“Sülh
danışıqları rəsmi İrəvan tərəfindən
qəsdən yubadılır”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Örl Litzenberqer ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Z.Həsənov səfiri yeni təyinatı ilə əlaqədar təbrik edərək onun ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edən Müdafiə naziri hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir təəssüf hissi ilə bildirib ki, bir sıra aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bəzi münaqişələrdə iştirak edən tərəflərə təsir göstərdikləri halda, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verirlər.
Ö.Litzenberqer də öz növbəsində Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edən amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. İki ölkə arasında hərbi əməkdaşlığa toxunan Ö.Litzenberqer Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən missiyada iştirakından məmnunluq ifadə edib.
Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
“Moskva görüş zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib”
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada görüşü keçirilib. Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov söyləyib deyib ki, aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçdi (AZƏRTAC).
Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib.
Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Politoloq Arzu Nağıyev nazirlərin görüşünü şərh edərkən deyib ki, görüş zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib.
Onun sözlərinə görə, Moskva görüşü humanitar sahədə üç vacib məqamı müəyyən edib:“İlk növbədə, nazirlər əsirlikdə saxlanılan hərbçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə zonasında sabit vəziyyətin saxlannması barədə razılığa gəliblər”.
Politoloqun fikrincə, bu üç məqam humanitar əməkdaşlığa aid olan substantiv danışıqların vacib komponentləridir. O qeyd edib ki, görüşün yekunlarına əsasən, humanitar məsələlərin həllinə doğru addımlar atılıb, amma qlobal baxımdan münaqişə nizamlanmamış qalır:
“Fikrimcə, bu görüşün ardınca növbəti görüş baş tutmalıdır, amma bu üç razılaşmanın icra olunmasından sonra. Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə Azərbaycanın mövqeyi dəyişməz qalır: biz birmənalı olaraq hesab edirik ki, çoxillik problemin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı, erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması və qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması şərti ilə mümkündür”.
“Bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir”
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, bütün dünya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olduğunu qəbul edir (Trend). Nazir qeyd edib ki, buna baxmayaraq Ermənistan işğal etdiyi torpaqları azad etmir.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
Türkiyəli millət vəkili Metin Gündoğdu isə İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında deyib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Ermənistan bunu bilməlidir (Trend).
Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla bağlı mövqeyi və iki ölkə arasında qardaşlıq münasibətləri dəyişməz qalacaq. O vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli və münaqişənin nizamlanması üçün zəruri şərtləri yerinə yetirməlidir.
Palitra 2019.- 10 aprel.- S.11.
Fuad Hüseynzadə