Azərbaycan dövlətçilik tarixinin
inkişaf mərhələlərinə ümumi bir
baxış
Dos.Dr. Mübariz
Zahid oğlu Ağalarlı
Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutu
əvvəli və ardı var
XV əsrin əvvəlləri Azərbaycan dövlətçilik
tarixinin intibah dövrüdür. Bu dövrdə Yusif bəy
Baharlu Azərbaycanda Teymurilərin siyasi hakimiyyətinə son
qoyaraq, yerli dövlətçilik sistemini bərpa etdi. 1408-ci ildə Qaraqoyunlularla Teymurilər arasında
baş verən son döyüşdə teymuri Əbu Bəkr
məğlub edildi, atası Miranşah isə
öldürüldü. Beləliklə, Azərbaycanda
Teymurilərin hakimiyyətinə son qoyuldu.
Qara Yusif Azərbaycanı Teymurilərin
işğalından azad etdikdən sonra faktiki olaraq Azərbaycanda
hökmdar olsa da bu hələlik rəsmi xarakter
daşımırdı. Cünki Azərbaycanın rəsmi
hökmdarı Cəlairilər sülaləsinin nümayəndəsi
Sultan Əhməd idi. Azərbaycan teymurilər tərəfindən
işğal olunduqdan sonra Sultan Əhmədin Əmir Teymur tərəfindən,
rəsmi hökmdarlıq statusu ləğv edilsə də, Teymuri
işğalı sona çatdıqdan sonra Azərbaycan hakimiyyəti
uğrunda mübarizə aparan Sultan Əhməd Cəlairi
hökmdar statusunu özündə saxlayırdı.
Azərbaycanın faktiki hökmdarı olan Qara Yusif
öz hakimiyyətini rəsmiləşdirmək
üçün Cəlairi Sultan Əhmədə qarşı
mübarizəyə başladı. Qara Yusiflə Sultan
Əhməd arasında, 1410-cu ilin avqust ayının 30-da Təbriz
yaxınlığında baş verən döyüşdə
Cəlairi hökmdarı məğlub oldu. Bu
döyöşdə həbs edilən Sultan Əhməd Qara
Yusifin oğlu Pirbudağın Azərbaycanı, Qaraqoyunlu
hökmdarının digər oğlu Qiyasəddin Şah Məhəmmədin
isə İraqi-Ərəbi idarə etməsi haqqında rəsmi
yarlıq (fərman) verdi. Bununla
da Sultan Əhməd Azərbaycanda və İraqi-Ərəbdə
hakimiyyətin Cəlairilər sülaləsindən
Qaraqoyunlu-Baharlu sülaləsinə keçdiyini rəsmən
təsdiq etdi.
1411-ci ildə
Təbrizdə çağırılan Azərbaycan əyanlarının
məclisində, Cəlairi hökmdarının
Pirbudağın adına
yazılmış yarlığı (rəsmi şah sənədi)
əsasında Pirbudaq Azərbaycanın rəsmi
hökmdarı elan edildi.Bununla da Azərbaycanda yerli türk
Qaraqoyunlu-Baharlı sülaləsinin hakimiyyətinin əsası
qoyuldu. Həmçinin Yusif bəy Baharlu “Bağdadın və
Azərbaycan”ın hakimi olan Sultan Əhməd Cəlairidən
oğlu Pirbudağın adına rəsmi
yarlıq (fərman) alaraq, Azərbaycan və Bağdadda Baharlu
sülaləsinin siyasi hakimiyyətinin hüquqi əsasını
təsbit edərək legitimləşdirdi.
Osmanlı
sultanı Mehmed Çələbi (1413-1421) Qaraqoyunlu
sarayına göndərdiyi məktublarda, Qara Yusifi “padşah”,
yaxud da “sultani-səlatin ət-türk...Qara Yusif bahadır”
(türk sultanlarının sultanı) adlandırmış,
onu hökmdar kimi tanımışdı.
Azərbaycanda
Qaraqoyunlu-Baharlu sülaləsinin hakimiyyətə gəlişi
ilə Yaxın Şərq bölgəsində böyük
siyasi dəyişikliklər baş verdi. Qaraqoyunlu dövlətinin yaranması, Yaxın Şərqdə
baş verən siyasi hadisələrdə müəyyən
bir sabitlik yaratdı. Qaraqoyunlu-Baharlı
sülaləsinin Azərbaycanda hakimiyyətə gəlməsi
ilə, Teymurilərın Azərbaycanda qısa zamanda hökm
sürmüş siyasi hakimiyyətinə son qoyulmuş və
yerli hakimiyyət sistemi yenidən bərpa edilmişdi. Azərbaycanda yerli idarəçilik sisteminin
yaranması bu dövlətin istər sosial-iqtisadi, istər
siyasi, istərsə də mədəni həyatının
inkişafı üçün böyük zəmin
yaratdı.
Bu dövrdə dövlətin iqtisadi və siyasi cəhətdən
inkişafı üçün, Qaraqoyunlu hakimiyyətinin
yeritdiyi xarici siyasətin böyük əhəmiyyəti var
idi. Çünki bu dövrdə Qaraqoyunlu dövlətinin
siyasi mövqeyi və iqtisadi resursları, Avropa ilə Asiya
arasında mövcud olan bir neçə böyük ticarət
yollarının bu ərazidən keçməsi dövlətin
xarici siyasi əlaqələrinin inkişafını zəruri
edirdi. Bu baxımdan Qaraqoyunlu hökmdarları
dövlətin xarici siyasətinin inkişafına ciddi önəm
verirdi. Digər tərəfdən Yaxın Şərqin
böyük bir etno-siyasi məkanını özündə
birləşdirən Qaraqoyunlu dövləti, siyasi güc mərkəzi
kimi teymurilərin Yaxın Şərqdə və Anadoluda
siyasi hegemonluğunun qarşısını aldı və
Ankara döyüşündən (1402) sonra siyasi
mövcudluğu təhlükə qarşısında qalan
Osmanlı imperiyasını teymuri axınlarından xilas
etmiş oldu.
1468-ci ildə
Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyətə
Ağqoyunlu-Bayandur sülaləsi gəldi. Ağqoyunlu sülaləsinin hakimiyyəti
dövründə dövlətin ərazisi daha da genişləndi,
siyasi və iqtisadi sistemi daha da təkmilləşdi.
Orta əsrlər dövrü Azərbaycan dövlətçilik
tarixində Səfəvi dövlətinin xüsusi yeri
vardır. Azərbaycan Səfəvi dövləti öz siyasi
coğrafiyasına, əhalisinin sayına, daha mükəmməl
dini –siyasi sisteminə, həmçinin
uzunömürlülüyünə görə digər Azərbaycan
dövlətlərindən fərqlənir və imperiya
xarakterlidir.
1501-ci ildə İsmayıl Səfəvi Şərur
düzündə baş verən döyüşdə
Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub
edərək, paytaxt Təbrizə daxil oldu və ana babası
Həsən padşahın siyasi varisi kimi şahlıq
taxt-tacına əyləşdi. Dövlətin dini əsasını
Şiə-Qızılbaş təriqəti elan edən
Şah I İsmayıl “On iki İmam” adına
xütbə oxutdu və öz adına sikkə kəsdirdi. Beləliklə, Şah I İsmayıl Ağqoyunlu
sülaləsinin siyasi varisi kimi (I Şah İsmayılın
anası Aləmşah bəyim Uzun Həsənın
qızı idi-A.M.) Azərbaycanda hakimiyyətə
gələrək, Səfəvilər sülaləsinin rəsmi
hakimiyyətini elan etdi.
Azərbaycanda səfəvilərin siyasi hakimiyyətinin
möhkəmlənməsi ilə dövlətin daxili və
xarici siyasi əlaqələrində yenidən canlanma
müşahidə olunmağa və qonşu dövlətlərlə
siyasi və diplomatik münasibətlər inkişaf etməyə
başladı.
Bu dövrdə dövlətin sərhədlərinin
genişləndirilməsi, qonşu dövlətlərlə
iqtisadi-ticarət və diplomatik əlaqələrin
inkişafı Səfəvi hakimiyyətinin xarici siyasətinin
əsasını təşkil edirdi.
Səfəvi
dövlətinin yaranması ilə bağlı tarixçi
Fernand Grenardın fikirləri də maraqlıdır: “ Şah İsmayıl on üç
yaşına gəldiyi zaman yeddi silahdaşı ilə bərabər
əsasını yeddi türk tayfası təşkil edən
tərəfdarlarını topladı. Türkman
hökmdarını məğlub edərək Təbrizə
girdi və 1501-ci ildə tac qoydu. Qısa
zamanda onun hakimiyyəti Fəratdan Qəndahara, Qafqazdan Hind
okeanına qədər, 2.800.000 kilometrlik bir ərazini əhatə
etməyə başladı... Biz bir millətin
yenidən quruluşunu gördük. Bu yeni
siyasi birlikdə din, irq, vətən fikirləri yoxdur. Böyük əyalətlərdən çoxu
türkcə və ya ərəbcə danışır,
iranlı deyildirlər. Səfəvi
sarayında türkcə daha uzun müddət hökmran olacaqdır”.
Azərbaycan Səfəvi dövləti 1510-cu ildə
Özbək qoşunlarını Mərv
döyüşündə məğlub edərək siyasi
hüdudlarını daha da genişləndirdi və dövlət
imperiyaya çevrildi.
Azərbaycan,
Şərqi Anadolu, İraqi-Ərəb, İraqi-Əcəm,
Fars və Xorasan vilayətlərini öz hüdudları
daxilində birləşdirən və Azərbaycan
Ağqoyunlu dövlətinin etno-siyasi irsinin
daşıyıcısı olan Azərbaycan Səfəvi
imperiyasının yaranması ilə dövlətin daxili və
xarici siyasi əlaqələrində yenidən canlanma
müşahidə olunmağa və qonşu dövlətlərlə
siyasi və diplomatik münasibətlər inkişaf etməyə
başladı. Bu dövrdə dövlətin sərhədlərinin
genişləndirilməsi, qonşu dövlətlərlə
iqtisadi-ticarət və diplomatik əlaqələrin
inkişafı Səfəvi hakimiyyətinin xarici siyasətinin
əsasını təşkil edirdi.
1555-ci ildə
(21 may) Osmanlı imperiyası ilə bağlanan Amasya müqviləsi,
Səfəvi dövlətinin əraziləri olan Şərqi
Anadolunun böyük bir hissəsini, Qars, Ərdahan, Ərdalan
əyalətinin bir hissəsini, İraq-i Ərəb ərazilərini
Osmanlı imperiyasının tərkibinə keçməsini
hüquqi cəhətdən təsdiq etdi.
Təəssüflə qeyd edək ki, dünya tarix elmində
Azərbaycan Səfəvi dövləti İran dövləti
kimi təqdim olunur, hətta
İrançılıq-farsçılıq məfkurəsinin
təməl qaynağı hesab edilir, bəzən müasir
İran dövlətinin sələfi olduğu iddiası irəli
sürülür. Ən təhlükəli tendensiya isə ondan ibarətdir
ki, Səfəvilər sülaləsinin Azərbaycan dövlətçilik
tarixindəki əhəmiyyətli rolu birmənalı şəkildə
inkar edilir, bu dövlət tariximizin sonrakı mərhələlərində
yaranan Azərbaycan dövlətlərinin deyil, İran dövlətinin
sələfi kimi təqdim olunur.
İlk öncə qeyd edək ki, siyasi və ideoloji
baxımdan İran dövləti və
İrançılıq-farsçılıq
anlayışları XIX əsrin ortaları-XX əsrin əvvəllərində
ortaya atılmış bir siyasi-ideoloji cərəyandır. Bu məfkurə
sisteminin təməlinin siyasi və dövlətçilik
baxımından orta əsrlər dövrünə və Səfəvilər
dövlətinə bağlamaq tamamilə yanlışdır.
Çünki orta əsr ərəb və fars
qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə
də, bu “dövlətin” siyasi hüdudları və sərhədləri
haqqında heç bir məlumat verilmir. Hətta
Avropa mənbələrində “Persia” kimi təqdim olunan bu
coğrafi ərazinin siyasi hüdudları haqqında heç
bir məlumat yoxdur. Bəzi fars
qaynaqları İran şəhərləri haqqında məlumat
verərkən belə yalnız Fars vilayətinə məxsus
olan şəhərləri qeyd edirlər. İran
coğrafi məfhumuna daha çox əsatirlərdə, rəvayətlərdə
və bədii əsərlərdə rast gəlinir. Firdovsinin məlum “Şahnamə”si bu tipli bədii əsərlərdəndir.
Qeyd edildiyi kimi, ərəb qaynaqlarında dəfələrlə
Azərbaycanın siyasi hüdudları və sərhədləri
qeyd olunduğu halda bu faktı “İran dövlətinə”
şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə,
bədii əsərlərdə və bəzi tarixi əsərlərdə
vurğulanan, siyasi hüdudları haqqında heç bir məlumat
olmayan, yalnız XX əsrdə siyasi səhnəyə
çıxan (1936) İran dövlətini Səfəvi
dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası
olmayan subyektiv mülahizələrdən başqa bir şey
deyildir.
İrançılığın-farsçılığın
siyasi və ideoloji təməlini təşkil edən
İslamın Şiə məzhəbinin siyasi gündəmə
gəlməsində Səfəvilər dövlətinin rolunu
qeyd etmək doğru deyildir. Çünki Səfəvi
sülaləsinin nəsil şəcərəsinə
baxdığımızda onların təkkə və təriqət
fəaliyyəti dövründə sufilik təriqətinə
mənsubiyyətlərinin şahidi oluruq. Şah
İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra
İmamiliyi (imamilik anlayışı müasir İran şiəliyindən
fərqli anlayışdır) dövlətin dini
ideologiyasına çevirmişdir. Bu haqda orta əsr
tarixçisi Əmir Mahmud Xandəmir“Zeyl-e tarix-e Həbibüs-siyər”
əsərində yazır: “... Qalib padşah
(Şah İsmayıl) məqsədinə
çatdığına görə səltənət
bayrağını dalğalandırdı, türkmanlarin (ağqoyunluların)
zülmünü həmin məmləkətdə aradan
qaldırdı. Sünniliyin qələbəsi
üzündən uzun müddət ərzində kölgədə
qalan İmamiyyə məzhəbini yenidən yüksəldərək
zahirə çıxartdı və məsum imamalrın ( s) adların yenidən ucaldaraq onlara ziynət
verdi... həmin dövrdə Azərbaycan məmləkəti
qazilərin qılıncının hesabına cahillərdən
və təəssübkeşlərdən təmizləndi,
haqq dini və on iki imam məzhəbi rəvac və rövnəq
tapdı”.
Orta əsr teokratik müsəlman
cəmiyyətində ədalətlilik prinsiplərini
özündə ehtiva edən İmamiliyin Səfəvi
dövlətinin dini ideologiyası elan edilməsi bütün
hallarda məntiqlidir. Çünki Azərbaycanda Səfəvilər
sülaləsinin hakimiyyətə gəlişi ərəfəsində
Azərbaycanda və digər müsəlman-türk
dövlətlərində mövcud olan sosial-siyasi və dini məzhəb
narazılıqları fonunda alternativlərə ehtiyac duyulur və
bunu zəruri edirdi. Məhz bu prizmadan
baxdığımızda Şah İsmayıl Səfəvinin
çoxmillətli bir dövlətdə İmamiliyi dövlətin
dini ideologiyasına çevirməsi mövcud zərurətdən
doğan bir gerçəklik idi. Onu da qeyd edək
ki, İslam dininin məzhəblərə bölünməsi
prosesi VII əsrdə ərəb-müsəlman cəmiyyətində
baş vermiş və Səfəvilərə qədərki
bir çox müsəlman dövlətləri şiə məzhəb
siyasətindən öz siyasi və dini məqsədləri
naminə istifadə etmişlər.
Palitra.-2019.-23 aprel.-S.10.