Rektor 8 illik uğur sirlərini açıqladı
Elmar Qasımov: “İndiyədək
böyük rəqabətin qeydə alındığı I
qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər
maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil
olunmayıb”
Səkkiz il öncə respublikanın ali
təhsil müəssisələri sırasına daxil olan Bakı Ali Neft Məktəbi bu gün ölkədə
yüksək ixtisaslı peşəkar mühəndis
kadrları hazırlamaq missiyasını uğurla
yerinə yetirir.
Dövlət
ali təhsil müəssisəsi statusunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda
dəyişiklik edilməsi haqqında” 29 noyabr
2011-ci il tarixli fərmanı
ilə yaradılan Bakı Ali Neft Məktəbinin (BANM) nizamnaməsi 2012-ci il fevralın 29-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
2012-ci il aprel ayının 10-da Elmar Qasımov bu Ali Məktəbə rektor
təyin edilib.
Bakı Ali Neft Məktəbinin
yaradılmasının 8 illiyi münasibəti
ilə müsahibimiz rektor
Elmar Qasımovdur.
- Elmar müəllim,
ilk olaraq, Bakı Ali Neft Məktəbinin
yaradılmasının 8-ci ildönümü
münasibəti ilə sizi və Ali Məktəbin kollektivini
təbrik edirik. 8 il
qısa bir müddət olsa
da, rəhbərlik etdiyiniz
Ali Məktəb bu gün ölkə ali təhsil
müəssisələri arasında ön
sıralarda yer alır. İstər tədrisin
keyfiyyətinə görə, istərsə də bura qəbul olan tələbələrin
intellektual səviyyəsinə görə.
Gəlin birlikdə qısa tarixə nəzər salaq.
-Diqqətiniz və təbrikiniz üçün təşəkkür edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın yeni prinsiplər əsasında tənzimlənməsi məqsədilə son illər ölkəmizdə mühüm addımlar atılıb. Tarixən Azərbaycanın iqtisadiyyatının özəyini neft-qaz sənayesi təşkil edib və ölkəmizin ən böyük nailiyyətlərindən biri bu sahədə qüdrətli elmi-texniki və kadr potensialının, geniş infrastrukturun yaradılması olub. Məhz bu sahə iqtisadiyyatın aparıcı amilinə çevrilib və onun inkişafına daim xüsusi diqqət yetirilib. Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksək ixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu, çox funksiyalı laboratoriyalar qurulub.
2017-ci il mayın 1-də möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusunun açılışı olub.
Bu gün kampusda ən müasir texnologiya və zəngin maddi-texniki bazaya malik “Schneider Electric”, “ABB”, “Avandsis Group”, “Emerson proses management”, “Huawei” kimi şirkətlər tərəfindən hədiyyə edilmiş laboratoriyalar, müasir standartlara cavab verən tələbə şəhərciyi, yeməkxana kompleksi, beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz fəaliyyət göstərir.
Bir sözlə, burada istər keyfiyyətli təhsil, istərsə də tələbələrin yaşaması, asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait mövcuddur.
Statistik göstəricilərə nəzər salsaq, 2012-ci il mayın 31-də Təhsil Nazirliyi tərəfindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlanmasına dair lisenziya verilib. 2012/2013-cü tədris ilində bu iki ixtisas üzrə cəmi 116 nəfər qəbul olunub və hazırlıq mərhələsində tədrisə cəlb edilib. Həmin il BANM-in 11 tələbəsi Prezident təqaüdünə layiq görülüb . Onu da qeyd edim ki, həmin ildəki qəbul kampaniyasının nəticələrinə görə BANM ölkənin 51 ali təhsil müəssisəsi arasında birinci olub. 2015/2016-cı tədris ilində I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 abituriyentdən 3-ü BANM-ə qəbul olmuşdusa, 2017/2018-ci tədris ilində isə 700 bal toplayan 7 nəfərin 7-si də Ali Məktəbimizin tələbəsi olub. 2018/2019-cu tədris ilində isə Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə ölkə birincisi olub.
Belə ki, Azərbaycan
Respublikası Prezidenti İlham
Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının
ali məktəblərinə daxil olmuş tələbələrə
Prezident təqaüdünün verilməsi”
haqqında 9 sentyabr 2019-cu il
Sərəncamına əsasən, Bakı Ali
Neft Məktəbinin 23 tələbəsi
bu təqaüdlərə layiq
görülüb. Beləlikə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident
təqaüdçülərinin sayı 150 nəfərə
çatıb. Yeri gəlmişkən qeyd edim ki,
indiyədək böyük rəqabətin
qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal
sayda Prezident təqaüdçüsü
ilə təmsil olunmayıb.
- Bəs
hazırda hansı ixtisaslar üzrə təhsil
həyata keçirilir?
- “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavr, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir.
Bundan başqa, Bakı Ali Neft Məktəbi, BP və
onun tərəfdaşlarının birgə
əməkdaşlığı, həmçinin, Böyük Britaniyanın “Twenty
Eight Strategy Execution” (STRATEX) şirkəti ilə birgə
həyata keçirilən və ABŞ-ın Corc
Vaşinqton Universitetinin
magistr sertifikatı ilə təmin edilən
təlim proqramı – Layihə İdarəetmə Məktəbi,
Cenevrə Biznes Məktəbi ilə birgə
əməkdaşlıq çərçivəsində Neft və Qaz Menecmenti üzrə MBA proqramı
reallaşdırılır.
- Builki tədris ilində
Bakı Ali Neft Məktəbinin
iki ixtisası ümumrespublika
üzrə ən yüksək keçid
balı olan ixtisaslar oldu.
-Bəli, artıq bir neçə ildir ki, bu
tendensiya davam edir. 2019/2020-ci tədris ilində də Bakı Ali Neft Məktəbi tələbə
qəbulu imtahanlarında
ən yüksək orta bal göstəricilərinə
görə ölkə
birincisi olub.
Belə
ki, cari tədris ilində Ali Məktəbin təkcə
2 ixtisası - İnformasiya
təhlükəsizliyi (682 bal)
və Proseslərin avtomatlaşdırılması mühəndisliyi
(674 bal) ixtisasları üzrə
ən yüksək orta bal qeydə alınıb. Beləliklə,
BANM növbəti dəfə
ölkə universitetləri
arasında ən yüksək orta balı olan
ali təhsil müəssisəsi olub.
- Müşahidələrimiz göstərir
ki, BANM yerli və xarici şirkətlərlə əməkdaşlığa
böyük üstünlük
verir.
-Bu əməkdaşlıq bizə
yerli və xarici şirkətlərin
peşəkar mütəxəssisləri
tərəfindən tələbələr
üçün təlim
və mühazirələrin
təşkilinə imkan
yaradır. Tələbələrin təhsillə yanaşı,
həm də müxtəlif ictimai layihələrdə iştirakı
üçün töhfə
verir.
Eyni zamanda, tələbələr transmilli,
beynəlxalq neft-qaz şirkətlərində istehsalat
təcrübəsi keçirlər
ki, bu da
onların gələcəkdə
beynəlxalq standartlara
uyğun kadr kimi yetişməsinə zəmin yaradır.
- Bakı Ali Neft Məktəbinin “Biz iş axtarmırıq, iş bizi axtarır”
devizi diqqətimizi çəkir. Müasir əmək bazarında
Ali Məktəbin məzunları
işlə təmin oluna bilirlərmi?
-Bakı Ali Neft Məktəbi olaraq Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik”
devizi ilə yüksək ixtisaslı ingilis dilli mühəndis
kadrlarının hazırlanması
ilə yanaşı, onların işlə təminatında da səylərimizi əsirgəmirik.
Həyata keçirdiyimiz məqsədyönlü
işlərin nəticəsidir
ki, bu gün
Ali Məktəbimizin bütün
məzunları 100 faizlik
işlə təmin olunublar.
Artıq üçüncü ildir
ki, Bakı Ali Neft Məktəbi məzunlarının karyera
uğurlarını “Məzunlarımız
haradadır?” jurnalı
vasitəsilə təqdim
edir.
Məzunlarımızın böyük bir hissəsi artıq SOCAR-ın müxtəlif müəssisələrində,
SOCAR Türkiyənin Star, “Petkim”,
“Petrokimya Holdinq”, “BP-Azərbaycan”, “Schlumberger”, “Halliburton”, “Saipem”, “Maire Tecnimont”, “Emerson”, “Baker Hughes”, “Halliburton” və s. kimi transmilli şirkətlərdə
çalışırlar. 2018/2019-cu
tədris ilində də bütün məzunlarımız işlə
təmin olunub.
Onu da qeyd edim
ki, 5 il ərzində Bakı Ali Neft Məktəbində yüksək səviyyədə
təhsilə, bilik və bacarığa yiyələnən gənclərimiz
Azərbaycanın və
dünyanın aparıcı
şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunub, eləcə də beynəlxalq universitetlərdə təhsillərini
davam etdiriblər.
Məzunlarımızdan Luiziyana, Stanford,
Hamburq, Milan Politexnik, Kolorodo Mədənlər,
Budapeşt Texnologiya və İqtisadiyyat, Xəlifə, Kyoto və Münhen Texniki Universitetləri kimi dünyanın nüfuzlu universitetlərində magistratura
pilləsində təhsil
alanlar var. Məhz 50-ə
yaxın məzunumuz adlarını çəkdiyimiz
universitetlərdə təhsillərini
uğurla davam etdiriblər.
Bu göstəricilər Bakı Ali Neft Məktəbində tədrisin
yüksək səviyyədə
təşkil olunduğunu
və məzunlara müasir biliklərin və səriştənin
verildiyini sübut edir.
Məzunlarımızın uğurları bir daha sübut
edir ki, bilikli və bacarıqlı mütəxəssis
iş axtarmamalıdır,
iş onu axtarmalıdır.
- Elmar müəllim, bu
günlərdə Nazirlər Kabineti tərəfindən
“2019-2023-cü illər üçün
Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”
çərçivəsində beynəlxalq ikili
diplom proqramlarının həyata
keçiriləcəyi xarici tərəfdaş
ali
təhsil müəssisələrinin, ixtisas
proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” təsdiq edilib. Bildiyimiz kimi, rəhbərlik etdiyiniz
Ali Məktəbdə də ikili diplom sistemi
tətbiq olunur. Hansı universitetlə əməkdaşlıq
edirsiz?
- Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.
Qaydalarda beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi meyarları dəqiq göstərilib. Bu meyarlarda ixtisasların Azərbaycan Respublikasının inkişaf prioritetlərinə uyğun sahələrə aid olması, ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin maddi-texniki bazasının təlim nəticələrinin əldə olunması tələblərinə cavab verməsi kimi məsələlər öz əksini tapır.
Bu gün
Bakı Ali Neft Məktəbinin
“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə
bakalavr və magistr
pillələrində təhsil alan tələbələri
Böyük Britaniyanın Heriot-Vatt
Universitetinin tədris proqramları üzrə
təhsil alırlar. Tədris proqramının uğurla
başa vuran məzunlara
Bakı Ali Neft Məktəbi
ilə yanaşı Heriot Vatt
Universitetinin də diplomları təqdim olunur.
- Son
illər Ali Məktəbdə əcnəbi
tələbələrin də sayında artım
müşahidə olunur. Hansı ölkələrdən
tələbələr var?
-Beynəlxalq təhsil proqramı çərçivəsində tələbə mübadiləsi intensiv olaraq davam etdirilir. 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə 179 nəfər qəbul olub. Bundan əlavə, cari tədris ilində 18 nəfər müxtəlif xalqlara mənsub əcnəbi tələbə də BANM-i seçib. Ümumilikdə, hazırda Ali Məktəbdə 26 nəfər əcnəbi tələbə təhsil alır.
Qeyd edim ki, 2019-cu il Ali Məktəb üçün daha bir önəmli hadisə ilə yadda qalıb. Belə ki, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Bakı Ali Neft Məktəbilə əməkdaşlığı çərçivəsində Nigeriyadan olan 7 seçilmiş tələbə BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almağa başlayıb. Bundan başqa, Türkiyə, Pakistan, Qazaxıstan, İran və Gürcüstan kimi ölkələrdən olan xarici tələbələrimiz də var.
Bundan başqa, 2018/2019-cu tədris ilində mübadilə proqramları çərçivəsində BANM-in 10 tələbəsi bir semestr ərzində Yunanıstan, İspaniya və Bolqarıstanda təhsil alıb.
- Müsahibə üçün
təşəkkür edir.
Uğurlarınızın davamını diləyirik.
Palitra.-2019.-3 dekabr.-S.10.