Amerikalı ekspert:
“Ermənilər Azərbaycanda çoxsaylı mədəni və
dini abidələri dağıdıb”
2016-cı ildə başqa bir hərarətlə doğan Aprel Günəşi illərlə baxımsız qalaraq sahibini gözləyən, doğma nəfəsə, doğma əllərə, doğma ayaq izlərinə həsrət qalan torpaqlara qızıl telləri ilə sanki sığal çəkdi. O torpaqlara ki, hər qarışı uğrunda Vətən oğulları qanını, canını əsirgəmədən vuruşaraq, azğın düşmən üzərində zəfər qazandı. Cəmi üç il əvvəl quşların belə məskən salmadığı, tankların əzdiyi, yad ayaqlar altında inləyən yaralı torpaqlara yeni bir nəfəs, yeni həyat verildi.
Sıralanan yüksəkliklər arxasında görünən Lələtəpə bu gün bahar libası geyinib. İgid oğullarımızın qanı ilə suvarılaraq müqəddəs bir məkana çevrilmiş bu Vətən torpağı yaz çiçəkləri ilə bəzənib. Tezliklə orada al lalələr də açacaq. Uğrunda şəhid olan, bu torpağı Vətən edən oğulların qanı rəngdə lalələr...
AZƏRTAC-ın bölgə müxbirinin üç il əvvəl, Aprel döyüşlərinin iştirakçısı olmuş hərbçilərimizdən aldığı müsahibələrə nəzər yetirəndə Azərbaycan əsgərinin mətanəti, mərdliyi, vətənpərvərliyi, yüksək döyüş ruhu bir daha açıq-aydın görünür.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən çavuş Oqtay İsmayılov: “Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısını aldıq və əks hücuma keçdik. Düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib, Lələtəpə yüksəkliyini ələ keçirdik. Döyüş ruhumuz yüksəkdir. Hər an düşmənin üzərinə gedib onu məhv etməyə, yağı tapdağında olan torpaqlarımızı azad etməyə hazırıq”.
“Düşməni məhv etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”
Lələtəpə yüksəkliyinin azad edilməsində istehkamçıların da böyük rolu olub. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən zabit Orxan Mahmudov: “İstehkamçı olaraq qarşımızda qoyulan tapşırığı düzgün və vaxtında yerinə yetirdik, düşmənin mina sahəsində keçidlər açdıq. Texnikalarımız həmin keçidlərdən düşmən üzərinə itkisiz gedə bildi. Nəticədə erməni hərbçiləri xeyli itki verdilər. Ali Baş Komandan tərəfindən medalla təltif olunmağım məni daha da ruhlandırır. Düşməni məhv etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.
Zabit Zülfü
Rzayev isə “İgidliyə görə”
medalı ilə təltif olunub:
“Düşmənin mövqeyi daha yaxşı idi. Həm
bizim mövqeləri, həm də
yaşayış məntəqələrini atəşə tuturdu. Aprelin 1-dən 2-nə
keçən gecə hücuma keçən
düşməni geri oturtduq
və əks hücumla onları qaçmağa vadar etdik. Düşmənin mühəndis-istehkam
baxımından möhkəmləndirdiyi birinci
müdafiə xəttini yarıb, Lələtəpə
yüksəkliyini işğaldan azad etdik.
Torpaqlarımızı işğaldan tam azad etmək üçün əmr gözləyirik.
Döyüşlərdəki xidmətimizi qiymətləndirdiyinə
görə Ali Baş
Komandana minnətdarlığımı
bildirirəm”.
“Son qarış torpağımızı azad edənədək döyüşəcəyik”
Bəşir Yolçuyev isə tankçıdır. Aprelin əvvəllərində Füzuli cəbhəsində gedən döyüşlərdə fəal iştirakına görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib: “Qarşıya qoyulmuş tapşırığı vaxtında yerinə yetirərək, düşmənin ön mövqelərini, səngərlərini ələ keçirdik. Qəfil hücumumuzdan qorxuya düşən düşmən texnikasını, silah-sursatını və məhv olmuş hərbçilərini qoyub qaçdı. Qoy bilsinlər ki, biz bununla kifayətlənməyəcəyik. Son qarış torpağımızı azad edənədək döyüşəcəyik”.
Aprel zəfəri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini düşməndən azad etdi, minlərlə hektar əraziyə isə nəzarət etmək imkanı qazandı. Bu zəfər, eyni zamanda, dünyaya səs salan Cocuq Mərcanlıya da həyat verdi. Bu gün xarici diplomatların, media nümayəndələrinin, qonaqların tez-tez baş çəkdikləri Cocuq Mərcanlıda erməni hərbçiləri daşı-daş üstündə qoymamışdı. 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olundu. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda 150 ev, məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi, Şuşa məscidinin bənzəri olan məscid, elektrik yarımstansiyası tikilib, qaz, elektrik, rabitə, içməli su xətləri, avtomobil yolu çəkilib. Yenidən qurulan kənddə “Qayıdış” parkı da inşa edilib.
Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar. Ötən ay isə bu kənddə uzun illərdən sonra hər tərəfə ilk dəfə toy sədası yayılıb. Aynurə Həziyeva ilə Akif Fərhadovun toy mərasimi keçirilib. Mərasimdə kənd sakinləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar da iştirak edib, sevinclərini bölüşüblər.
Bəli, işğaldan azad edilən torpaqlarda bu gün həyat qaynayır. İllərlə əkilib-becərilməyən torpaqlar indi öz sahibinin əlindədir, hər kəs öz təsərrüfatında işlə məşğuldur. İndi bu torpaqlarda yamyaşıl taxıl zəmiləri uzanır. Uzun illərdən sonra əkin-biçin işləri aparılır. Doğru demişlər ki, torpağı əkib-becərməyəcəksənsə qorumağa, qorumayacaqsansa əkib-becərməyə dəyməz. Bu gün düşmən tapdağından azad olub əkilib-biçilən bu torpaqları qüdrətli ordu və mətin xalq qoruyur. İrəlidə isə hələ azad olunacaq, abadlaşacaq, əkilib-biçiləcək torpaqlarımız var. O torpaqlar da tezliklə Aprel zəfəri kimi üzərində doğacaq Günəşi gözləyir.
“Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir”
Yeri gəlmişkən, amerikalı
ekspert Piter Teysinin İspaniyanın
"21-ci əsrin gündəliyi"
adlı xəbər portalında dərc edilən "Ermənistanın
Azərbaycana qarşı
faşist təbliğatı"
adlı məqaləsi
dərc olunub (Trend).
Məqalədə qeyd olunur: "Hər kəsə məlumdur ki, Ermənistanın Yerevan şəhərində
və bütün dünyadakı təbliğat
vasitələri davamlı
olaraq zəhmətsevər
və səmimi Azərbaycan xalqını
sarsıtmağa istiqamətlənib.
2019-cu il fevralın 18-də mərkəzi
Nyu York şəhərində
yerləşən “Hyperallergic”
elektron portalında qədim Azərbaycan torpağı olan Naxçıvan ərazisində
guya Ermənistanın
dini və mədəni abidələrinin
olması və həmin abidələrin qiymətləndirilməsi barədə
kifayət qədər
geniş həcmli məqalə dərc edilib. Əslində məqalədə qeyd olunan dini
və digər mədəniyyət abidələri
minillik mədəni tarixi olan qədim
Azərbaycan dövlətinə
- Qafqaz Albaniyasına və Azərbaycan xalqına aiddir. Qeyri-mötəbər məlumatların əks olunduğu məqalənin müəllifləri
olan Sara Pikman və Simon Maqakyan Azərbaycan xalqına və hökumətinə
qarşı əsassız
ittihamlar yönəltmişlər.
Hər iki müəllifin əsas məqsədi kimi Naxçıvan əhalisinin heysiyyatına
toxunmaq və qədim Azərbaycanla bağlı faktları saxtalaşdırmaq olub.
Bununla onlar Azərbaycan hökumətinin ünvanına
böhtan yağdıraraq
ümumilikdə Qafqaz
xalqlarının birgə
xatirəsinə hörmətsizlik
ediblər".
P.Teys yazır ki, Azərbaycan isə Ermənistan xalqına məxsus mədəni və dini abidələrin
qorunmasına böyük
diqqət ayırır:
"Bakı şəhərinin
mərkəzində 5500 nəşrdən
ibarət kitabxananın
olduğu erməni kilsəsi mövcuddur və bu dini
abidənin qorunmasına
Azərbaycan hökuməti
tərəfindən kifayət
qədər resurs ayrılıb. Burada bir haşiyə çıxmaq lazımdır
ki, Azərbaycan Respublikasının ərazisinin
20 faizi məhz Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilib, işğal olunmuş ərazilərdə mövcud
olmuş, Azərbaycan
xalqının qədim
tarixini özündə
əks etdirən bütün mədəni və dini abidələr
dağıdılıb. İşğal nəticəsində Dağlıq
Qarabağ və yeddi ətraf rayonda yaşayan azərbaycanlılar zorla öz doğma yurdlarından didərgin salınıb".
Məqalədə bildirilir ki, S.Pikman və S.Maqakyan yanlış məlumatlarla oxuyucuda çaşqınlıq yaradır, qədim Azərbaycan tarixini inkar edir, açıq şəkildə Naxçıvan Muxtar Respublikasının hər kəsə məlum olan tarixinə ləkə yaxmağa, elmi faktları təhrif etməyə çalışırlar: "Hər iki müəllif faşist təbliğatı apararaq mətn boyu reallıqları əks etdirməyən məlumatlar və məqsədli şəkildə təhrif olunmuş şəkillər vasitəsilə Azərbaycanın minilliklər boyu mövcud olan mədəniyyəti və tarixinə ləkə yaxmaqla, Naxçıvanın zəngin tarixini inkar etməklə, Azərbaycanın bu regionunu Ermənistanın “mədəni orbiti”nə daxil etməklə rəğbət qazanmağa cəhd göstərirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan Qafqazda mövcud olan multikulturalizmi inkar edir və sülh və tərəqqiyə bağlı olmaq əvəzinə, qonşu Azərbaycan torpaqlarının işğalı hesabına öz ərazilərini genişləndirib. Həmmüəlliflər bir faktı da yaddan çıxarıblar ki, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarında zorla çıxarılıb, ölkənin digər ərazilərinə pənah gətiriblər.
Belçikalı tarixçi və jurnalist, professor Jeton Kelmendi qeyd edir ki, qədim Azərbaycan tarixinin özünəməxsus izləri ölkənin digər əraziləri ilə yanaşı, Naxçıvanda da özünü göstərir, bu qədim tarixin qalıqlarına hazırkı Ermənistanın müxtəlif bölgələrində də rast gəlmək olar. Azərbaycan mədəniyyətinin izlərinə Ermənistanın paytaxtı Yerevan şəhərində də təsadüf edilir. Azərbaycan xalqına və mədəniyyətinə qərəzli yanaşma elmi faktlara və arxeoloji qazıntılara etinasız yanaşmaqdan başqa bir şey deyil".
Fuad Hüseynzadə
Palitra 2019.- 5 aprel.- S.11.