“Ermənistan tərəfi təxribatçı açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur

Ermənistan tərəfi təkcə təxribatçı fikirlərlə çıxış etmir, eyni zamanda təxribatçı addımlar atır. Belə ki, Ermənistan avqust aynın 6-da işğal altında qalan əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağda ümumerməni yay oyunlarına start verib. Milli Məclisin deputatı Rauf Əliyev “Trend”ə deyib ki, bu ideya Ermənistan rəhbərliyinin növbəti təxribatdır.

Deputatın sözlərinə görə, son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, "Formula 1" Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi Azərbaycanın durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir:

"Ermənistan rəhbərliyi Azərbaycanın bu uğurları qarşısında nə edəcəyini bilmir. Onların gücü ancaq müxtəlif təxribatlar törətməklə işğalçılıq siysətlərinin ömrünü uzatmaq istəyirlər. Bunun üçün isə hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İranGürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu isə Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olduğundan xəbər verir. Bu ölkə idmançılarının oyunlarda iştirakdan imtina etməsi Ermənistan rəhbərliyinin onsuz da aşağı olan nüfuzuna yeni bir zərbədir".

“Dağlıq Qarabağ - Azərbaycandır”

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər edərək Xankəndi şəhərində ümumerməni yay oyunlarının açılışında “Qarabağ – Ermənistandır” deyə açıqlma verib. N.Paşinyanın bu çıxışına dair Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirib (Trend). O, Ermənistanın baş nazirinin bu fikrinin Azərbaycan tərəfidən qəti şəkildə rədd edildiyini deyib. H.Hacıyev qeyd edib: "Dağlıq Qarabağ - Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyüsuverenliyini tanıyır və dəstələyir. Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcəkdir.

Ermənistan Baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır".

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir:

"Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir.

Bu açıqlama ilə Ermənistan baş naziri həmçinin öz-özünü inkar edirbir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir.

Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.

Ermənistan rəhbərliyini əmin etmək istərdik ki, Ermənistanın 2050-ci ildə inkişafına dair səsləndirilən məqsədlər utopiya olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsi cəhdi də fantaziyadan başqa bir şey deyildir".

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib ki, Ermənistan tərəfi bu təxribatçı və destruktiv açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur və ölkədaxili problemlərdən yayınmaq üçün qəsdən vəziyyəti gərginləşdirir:

"Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Heç kimin şübhəsi olmasın ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyüsuverenliyini, etnik təmizləməyə qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəkdir".

XİN: “Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq”

Yeri gəlmişkən, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

Qeyd edilir ki, bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir:

"Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu”.

Bəyanatda bildirlir ki, bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır: “Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcəkdir.

Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.

Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir".

Fuad Hüseynzadə

Palitra  2019.- 7 avqust.- S.6.