“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz

Natiq Bağırov: “Belarus xalqının Azərbaycanla bağlı keçirilən tədbirlərə marağı ildən-ilə artmaqdadır”

 

Azərbaycan turizminin xaricdə təbliğinin gücləndirilməsi bu günprioritetdir. Bu baxımdan diasporun da üzərinə məsuliyyət düşür. Diasporumuz bu istiqamətdə mütəşəkkil səviyyədə görərsə, Azərbaycana turist axınında çox böyük artım ola bilər. Amma etiraf olunmalıdır ki, bu xaricdə dövlət səviyyəsində aparılmalıdır. Bu gün Azərbaycana turist cəlb etmək üçün belə təbliğata Belarusda da ehtiyac var. Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov qəzetimizə müsahibəsində bu haqda ətraflı danışıb.

 

- Belarusdakı diasporumuz turizmin təbliği baxımdan nə dərəcədə aktivlik göstərir?

 

-Diaspor olaraq Belarusada uzun illərdir çoxlu sayda tanıtım tədbirləri keçirlib və keçirilməkdədir. Məsələn, 2018-ci ildə Belarus-Azərbaycan İcmaları Konqresi Azərbaycan Ticarət Evinin dəstəyi Minskdə Azərbaycan Mədəniyyət Günlərini keçirdi. Tədbirdə Azərbaycan xalq artistlərinin çıxışı yerli əhali tərəfindən gözəl qarşılandı. 5 min insanın iştirak etdiyi tədbirdə Azərbaycan mətbəxi də yüksək səviyyədə təşkil olunmuşdu. Hətta master klasslar keçirildi. Turizmə gəldikdə isə böyük bir ekranda Azərbaycanda olan tarixi abidələrimiz, İçərişəhər, müasir binalar haqqında danışdığımız tədbiri “Balı Bulbarı” adlandırmışdıq. Bu tədbir belaruslular tərəfindən çox bəyənildi.

Bu il isə 28 May-Respublika Günündə həm konsert, həm də əyləncəli oyunlar keçirildi. İyunun 20-də isə Minskdə II Avropa Oyunları ilə bağlı Azərbaycan Mədəniyyət Günü keçirildi. Burada bizim “Sarı gəlin” və “Qafqaz əfsanələri” ansambllarımız iştirak etdilər. Diqqət çəkən məqam odur ki, belarus xalqının belə tədbirlərə marağı ildən-ilə artmaqdadır.

 

- Bəs Azərbaycanın turizm şirkətləri Belarusda lazımı səviyyədə tanıtım işi görə bilirlərmi?

 

- Azərbaycanın tanıtımı ən öndə olan məqsədlərdən biridir. Bu, hər ölkədə diaspor nümayəndələri üçün vacibdir. Odlar yurdu gözəl ölkəmiz bu tanıtım üçün hər şeyə sahibdir. Turizm ilə bağlı birbaşa tanıtımlar Belarusda son 3 ildə başlayıb. Diaspora bu mövzuda ən çox yardım edən Azərbaycanda 10 ildir Nizami Həsənovun rəhbərliyi ilə fəaliyyət göstərən “AristokratTravel turizm şirkətidir. 3 ildirAristokratTravel turizm şirkətinin Belarus nümayəndəliyi Azərbaycana infotur vasitəsilə belarusluları apararaq ölkəmizin turizm potensialını göstərməkdədir.

AristokratTravel sadəcə Bakıya deyil, Azərbaycanın şəhər və bölgələrinə (Naftalan, Qax, Şəki, Gəncə, Mingəçevir, Sumqayıt və s.) tanıtımını etməkdədir.

Ayrıca diasporun Minskdə düzənlədiyi bir çox tədbirlərdə təmənnasız olaraq Azərbaycana tətil paketi hədiyyə etmişdir. Bunlara əlavə olaraqAristokratTravel bu il Minsk səhərində öz nümayəndəliyinin açılışını edib.

Belarusda açılan ofisə 28 ildən çox turizm sahəsində çalışan Azərbaycan vətəndaşımız Qəzənfər Məmmədov rəhbərlik edir. “AristokratTravel turizm şirkətinin Belarusdakı fəaliyyətlərində diaspor hər zaman yanında olmuşdur. Belarusda fəaliyyət göstərən azərbaycanlı adamları öz ofislərini “Aristokrat” şirkətinə ölkəmizin reklamını etmək üçün icazə veriblər.

 

- Ötən illərlə müqayisədə bu il Belarusdan Azərbaycana turist axınında nə dərəcədə fərq var?

 

-Belarus xalqı hər il müxtəlif ölkələrə tətilə getməkdədir. Belarusda dəniz və isti hava şərtləri olmadığı üçün əsasən dəniz sahilində yerləşən ölkələrə getməyə üstünlük verirlər. Onlar daha çox Türkiyə, Misir, GürcüstanUkraynaya səfər edirlər. Ən çox da Gürcüstana gedilir. Bunun da səbəbi odur ki, 6 ildən artıqdır ki, Belarusda Gürcüstan dövləti tərəfindən geniş reklam işi aparılır. Bu gün Belarusda bilbord, metro, radioteleviziya olmaq üzrə hər yerdə ən çox Gürcüstanın tanıtımını görməkdəyik. Bu da Gürcüstana Belarusdan 5 ildə milyondan çox turistin getməsinə səbəb olub.

Təəssüf ki, Azərbaycan haqqında eyni fikri deyə bilmirik. Azərbaycan bu baxımdan Belarusda siralama olaraq 20-ci yerdədir. Təbii ki 3 il öncə ilə müqayisədə Azərbaycana gedən turist sayı artıb. 3 il öncə Azərbaycana Belarusdan 800 turist tətilə gedirdisə, son 2 ildə bu say 3000 nəfəri keçib. Bu sayın yüzdə 80 faiziniAristokrat” Travel turizm şirkəti qarşılamışdır.

Təbii ki, bu, yetərli deyil. Azərbaycanın turizm potensialı daha çox sayda turistə uyğundur. Bunun üçün dövlətin dəstəyi ilə Belarusda fəaliyyət göstərən bütün adamlarının bu layihədə fəal istirak etməsi lazımdır. Hər bir formada reklamın edilməsi mümkündür. Tək diaspor Aristokrat”ın fəaliyyəti tam yetərli olmaz.

 

- Belarusluların turist olaraq Azərbaycana cəlb olunması üçün əsas nəyə ehtiyac var?

 

-Bir ölkənin tanıtımı əsas faktorlardan biridir. Turizm isə bir nömrəli reklam vəsaitidir. Amma bu günə qədər Belarus daxil heç bir keçmiş sovet respublikasında bu cür fəaliyyətlər olmayıb. Belarusda bu sahədə işləyən Azərbaycan vətəndaşları var. Ancaq tək əldən səs çıxmadığına görə dövlət dəstəyi çox vacibdir. Bizim gözəl ölkəmiz turizm olaraq hər cür şəraitə malikdir. Bu gözəllikləri, qonaqpərvərliyi ilə məşhur xalqı olan Azərbaycanda xarici qonaqlara göstərmək bizim hamımızın borcudur.

 

- İki ölkə arasında turizmlə bağlı kimi birgə layihələr keçirmək olar?

 

-Belarusda yaşayan tanınmış bloqqerlərin dövlət səviyyəsində Azərbaycana dəvət edilməsi lazımdır. Həmçinin bütün ölkədə ən az bir il boyunca infobordlar, televizya internetdə Azərbaycanın reklamı olmalıdır. Eyni zamanda diasporun rəhbərliyi ilə Belarusda yaşayan bütün Azərbaycan adamları reklamda fəal iştirak etməlidir.

Təbii ki, zaman pul önəmlidir, ancaq dövlət tərəfindən dəstək göstərilmədiyi halda Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz. İlk 4 sırada olan ölkələrdən Azərbaycanın heç bir çatışmazlığı yoxdur. Hətta bir çox məsələlərdə Azərbaycan onlardan öndədir.

 

- Bu baxımdan Konqres olaraq planda hansı işləri nəzərdə tutubsuz

 

- Azərbaycan kimi zəngin tarixə, mədəniyyətə malik olan bir ölkəni təkcə diaspor çərçivəsində əhatə etmək çox çətindir. Bu ilin sentyabr ayında Minsk şəhərində diaspor tərəfindən keçiriləcək Azərbaycan Mədəniyyət Günləri turizmimizi reklam etmək üçün böyük imkanlar açır. Ölkəmizi lazımi səviyyədə reklam etmək üçün çox istərdik ki, bu tədbirdə Azərbaycanın Dövlət Turizm Agentliyi bizə dəstək olsun. Belarus-Azərbaycan İcmaları Konqresi olaraq biz turizm şirkətlərini bu tədbirdə iştirak etməyə dəvət edirik .

Sonda diaspora olaraq öz adımdan Azərbaycanın tanıtımı yolunda bizə yardımçı olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

 

Fuad Hüseynzad

Palitra 2019.- 16 avqust.- S.6.