Beynəlxalq təşkilatda Ermənistanın
növbəti təxribatının qarşısı
alınır
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın aprelin 6-dan 10-dək Qətərin paytaxtı Dohada keçirilən “Sülh, təhlükəsizlik və qanunun aliliyi üzrə təhsilin səviyyəsinin artırılmasında parlamentlərin rolu” mövzusunda 140-cı Assambleyasında iştirak ediblər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə dünyanın 150-dən çox ölkəsindən 2200-dən çox nümayəndə qatılıb. Açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron və baş katibi Martin Çunqonq çıxış ediblər, sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüraciəti nümayiş etdirilib.
Milli Məclisin deputatı Şahin İsmayılov Assambleyanın Gənc Parlamentarilərinin Forumunda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib, ötən il Bakıda təşkil olunmuş Gənc Parlamentarilərin V Qlobal Konfransından bəhs edib.
Forumda həmin konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.
Assambleyanın Sülh və beynəlxalq təhlükəsizlik üzrə Daimi Komitəsinin iclasında “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. Qurumun həmməruzəçiləri Xalid Al Bakkar ilə Boris Tarasyukun hazırladığı həmin sənədə dair 20 dövlət tərəfindən təqdim olunmuş 120-dən çox təklif müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti adından qətnamə layihəsinə təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayan Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizdə bu sahədə qüvvədə olan qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə Forum iştirakçılarını geniş məlumatlandırıb. Bildirib ki, təklif olunan dəyişikliklər “Sülhü sarsıdan və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi” adlı qətnaməyə dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı ifadəsinin də əlavə olunmasını nəzərdə tutur. İclasda dəyişiklik səsə qoyulub və Ermənistan tərəfinin etirazlarına baxmayaraq yekdilliklə qəbul edilib.
Bildirilir ki, Assambleyada Ermənistan nümayəndə heyəti növbəti təxribata əl ataraq qətnamə layihəsinə dair bütün mətn üzrə ərazi bütövlüyü ifadəsinin çıxarılmasını və xalqların öz müqəddəratını təyin etmək hüququ ifadəsinin əlavə olunmasını nəzərdə tutan 9 təklif irəli sürüb. Həmin təkliflərin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti qəti etiraz bildirib, o təkliflərin qəbuledilməzliyini və heç bir məntiqə sığmadığını əsaslandırıb, onların rədd edilməsi təkid olunubdur. Səsvermə nəticəsində Ermənistan deputatlarının irəli sürdüyü təkliflərin heç biri qəbul edilməyib, əksinə, qətnamə layihəsinin adında ərazi bütövlüyü ifadəsinin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Qətnamənin yekun layihəsi Parlamentlərarası İttifaqın Assambleyasında səsə qoyularaq qəbul edilib.
Assambleyanın işində Milli Məclisin nümayəndə heyəti ilə birgə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edib.
AŞPA-da erməni deputat mövzudan kənar çıxış etdiyinə görə mikrofonu söndürülüb
Bu arada AŞPA-nın yaz sessiyası çərçivəsində Assambleyanın qaydalarında müəyyən müddəaların dəyişdirilməsinə dair müzakirələr zamanı erməni deputat Mikayel Melkumyan yenidən təxribata əl atıb. AZƏRTAC xəbər verir ki, o, Azərbaycan deputatlarını Dağlıq Qarabağla bağlı yalanlar söyləməkdə ittiham etməyə başlayıb. Ancaq AŞPA-nın prezidenti Lilyan Paskye onu dayandıraraq mövzudan kənara çıxmamağa çağırıb. Erməni nümayəndə qurumun rəhbərinin iradına qulaq asmayıb davam edəndə onun mikrofonu söndürülüb. AŞPA-nın prezidenti mikrofonsuz qışqıraraq danışan erməni deputatı qışqırmamağa, sakitləşməyə çağırıb. Bildirib ki, qışqırmaq lazım deyil, onun söylədiklərinin müzakirə olunan mövzuya heç bir aidiyyəti yoxdur. Lilyan Paskye erməni deputatı qurumun qaydalarına riayət etməyə çağırıb.
“Ermənistan siyasi rəhbərliyinin və ekspert dairələrinin çaşqınlığı və narahatlığı açıq hiss edilir”
Yeri gəlmişkən, “Newtimes.az” saytında “Vyanadan sonrakı çaşqınlıq: Ermənistan hakimiyyətini sarsıdan həqiqətlər” başlığında yazı dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmasından sonra erməni mediası absurd və bir-birinə zidd olan informasiyalar yayır: “Görünür, onlar danışıqların əsl məzmununun geniş ictimaiyyətə məlum olmasından narahatdırlar. Gah Vladimir Putini ittiham edir, gah da İlham Əliyevin sözlərini təhrif etməyə çalışırlar. Ekspertlər isə obyektiv olaraq Azərbaycanın Ermənistanı həm diplomatiyada, həm iqtisadi inkişafda, həm də ordu quruculuğunda xeyli üstələdiyini, geosiyasi aspektdə də Azərbaycanın düşməndən çox üstün olduğunu qeyd edirlər. Bütün bu məqamların fonunda Ermənistan siyasi rəhbərliyinin və ekspert dairələrinin çaşqınlığı və narahatlığı açıq hiss edilir. Həmin bağlılıqda münaqişənin sülh yolu ilə tənzimlənməsi çərçivəsində mövcud vəziyyətin geosiyasi təhlili üzərində geniş dayanmaq istərdik”.
Yazıda bildirilir ki, Azərbaycan Prezidenti ilə Vyanada Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmək Nikol Paşinyana nəsib olandan sonra rəsmi İrəvan növbəti saxta təbliğat kampaniyasına başlayıb: “Bu prosesin səthi analizi belə göstərir ki, ermənilər zərrə qədər də olsa ağıllanmayıblar. Əksinə, daha çaşqın, məntiqsiz davranırlar. Onların izah kimi qələmə verməyə çalışdıqları məsələlər reallıqda tamamilə fərqli məntiqə uyğun təhlil edilə bilər. Belə ki, münaqişənin ədalətli həllindən yayınmaq üçün müxtəlif ssenarilər uydurur və onlara uyğun nəticələr çıxarmağa çalışırlar.
Vyana görüşündən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə telefon danışığı aparan Rusiya Prezidenti Vladimir Putin açıq ifadə edib ki, münaqişənin həlli üçün danışıqlar prosesini sürətləndirmək lazımdır. Münaqişə edən tərəflərin birbaşa müzakirələr aparmasını da ancaq alqışlamaq olar. Məntiqə uyğun olaraq Azərbaycan Prezidenti Vyana görüşü ilə bağlı fikirlərini V.Putinlə bölüşməli idi. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Eynilə, N.Paşinyan da V.Putinə təəssüratlarını danışmalı idi. Bu da təbiidir ki, V.Putin münaqişənin həllinə daha təsirli yardım etməyə hazır olduğunu ifadə edib”.
Maqalədə vurğulanır ki, erməni nəşrləri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində diplomatik uğursuzluğundan yazır: “Məsələn "Past" qəzeti vurğulayır ki, N.Paşinyan xarici işlər naziri Zöhrab Mnatsakanyanı Moskvaya göndərərək Minsk qrupu həmsədrlərinin Vyana müzakirələrinin nəticələrinə dair birgə bəyanatında erməni baş nazirin əvvəllər ifadə etdiyi fikirlərin heç olmasa bir qisminin yüngül formada da olsa, qeyd edilməsinə nail olmasını istəyib. Ancaq nazir əliboş qayıdıb və bundan N.Paşinyan bərk qəzəblənib. Bu hadisəni qəzet Z.Mnatsakanyanın "ilk ciddi imtahandan kəsilməsi" kimi xarakterizə edir.
Fuad Hüseynzadə
Palitra 2019.- 12 aprel.- S.11.