Qərib məzar

Nəsimi 650- Şairin həyat və yaradıcılığından yarpaqlar

 

 

Dahi Azərbaycan şairi Nəsiminin (1369-1417) doğulduğu yer tədqiqatçılar üçün mübahisə predmetidir. Onun Bağdad yaxınlığında Nəsim kəndində, Nissibində, Diyarbəkrdə, Şirazda, Hələbdə, Şamaxıda, Təbrizdə və s. yerlərdə doğulduğunu söyləyənlər var. Ancaq bu mülahizələr o qədər də elmi və əsaslı faktlara söykənmir. Nəsiminin Şamaxılı (Şirvanlı) olmasına gəldikdə isə bu fikri ilk dəfə elmi şəkildə əsaslandırmağa 1923-cü ildə yazdığı məqalədə Salman Mümtaz təşəbbüs göstərmişdir. Salman Mümtaz XVI əsr türk təzkirəçisi Q.Lətifiyə istinad edərək Nəsiminin Şah Xəndan adlı qardaşının olduğunu söyləyir. Şah Xəndan Şamaxıda vəfat etmişburada öz adı ilə adlandırılan və xalq arasında Şaxandan kimi tanınan Şah Xəndan qəbiristanlığında dəfn olunmuşdur. Seyid Əzim Şirvani vəsiyyət etmişdir ki, “Mən öləndə Şaxanda basdırın, cünki onun şahidi- xəndanı var” (Babayev Y. Azərbaycan ədəbiyyatı tarixi XIII-XVIII əsrlər. Bakı,2014, s. 218).

Prof. Yaqub Babayev yazır ki, “...göstərilən fakt Nəsiminin Şirvanda (Şamaxıda) anadan olması barədə yetərli sübut sayıla biləz. Nəsimi və qardaşı başqa yerdə də doğulub sonra Şamaxıya gələ bilərdi. Neçə ki, Şamaxıda doğulmuş Xaqani sonradan Təbrizə getmişorada vəfat etmişdir”. Bir sıra ərəb müəllifləri İbn Həsən Əsqəlani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), İbn əl İmad əl Hənbəli (- 1678) öz əsərlərində Nəsimi haqqında təxminən eyni məlumatı verirlər: “...820 (m.1417)-ci ildəHələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiliyə məzhəbinin seyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, sərancamları Misir hökmdarı Sultan-əl-Müəyyədin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib dərisini soydular və cəsədini carmıxa çəkdilər (Səfərli Ə, Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi –qədim və orta əsrlər. Bakı,2008).Bu məlumatı verən müəlliflərdən birincisi Nəsiminin tam müasiri, ikincisi isə onun ölümündən cəmi bir necə il sonra doğulmuşdu. Deməli, onlar Azərbaycan şairinin haralı olduğu barədə daha düzgünməlumatlı ola bilərdilər və başqa bir nisbəyə malik sənətkarı “Təbrizli” kimi təqdim etməzdilər” (Babayev Y. Göstərilən əsər. s. 219). Prof.Y.Babayev Nəsiminin Təbrizdə doğulduğu faktını təsdiq edir.

Nəsiminindoğum və ölüm tarixi, doğulduğu məkan və uşaqlıq illəri barədə dəqiq məlumat yoxdur. Nəsiminin 1369-cu ildə doğulduğu ehtimal olunur, vəfat tarixi kimi isə 1404, 1417, 1427-ci illər göstərilir. Ölüm tarixi elmi ədəbiyyata əsasən 1417-ci il qəbul edilmişdir.

Şairin qısa adı Seyid Əlidir, “İmadəddin” (“Dinin dirəyi”) isə ləqəbidir. Əvvəlcə “Nasimi”, “Seyid”, “Hüseyni” təxəllüsü ilə yazılmış, “Nəsimi” təxəllüsünü isəFəzlullahla tanışlıqdan və hürufilərin sarasına qoşulduqdan sonra götürmüşdür. Nəsimi yüngül meh, külək mənasını verir.

 

Adımı hərdən Nəsimi yazərəm

Bil, bu mənidən nə simim, ya zərəm,

Həm büti- uşadıcı, həm Azərəm,

Həm hidayət eylərəm, həm azərəm.

(İ.Nəsimi. Rübailər. Azərnəşr.Bakı,1973,s.91)

 

Doğulduğu məkan: Təbriz, yoxsa Şirvan?

Bu suala cavab tapmaq üçün bir sıra tarixçi və ədəbiyyatçı alimlərin yaradıcılığını vərəqlədik. A. Bakıxanov “Gülüstani-İrəm” əsərində nə F.Nəimi, nə də Nəsimi haqqında bir cümlədə yazmayıb. Baxmayaraq Şirvan və ətraf vilayətlərində yaşayan şairlərdən, elm adamlardan bəhs etmişdir.

Tanınmış tədqiqatçı S.Mümtaz yazır ki, şairin vətəni Şirvandır. Nəsiminin adı İmadəddin, künyəsi Əbülfəzl, təxəllüsü isə Nəsimidir(İ.Nəsimi. Məqalələr məcmuəsi.” Elm”, Bakı,1973,s.266).

XIII-XIVəsrlərin tədqiqatçısı görkəmli alim Vaqif Piriyev yazır: “Əsl adıSeyid Əli olan Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuş, ilk təhsilini burada almış, dövrünün elmlərini, xüsusilə məntiq, riyaziyyat, nüsum və dinlərin tarixini öyrənmişdir (V. Piriyev. Azərbaycan XIII- XIV əsrlərdə.Bakı, 2003,s.284).

Tarixçilərdən H.Ciddi feodalizm quruluşundan narazılığdan doğan, ona etiraz edən hürufiliyinXIV əsrə xas olduğunu yazır. Hürifiliyin görkəmli nümayəndəsikimi Nəsiminin 1370-ci ildə Şamaxıda anadan olduğunuburada yetişdiyini göstərir (H.Ciddi. Orta əsrlər Şamaxı şəhəri. Rus dilində Bakı, Elm, 1981,s.95-96).

Filoloq Yaqub Babayev elmi axtarışları nəticəsində Nəsiminin XIV əsrin 50-ci illərində doğulduğu qənaətinə gəlir.

Nəsiminin qəbrinin yerinin müəyyənləşdirilməsində xalq şairi Rəsul Rzanın mühüm xidməti olmuşdur. R.Rza öz məqaləsində yazır ki,Bakıda ikən akademil Həmid Araslı Suriyaya getdiyimizi bilib “Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz yəqin ki, onu görəcəksiniz,”- dedi.Xalq şairi R.Rza 1963-cü ilin noyabrında Azərbaycan nümayəndə heyətinin tərkibində Suriyada olarkən Nəsiminin məzarının hara da olması ilə maraqlanmışdır.Onun Hələb şəhərində dəfn olunduğunu öyrənmiş, məzarını taparaq ziyarət etmişdir. Bu işdə ona Hələb qubernatoru (mühafizi) Əbdülqəni Əssədavi yaxından kömək etmişdir. R.Rza yazır: “1963-cü ilin noyabrın 29-da suriyalı mədəniyyət xadimləri Sovet İttifaqının Hələbdəki səfarət işçiləri, Azərbaycan nümayəndə heyəti Nəsiminin qəbrini ziyarətə getdik. Nəsiminin məqbərəsi şəhərin qala hissəsindədir. Məqbərənin yerləşdiyi küçə Nəsimi küçəsi adlanır. Əvvəlcə kiçik bir həyətə girirsən. Həyətdə beş-on qəbrli bir ailə qəbirstanlığı var. Baş daşlarında Nəsimi sözü görünür. Hələbdə bu günə qədər Nəsimi baba adı (familiyası) ilə yaşayan onlarca ailə var. Qərib şairin adını daşıyan bu uzaq Nəsimi nəslinin biri- Hikmət Nəsimi bizə bələdçilik edir. Əgər şəklinəbaxsan bu adamın tərəddüdsüz mütləq şirvanlı olduğunu deyərsən...Həyətdən keçib yarıqaranlıq bir otağa girdik...Nəsiminin tabut-qəbrinin üstü ipək parça ilə örtülmüşdür. Otaqın divarlarında Azərbaycanca bir neçə yazı var. Onlardan biri- 4 misra şeir 1217-ci ildə, ramazan ayında Məhəmməd Sübhi tərəfindən yazılmışdır və belədir:

 

Üzüldün dönmədin mərdanəlikdən,

Xudaya böylədir hübbi-səmimi.

Kəsafətdən çıxıb oldun bəhəqqə

Gülüstani- ilahinin Nəsimi.

(Nəsimi. Məqalələr məcmuəsi.”Elm”, Bakı,1973, s.27-31)

Salman Mümtaz yazır: “Nəsimi...Azərbaycanda sakin idi. O zaman yurdumuzun hökmranları Əmir Teymur, Şahrux Mirzə və Miran şah idi. Nəsimi Miran şahın zamanında vətənini tərk etməyə məcbur oldu. Buna da Nəsiminin müəllimi ...Fəzlullahın Miran şahın əmri ilə öldürülməsi səbəb oldu. Nəsimi isə ya ələ keçməmək və yaxus təbliğat aparmaq üçün səyahətə çıxdı...Türkiyəyə və Hələb məmləkətinə uğradı” (Nəsimi. Məqalələr məcmuəsi.”Elm”, Bakı,1973, s.268).

Nəsiminin yazdığı hürufi ruhlu qəzəllərdən birini tələbələrindən biri cəmiyyət arasında Hələbdə oxuyarkən ələ keçir. Bu qəzəlində Nəsimi deyirdi ki, “Mənim üzümü görmək üçün həqiqət görən göz gərəkdir. Xudbun olan göz allahın üzünü necə görə blər?! Allah mənim üzümdə aşikardır. Mənim üzümü görən allahı görə bilər”. Şəriət xadimləri insanın allaha bərabər tutmağı dinsizlik, kafirlik hesab edirlər. Qəzəli oxuyan gənc müəllimini ələ verməmək üçün şeirin ona məxsus olduğunu söyləyir. Gənci dar ağacından asmaq istəyirlər. Nəsimi məsələdən xəbər tutan kimi hadisə yerinə gəlib qəzəlin ona məxsus olduğunu bildirir. Gəncin onu xilas etmək üçün şeiri öz adına çıxdığını anladır. Gənci ölümdən xilas edir.Nəsimini ağır cəzalandırmaq istəyənlərin əlinə yaxsı fürsət düşür. Şairin edamının səbəbi təkcə bu qəzəl deyildi, sosial ədalətsizliyə, istismara, feodal zülmünə, dini fanatizmin əsarətinə qarşı üsyankar etirazı əsas idi. Şairə edam hökmü çıxardanlar, zülmü, zülmkarları, istismarçıları, din adından müdafiə edən “əyri nəzər şeyxlər, fəqihlər idi”.

Nəsimi misilsiz bir cəsarətlə insanların azadlıq və səadətini boğan hakim qüvvələrin əleyhinə çıxmışdır. Bütün bunların nəticəsində hakim qüvvələr Nəsimi üçün amansız bir cəza irəli sürmüşdülər. M.Quluzadə mənbələrə istinadən göstərir ki, buna görə 4 nəfər nüfuzlu din xadimindən: 1. Şeyx ibn-Xətibün-Nasiriyyə; 2. Şəmsəddin ibn Əminüddövlə; 3. Qaziyül-Qüzrat Fəxrəddin əl Maliki; 4. Qaziyül-Qüzzat adlanan Səhabəddin Hənbəli ibn Hazüq (M.Quluzadə. Böyük ideallar şairi. Bakı, 1973, s.21) məhkəmə heyəti qurulur. Nəsiminin yaydığı fikirlərə islam dininə zidd kimi qiymətləndirilir, kafir, zındıq, mülhid adlandırılır. Mühakiməni aparan İbn-Şanqaşul-Hənəfi Hələbin üləmaları qarşısında Nəsimini dinsizkafir elan edərək onun öldürülməsini tələb edəndə Hələbin naibi ona deyir ki, əgər öz iddialarını sübut etməsən səni öldürərəm. İbn-Şanqaşul- Hənəfi şairə verilən ağır ittihamı sübut edə bilməyəcəyini görüb mühakimədən geri çəkilir (M.Quluzadə. Göstərilən əsər. s.21).

Yeri gəlmişkən biz Nəsiminin mühakiməsində iştirak edən din xadimlərinin hənəfilik, hənbəlilik təriqətlərinə məxsus olduğunu görürük.

Hənəfəlik-sünnilikdə məzhəbdir. Banisi Əbu Hənifə Bağdadidir. İlk dəfə fəqihlərə tutuşdurma (qiyas əsasında) şəxsi rəy çıxarmağa icazə vermişdir (Azərbaycan Sovet Enisklopediyası, X.c.,Bakı, 1987,s.197).

Hənbəlilikdə sünnilikdə məzhəbdir. VIII əsrdə Əhməd Hənbəli tərəfindən qoyulmuşdur. İslam dinində yeniləşmə, dəyişmə və təkamülün əleyhinədir. İslam dinin ilkin şəkildə mənimsəməyi, yalnız Quran və hədislərə ibadəti təbliğ edirdi. Məzarlığa, pirlərə ziyarəti bütpərəstliyin qalığı sayır. Hənbəlilərin müasir davamçısı vəhabilikdir (ASE, X.c.,Bakı, 1987,s.200).

Hakimlərdən Şəhabəddin İbn- Hilal Nəsiminin kafir olduğuna görə öldürülməsinə və tövbəsinin qəbul edilməyəcəyinə fitva verərək Malikidən soruşurki, nə üçün Nəsimini öldürmək olmaz? Maliki cavab verir ki, sən əlinlə “öldürülməsi lazımdır” sözünü yaza bilərsənmi? O, isə: “Bəli” deyib fitvani öz əli yazır. Onun yazdığı fitva məclisdə oturanların hamısına göstərilir. Lakin onlar Nəsiminin öldürülməsi qərarına qoşulmadılar. Yəqin ki, onlar öz vicdanlarənə itirməyiblərmiş.

Sonra Maliki İbn-Hilala dedi ki,“qazilər və din xadimləri Nəsiminin ölüm qərarını müdafiə etmədilər, mən sən sözünlə necə öldürüm?”. Məhkəmə Nəsiminin edamı haqqında yekdil rəyə gələ bilmədi. Vəziyyət sultana bildirildi. Bir qədər sonra Misir sultanı Müəyyəddən əmr gəldi: “Dərisi soyulsun və Hələbdə yeddi gün göstərilsin. Dəllal car çəksin sonra da əl-ayağı kəsilsin, bir parçası Zülqədər oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə (Diyarbəkrdə Ağqoyunlu bəyliyinin başçısı) göndərilsin; çünki bu Nəsimi onların inanclarını (etiqadını) pozmuşdur. Bunun üzərində Nəsimi öldürüldü” (İbrahim Olğun, Seyyid Nəsimi üzərinə notlar. Anqara, 1971,s.54-55).

Prof.Y.Babayev bildirir ki, Nəsimi dar ağacından asılmış, sonra dərisi soyulmuş, bədən 4 hissəyə şaqqalanmış, bir hissəsi edam olunduğu yerdə basdırılmış, qalan hissələri yuxarıda göstərilən şəxslərə göndərilmişdir.

Nəsiminin faciəli qətli ,onun mərdliyi, qorxmazlığı haqqında Yaxın Şərq ölkələrində bir cox əfsanə vərəvayətlər yayılmışdır. Bu rəvayətlərdən birində deyilir ki, dərisi soyulan zaman şair çoxlu qan itirdiyindən rəngi solur. Ondan:”Rəngin nə üçün saralır?”-deyə soruşanlara cavab verir ki: “Mən əbədiyyət üfüqlərində doğmuş məhəbbət günəşiyəm :günəş isə batanda saralar”.

Başqa bir rəvayətdə deyilir ki, şairin edamına hökm verən ruhani onun haqqında deyibmiş :Bu elə kafirdir ki, onun qanından bir damcı hara düşsə kəsib atmaq lazımdır”. Təsadüfən şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb edir. O isə: “Mən söz məsəli demişəm“ cavabını verir. Bu zaman al qan içində olan şair deyir:

Zahidin bir barmağın kəssən , dönüb həqdən qaçar,

Gör bu miskin aşiqi sərpa soyarlar , ağlamaz.

 

Bəzi tədqiqatçılar isə bu sözləri Nəsiminin deyil, onun pərəstişkarlarından biri tərəfindən söyləndiyini deyir.

Nəsiminin adının yad olunduğu mətnləri araşdıran İlyas Kayaokay yazır ki,yüzlərlə divanın araşdırılması nəticəsində 33 şairin divanında Nəsiminin adının keçdiyi 64 nəzm parçasına rast gəldik (Kaspi qəzeti , 25 may 2019-cu il, s.10).

Türkmən ədəbiyyatında da şairlərin yaradıcılığında Nəsiminin adı yad edilir. XVIII əsr türkmən şairi Məxtimqulu və onun müasiri olan Xivəli Durdi Şeyx ilə şeirləşməsində Nəsiminin ölüm faciəsi belə xatırlanır:

 

Ol nəmədir yemədilər, doydular?

Ol nəmədir qiyamətə qoydular?

Ol kim idi dabanından soydular?

Şair olsan şundan bizə xəbər ver!

 

Durdi Şeyx:

Ol didardır, yemədilər, doydular,

Ol namazdır qiyamətə qoydular.

Nəsimini dabanından soydular,

Bizdən salam olsun,cavab şelədir.(Quluzadə M.Böyük ideallar şairi.Gənclik ,Bakı, 1973, s.24 )

 

Azərbaycanın görkəmli şairi dahişair Qabil Nəsimiyə verilən qiyməti poetik olaraq belə ifadə etmişdir:

 

Mən sufi, hürufi başa düşmürəm,

Gəlib , gedib neçə təriqət...

Onu bilirəm, durduqca aləm

Bir amal yaşayır, bir həqiqət.

 

Mənim şair babam, sənə qiyməti,

Bir nəfər verməyir, bir millət verir.

( Qabil. Nəsimi: Bakı Gənclik 1970 s. 12 )

 

Dahi şairin 650 illik yubileyinin dünyada YUNESKO xətti ilə geniş qeyd edilməsi göstərir ki, ona layiq olduğu uca qiyməti nəinki bir millət hətta dünyanın tərəqqipərvər, humanist bəşəriyyəti verir.

 

Zakir Kərimov

ADPU-nun Azərbaycan tarixi

kafedrasının dosenti

Palitra  2019.- 2 avqust.- S.7.