Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Dağlıq Qarabağa səfər edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsini şərh edib.

O deyib ki, Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi torpaqlarımızın hərbi işğalına məhz Ermənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti bariz göstəricisidir. Bir müddət əvvəl Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiqləmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal altındakı ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak etməlidir”.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir”

Yeri gəlmişkən, Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun dekabrın 2-3-də Azərbaycana rəsmi səfəri ilə bağlı şərh yayıb. AZƏRTAC Rusiya XİN-in rəsmi saytına istinadla xəbər verir ki, şərhdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacağı, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparacağı qeyd olunur. Vurğulanır ki, bu müzakirələrdə beynəlxalq və regional problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məsələnin detallı şəkildə müzakirəsi aparılacaq. Həmçinin, Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında 2020-ci il üçün Məsləhətləşmələr Planı imzalanacaq.

Şərhdə qeyd olunub ki, Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin artıq ənənəyə çevrilmiş qarşılıqlı səfərləri siyasi dialoqun mühüm aktiv elementinə çevrilibiki ölkənin siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığına istiqamətlənib. Bildirilib ki, 2019-cu ilin noyabrınadək olan məlumata görə, iki ölkə arasında bugünədək 150 beynəlxalq-hüquqi sənəd imzalanıb. İnkişaf edən Rusiya-Azərbaycan strateji münasibətləri ali və yüksək səviyyələrdə intensiv siyasi dialoq əsasında təmin edilir. Belə ki, cari ildə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində və Valday Forumu çərçivəsində iki görüş keçirilib.

Rusiya XİN-in şərhində vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-25-də Rusiyaya səfər edib, Moskvada Prezident Vladimir Putin tərəfindən qəbul edilib, Baş Nazir Dmitri MedvedevRusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirib. Sənəddə Moskvada keçirilən Regionlararası Forumun əhəmiyyəti də vurğulanıb.

Nazirliyin şərhində parlamentlərarası əlaqələr, qanunverici orqanların rəhbərlərinin və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri də diqqətə çatdırılıb, Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrə dair statistik rəqəmlər yer alıb.

Sonda qeyd edilib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tərəflərinə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya Prezidentinin diqqət mərkəzindədir. Biz münaqişənin müstəsna olaraq siyasi-diplomatik yolla, tərəflər arasında dialoq vasitəsi ilə həllinin tərəfdarıyıq. Bundan sonra da istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində, istərsə də Azərbaycan və Ermənistanla bizim sıx münasibətlərimizi nəzərə alaraq nizamlanmaya nail olmağa kömək edəcəyik”, -deyə şərhdə qeyd olunur.

Armavirdə erməni faşist cəlladı Njdenin xatirə lövhəsi sökülüb

Bu arada Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsi sökülüb. Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Nasist havadarının xatirəsinin əbədiləşdirilməsi Böyük Vətən müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşdə qanını tökmüş insanların xatirəsinin təhqir olunması kimi qəbul edilirdi. Njde müharibə zamanı həm də arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Bir sözlə, müasir beynəlxalq hüquq dilində desək, o, beynəlxalq terrorçu olub. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Üçüncü Reyxlə əməkdaşlıq etmiş şəxslərin cinayətkar və vətən xaini hesab edilməsini nəzərə alsaq, faşizmlə əməkdaşlıqda adı hallanan bir satqının xatirəsinin Armavirdə əbədiləşdirilməsi heç bir məntiqə sığmırdı və haqlı narazılığa səbəb olurdu. Beləliklə, xatirə lövhəsinin sökülməsi ilə bu məsələ öz məntiqi sonunu tapdı və ədalət bərpa edildi.

Qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Dövlətimizin başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyib. Azərbaycan Prezidenti MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğulayıb.

Prezident İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyiNasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.

Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı geniş əks-səda doğurdu.

Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı.

Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilibVladimir həbsxanasında ölüb.

Fuad Hüseynzadə

Palitra.-2019.-3 dekabr.-S.11.