"Dünyada Azərbaycana olan maraq artır"

 

Vüqar Yusifov: “Belarusla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün dəfələrlə iş adamları ilə birgə görüşlər keçirmişik”

 

Azərbaycan 4-cü dəfədir ki, Formula 1 yarışlarına ev sahibliyi etdi. Bu yarışların ölkəmizdə keçirilməsi xaricdəki soydaşlarımız tərəfindən də müsbət qarşılanıb. Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavini Vüqar Yusifov “Palitra”ya müsahibəsində bu haqda öz fikirlərini bildirib.

 

- Vüqar müəllim, öncə sizi tanımaq istərdik...

 

- 1994-cü ildən Belarusda yaşayıram. Belarus Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil almışam. Dünyanın bir çox ölkələrində çalışmışam. Hazırda ailəmlə Minskdə yaşayıram. Buranı həm də ikinci vətənimiz kimi qəbul etmişik. Biz çox çalışırıq və bununla da ölkəmizin ümumi inkişafına töhfə veririk. Tarixi vətənimizi unutmamışıq və unutmayacağıq. İki ölkənin biznesini birləşdirmək üçün çox səy göstəririk. Belarusla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün dəfələrlə iş adamları ilə birgə görüşlər keçirmişik.

 

- Bildiyiniz kimi, ölkəmizdə Formula 1 yarışları keçirilir. Xaricdən bu yarışların Azərbaycanda keçirilməsi necə görünür?

 

- Mən çox şadam ki, son illərdə Azərbaycanda Formula 1 də daxil olmaqla, bir çox beynəlxalq idman yarışları keçirilib. Bu cür fəaliyyətdən sonra biz digər ölkələrin vətəndaşlarından Azərbaycanı ziyarət etmək arzusunu eşidirdik. Hərçənd, əvvəllər burada hər kəs Gürcüstanı tərifləyirdi. Azərbaycan öz mövqeyini tədricən bərpa edir və müxtəlif ölkələrdən daha çox qonaqları cəlb edir. Azərbaycana olan maraq açıq şəkildə artır. Vəziyyəti dünya səviyyəsində dəyərləndirsək, çoxmilyonlu tamaşaçısı olan beynəlxalq yarışlardan sonra Azərbaycan xaricdə tanındı və bu ölkə ilə maraqlanmağa başladılar. Belə tədbirlərdən sonra Azərbaycanın qlobal siyasi arenada mövqeyi daha da gücləncək və ölkəmiz investorlar üçün daha maraqlı olacaq.

 

Vəziyyəti dünya səviyyəsində dəyərləndirsək, çoxmilyonlu tamaşaçısı olan beynəlxalq yarışlardan sonra Azərbaycan xaricdə tanındı və bu ölkə ilə maraqlanmağa başladılar. Keçmiş Sovet ölkələrindən az sayda respublika belə böyük miqyaslı turnirlər keçirə bilər

 

- Azərbaycanın beynəlxalq imicinin artmasında belə tədbirlərin nə kimi rolu var?

 

- Əlbəttə ki, bu çox müsbət haldır. Keçmiş Sovet ölkələrindən az sayda respublika belə böyük miqyaslı turnirlər keçirə bilər. Bütün bunlar, ümumiyyətlə, Azərbaycanın imicini daha da artırır. Son illərdə Bakı da daxil olmaqla, Azərbaycanın bir çox şəhərlərinin görünüşü çox ciddi şəkildə dəyişmişdir. Azərbaycana milyardlarla dollarlıq investisiya cəlb edildi. Bütün bu işlər dünya səviyyəsində Azərbaycanın mövqeyini gücləndirir.

 

- Belarusdakı elmi dairələrlə nə kimi əməkdaşlıq edirsiz?

 

- Dövlətlərarası münasibətlər və konqres səviyyəsində təcrübə mübadiləsi aparılır. Bakıda, eləcə də Minskdə müxtəlif elmi konfranslar keçirilib.

 

 

Fuad Hüseynzadə

 

Palitra  2019.- 30 aprel.- S.7.