“Bu
yaxınlarda daha 1300 məcburi köçkün ailəsinin
yaşayış şəraiti yaxşılaşacaq”
Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. “Burada toplaşanların bir arzusu var - ərazi bütövlüyümüzün tezliklə bərpası”, deyə o əlavə edib. Sonra konsert proqramı təqdim edilib.
Tədbirə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qatılıblar. Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq olub. Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, “Şuşanın dağları” ansamblının ifaları səslənib.
Məcburi köçkünlər qarşısında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib: “Məni bugünkü məclisə dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur.
Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması.
Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib”.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub: “Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir.
Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq”.
Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıblar. Onlar dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.
Birinci vitse-prezidentə “Şuşanın qalası” rəsm əsəri hədiyyə edilib. Mehriban Əliyeva hər zaman qaçqınların və məcburi köçkünlərin diqqətini hiss etdiyini deyərək, bundan sonra da dövlətin onların yanında olacağını vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış 1 milyondan çox soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Onlar üçün müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınır, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, məşğulluqlarının təmin olunması üçün xüsusi dövlət proqramları qəbul edilib və uğurla həyata keçirilir. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə də Bakı və Sumqayıt şəhərlərində qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə həsr edilmişdi və bununla bağlı ciddi tədbirlər görüldü.
21-ci Türk Dünyası Günləri tədbirində Qarabağla bağlı şüarlar səsləndirilib
Yeri gəlmişkən, 21-ci Türk Dünyası Günləri tədbirində Azərbaycanın məşhur sənətçisi Azərin və Qırğızıstan sənətçiləri səhnəyə çıxıblar. Onlar Respublika meydanını coşdurublar... Azərinin isə "Harikasın Türkiyem, Harikasın Kastamonu ..." deməsi izdihamı daha da canlandırıb.
Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən “Türk Dünyası Günləri”nin 21-ci buraxılışı böyük ziyafətin səhnəsi olub. Səhnəyə çıxan Azərbaycanın məşhur sənətçisi Azərin Azərbaycan, İslam ölkələrində baş verən hadisələrə toxunaraq birlik və həmrəyliyə çağırdı.
Birlik və həmrəyliyi gücləndirmək məqsədi ilə Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən Türk Dünyası Günləri çərçivəsində Cümhuriyyət Meydanında olan izdihamı əvvəlcə Qrup Dem, daha sonra isə Azərin ifaları ilə həyəcanlandırıb.
Cümhuriyyət Meydanında təşkil olunan konsert gecə saatlarına qədər davam edib.
Azərin səhnədə göstərdiyi
performansıyla konsertə
bir canlanma verib. Azərbaycan və Türkiyə
bayraqlarının da asıldığı konsertdə,
Azərin ana Vətəninin Azərbaycan,
ata Vətəninin isə Türkiyə olduğunu deyib.
Azərin
bir Azərbaycan türkü olduğu ilə çox qürur duyduğunu bildirib və deyib ki, türklərin
yaşadığı hər
yer onun üçün Vətəndir:
“Türk olmaqdan böyük qürur duyuram. Türkiyənin hansı şəhərinə
getsəm məni bağırlarına basırlar.
Biz bir millət
iki dövlətik deyirik. Bunu boşuna demirik.
Dünyanın harasında olursa
olsun, bir azərbaycanlı varsa, ürəyi Türkiyə
üçün döyünür.
Azərbaycan demək Türkiyə
demək, Türkiyə
demək Azərbaycan deməkdir".
Bundan əlavə, məşhur
sənətçi Azərin
Qarabağ hadisələrinə
işarə edərək
deyib: “Ümid edirəm ki, bu ədalətsiz qırğınlar ən qısa zamanda sona çatacaq və İslam coğrafiyası rahatlıq
və barış içində olacaq".
Cümhuriyyət Meydanını dolduran minlərlə kastamonalı,
"Can Azərbaycan" şüarlarını
qışqırıblar və
Ermənistanı lənətləyiblər.
Azərin məşhur “Çırpınırdın
Qara dəniz” mahnısını oxuyarkən
minlərlə kastamonalı
ayağa qalxaraq “Qarabağ bizim qürurumuzdur. Qarabağ Türkdür, Türk
qalacaq” şüarları
ilə meydanı coşdurub. Məşhur
sənətçi bu
coşqu qarşısında
"Harikasın Türkiyem
... Harikasın Kastamonu
..." deyə cavab verib ...
Xatırladaq ki, Türk Dünyası
Günləri tədbirləri
çərçivəsində konfranslar, kitab sərgiləri, foto sərgilər və konsertlər verilib.
Fuad Hüseynzadə
Palitra 2019.- 28 avqust.- S.5.