsi
üçün, Ağdam cəbhəsində düşmənə
qarşı vuruşmaq üçün könüllü
olaraq hərbi komissarlığa müraciət edir. Lakin yaşının yetərsiz olması ilə əlaqədar
müraciəti qəbul edilmir və təhsilinə davam etməsi
tövsiyə olunur. Beləcə, 1994-cü ildə
C.Naxçıvanski adına Hərbi Liseydə yüksək
dərəcə ilə ilk hərbi təhsilini tamamlayır.
1994-cü ilin iyun ayında Türkiyə Alı Hərbi
Quru Qoşunları Məktəbinə (Kara Harp Okulu) daxil olur
və 1998-ci ildə həmin məktəbi motoatıcı
ixtisası üzrə birinciliklə bitirir. Diplomu və xatirə
“Qılınc və məzun üzüyü” o zaman
Ümummilli liderimiz Heydər Əliyev və Türkiyə
Cumhurbaşkanı mərhum Süleyman Dəmirəl tərəfindən
təqdim edilir. Eyni dövrdə təhsil
aldığı 600 nəfər yerli və əcnəbi tələbə
məzun arasından Murad birinci seçilərək “Onur
Başkanı” təyin olunur. 1998-ci il sentyabrından
“Eyirdir Dağ Komando” məktəbində 3 aylıq kurs
keçir, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən
“Tuzla Piyada məktəbi”ndə yeni kursa göndərilir və
həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə
bitirir. 1999-cu ilin iyul ayından Türkiyə
Silahlı Qüvvələrinin 4-cü Motoatıcı
Briqadasında taqım komandiri vəzifəsində xidmət
edir.
Muradın
Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı
Briqadasında taqım komandiri vəzifəsində xidmət
etməsini yaxın
qohumları, hətta həyat yoldaşı Fizzə
xanım da Murad şəhid
olduqdan sonra tərcümeyi halını oxuyarkən öyrənirlər.
Hərbi sirlərlə dolu həyatının bir
dövründə belə bir səhifə də varmış
demək...Sən demə illərdir canlı bir əfsanə,
igid, qəhrəman bir şəxslə qohum-döst olduğundan kimsənin xəbəri
belə yoxmuş...
Qüsursuz
xidmət və ABŞ, Türkiyə, Rumıniya... hərbi kurslarında
11 aprel
2016-cı il Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində şəhid pilotlar və Murad Mirzəyevlə
keçirilən vida mərasimində Muradın keçdiyi həyat
yolu, tutduğu vəzifələri barədə məlumat
verilərkən təyin olunduğu hər vəzifəsində,
ümumilikdə xidmət etdiyi illər boyu daim yüksəlişdə
olması və Vətənə qüsursuz xidmət etməsi
xüsusilə vurğulandı. O, 1999-cu ilin oktyabr ayından
Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə
əsasən motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr
ayından kəşfiyyat bölüyündə kəşfiyyat
taqım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi xüsusi təyinatlı
qrup komandirinin müavini vəzifəsindən, xüsusi təyinatlı
hərbi hissənin komandiri vəzifəsinə qədər
yüksəlir. Xidmət etdiyi dövrdə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə
“Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi
xidmətdə fərqlənməyə görə” (2 dəfə),
“Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin
yubiley medalı” (3
dəfə) olmaqla 7 fəxri medalla təltif edilir.
Eyni zamanda hərbi xidməti dövründə Murad Mirzəyev
2005-2007-ci illərdə Amerika Birləşmiş
Ştatlarının Virciniya ştatında ingilis dili və
xüsusi təyinatlılar üçün nəzərdə
tutulmuş “Ranger” kursunda hərbi təhsil alır. Qeyd edək
ki, xüsusi təyinatlılar üçün nəzərdə
tutulan “Ranger” müasir hərbin ən ağır təlimli və
ən çətin kurslarından hesab edilir. Murad təlim nöqtələrində
normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək,
bu çətin kursu müvəffəqiyyətlə bitirən
ilk və yeganə Azərbaycanlıdır. Sonrakı
illərdə Türkiyə, Rumıniya və İordaniya
Krallığında keçirilən hərbi kurslarda
iştirak etmiş və bu kursları da üstün dərəcə
ilə başa vurmuşdur. Xidmət etdiyi
illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən
peşəkar və yüksək hazırlıqlı zabitlərindən
biri kimi qiymətləndirilirdi.
2-5 aprel
2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda,
Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı
Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq
döyüş tapşırığını yerinə
yetirərkən çox böyük şücaət və
igidlik göstərərək, komandiri olduğu hərbicilər
ilə birlikdə yüzlərlə ermənini məhv edərək
və tutduğu mövqeyi bir addım belə tərk etmədən
son damla qanına qədər vuruşaraq qəhrəmancasına
şəhid olur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə göstərdiyi
şəxsi igidliyə görə ölümündən
sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülür.
Biz səni
təkcə Murad adı eşidəndə
xatırlamayacağıq...
Həyatda
bəzi insanlar var ki, qısa ömrünə böyük
dastanlar sığdırırlar... Murad da həyatda iz qoyan, 40
illik ömrünə belə şanlı səhifələr
yazılmış nadir və seçilmiş insanlardan idi... Özündən sonra gələn nəsillərə
vətənpərvərlik, igidlik, qəhrəmanlıq
amalını ərməğan etdi.
Bu gün
Muradı qəlbində, xatirələrində daim yaşadan
və yaşadacaq, “Murad və Fizzə”ni tək ürəkdə
birləşdirmiş çox sevdiyi həyat yoldaşın
Fizzə, Vətənə yadigar qoyub getdiyi övladların
Nurlan və Dəniz, onları heç vaxt yalnız
qoymayacağına and içmiş yaxınları və ən əsası
Azərbaycan xalqı, Azərbaycan Dövləti var. Məzarında
rahat yat əziz qardaşım, gözün arxada qalmasın, cənab
Polkovnik, sənin yadigarların
artıq bu Vətənə əmanətdir.
Biz səni sadəcə Murad adı eşidəndə
xatırlamayacağıq. Biz hər Talış kəndi, Tərtər,
Ağdərə, Laçın, Şuşa,
Qarabağ, Üçrəngli Azərbaycan bayrağı, Vətən,
Azərbaycan eşidəndə səni xatırlayıb yad edəcəyik...
Qısa, lakin çox mənalı ömrünün yaddaşımıza xoş
xatirələr yazdığın üçün, bizlərə
belə bir fəxarət hissini yaşatdığın
üçün,
xalqımızın, Dövlətimizin başını
uca tutduğun üçün sənə təşəkkür
edirik. Sənin hər zaman söylədiyin kimi: Mən bir
gün Vətən uğrunda şəhid olsam,
başınızı dik tutun, sadəcə “Vətən
sağ olsun” deyin. Cənab Milli Qəhrəman, cənab
polkovnik Mirzəyev, indi belə deyirik artıq: Vətən
sağ olsun!
Sən gedəndən sonra evindən qonaq-qaran heç
çəkilmədi. Fizzəni, Nurlanı, Dənizi sənə söz
verdiyimiz kimi yalnız qoymuruq. Həqiqət xanım, Səlim müəllim
artıq sənin evinin daimi sakininə çevrildilər...Övladların
hələ də yolunu səbirsizliklə gözləyir, hey səndən
danışırlar, hər telefon zəngi gələndə
“Ana bəlkə atamdır” deyə ürəyimizi
parçalayırlar, hələ də özümüzdə
cəsarət toplayıb onlara Sənin əbədiyyətə
qovuşduğunu deyə bilməmişik...
Hələ də hər gün səninlə
bağlı bir hadisə, bizdən gizlətdiyin, sirr kimi
saxladığın, səninlə fəxr etməmizə imkan
vermədiyin uğurunu eşidirik, həyatdaykən sənə
layiqi qiymət verə bilməmək təəssüfünü
yaşayırıq.İnsanlar səni paylaşa-paylaşa
bitirə bilmirlər. Heç tanımadığımız birinin komandiri,
birinin dostu, başqa birinin həyatını qurtaran qəhrəmanı,
birinin kursant yoldaşı, birinin döyüş
yoldaşı, birinin isə sirdaşı olmusan.Hər kəsdə
səni sahiblənmə, sənin ona daha yaxın olman
qüruru var...
40 mərasimində
keçdiyin şərəfli həyat yolunu tanıtmaq məqsədilə
“Milli Qəhrəman Murad Mirzəyev guşəsi” təşkil
etdik. Ətraf Səni ziyarətə gəlmiş insanlarla
yanaşı, gənclərlə,
uşaqlarla doldu daşdı. Şəhidlik zirvəsindən
sonra da vətənpərvərlik nümunəsi olmaqda davam
etdin, gənclərdə xüsusi təyinatlı əsgər,
zabit olmaq, Vətənə layiqincə xidmət etmək, Vətən
uğrunda canından keçmək, şəhid olmaq
qığılcımını atəşlədin.
Xalqımızda illərdən bəri həsrət
qaldığımız Qələbəyə inam əzmini,
sevincini təkrar oyatdın...
İndi Murad Mirzəyev
gənclərimiz üçün, gələcəyimiz
üçün vətənpərvərlik nümunəsidir.
Həyatda ən ali məqsədi
işğal altındakı torpaqlarımızın, doğma
Qarabağımızın düşmən
işğalından azad edilməsi idi. Geyindiyi əsgər
formasına o qədər önəm, dəyər verirdi ki... Bir gün rayonda yaşayan qohumlardan biri həyat
yoldaşı Fizzə xanımdan geymədiyi köhnə əsgər
forması istəmişdi. Fizzə Murada bunu deyəndə
Murad: “O forma bizim uniformamızdır, onun üstündə
şəhidlərimizin qanı, Azərbaycanın bayrağı,
mənəvi dəyərlərimiz var. O forma adi iş
görülərkən geyiləcək,
ucuzlaşdırılacaq forma deyil” demişdi.
Murad şəhid olana kimi bir ailənin qəhramanıydı,
indi bütün Azərbaycan xalqının, millətinin qəhramanına
çevrilmiş artıq. Qəhramanımızla
keçirilən vida mərasimi də, Fəxri xiyabanda dəfn
olunması da Dövlətimizin Murada verdiyi layiqi qiymətin
bariz nümunəsidir. Dəfn mərasimində bir daha şahidi
olduq ki, xalq öz qəhrəmanını qəbul etmiş,
onu öz oğlu, qardaşı, balası kimi bağrına
basmışdı.
Həyat hər şeyə rəğmən
davam edir. Heç
kəs həyatda daimi deyildir. Bir gün Allahın bizə
yazdığı qədər ömür sürüb bu
dünyadan köçəcəyik. Lakin tək təsəllimiz
Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində
öz yerləri olan, Vətən uğrunda canlarından
keçmiş qəhrəman Azərbaycan
övladlarının Azərbaycan yaşadıqca, var olduqca
yaşayacaq olmasıdır...
Ucalır məzarına
baş əyən başım
Mənim igid
qardaşım, şəhid qardaşım!
Maqsud
Həsənov
Palitra 2019.-3 aprel.- S.13.