Vətəndaş təəssübkeşliyindən
qaynaqlanan monoqrafiya
Hələ mənim yeniyetməlik dövrümdə Qərbi Azərbaycanda yaşayıb-yaradan şair-dramaturq-publisist Hidayət “Vəfaya məktublar” silsilə şeirləri ilə yadımda qalmış, onun poesiyası haqqında “Ulduz” jurnalında 70-ci illərin əvvəlində mərhum şair-publisist Siyavuş Sərxanlının məqaləsindən üzü bəri daim onun oxucu olmuş, Hidayət yaradıcılığını izləmişəm. Bir neçə il bundan qabaq bu teatrda Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “İrəvanda xal qalmadı” adlı tamaşasına baxmış, müəlliflə uzun illərin xatirələrini yada salmışam.
Demək istəyirəm ki, Hidayət Orucovun ədəbi-dramaturji yaradıcılığı və ictimai fəaliyyəti daim cəmiyyət üçün açıq olmuşdur.
Məlumdur ki, mənəvi-estetik dəyərlərin formalaşmasında dramaturgiyanın rolu danılmazdır. İstər sırf dramaturgiya ilə məşğul olan sənətkarlar, istərsə də bu sahəyə poeziya və nəşrdən gələn ədiblərin dram janrına müraciətləri, yeni-yeni səhnə əsərlərinin meydana gəlməsi son nəticədə teatrın xeyrinə olmuş, inkişafına stimul vermişdir. Ədəbi-bədii prosesin aktuallaşdırdığı bir çox mövzuların tamaşaya qoyulması geniş tamaşaçı auditoriyasının ruhunu oxşayır.
Hidayətin dramaturgiyasının aktuallığı və əhəmiyyətini xarakterizə edən cəhətlərdən biri kimi onun pyeslərinin sosial çağırışlarla səsləşməsini, hətta müasir milli dramaturgiya kontekstində öz mövqeyini qorumasını məxsusi qeyd etməliyik. Bu əsərlərdə həyat, cəmiyyət, vətəndaş və şəxsiyyət haqqında muhakimələr mövsümi mahiyyətli deyil, kampaniya xarakteri daşımır, ictimai-humanitar çağrışlar kontekstində baş mövzu olaraq diqqəti cəlb edir.
Ölkəmizin son dövrdə yaşadığı mürəkkəb tarixi prosesləri şəxsi taleyinin bədii süzgəcindən keçirən Hidayətin yaradıcılığında əsas qayəni milli mənsubiyyət, vətəndaşlıq mövqeyi, torpağa, el-obaya bağlılıq, vətəndaş təəssübkeşliyi təşkil edir.
Ermənistanın Azərbaycana təcavüzü dövründə bu xüsusilə onun əsərlərində kəsərli söz olaraq öndə dayanmışdır. O, monoqrafiyada deyildiyi kimi sözün vaxtını düzgün müəyyən etdiyi kimi, vaxtın, zamanın sözünü də məqamında seçə bilən sənətkardır.
Onun dramaturgiyasının başlıca tərbiyəvi-mənəvi dəyəri milli tərbiyədir, milli təəssübkeşlik tərbiyəsidir, fəal vətəndaşlıq mövqeyinə çağırış ruhundan qaynaqlanan vətəndaşlıq tərbiyəsidir. Onun ədəbi-dramaturji yaradıcılığının pedaqoji yöndən tədqiqinə də məncə ciddi ehtiyac vardır.
Hidayətin “Məhəbbət yaşayır hələ...”, “Məni qınamayın”, “Vətəndən ağırdır, Vətənin yükü”, “Burdan min atlı keçdi”, “Bu dünyanın adamları”, “İrəvanda xal qalmadı”, “Ömürdən uzun gecə” və b. əsərləri daim dəyişən, günümüzün sosial reallıqlarından qaynaqlanan yeni insani münasibətləri hər cür asınmaqlardan, deqredasiyadan qoruyan sosial-mənəvi dəyərlərə çağırış nümunəsi kimi də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu mənada o peşəkar sənət adamı olmaqla bərabər həm də kamil pedaqoqdur, əsərlərində ciddi sosial-mənəvi tərbiyə məsələlərini qaldıran peşəkar müəllimdir.
Bu, bəlkə də onun vaxtı ilə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində pedaqoji fəaliyyətlə məşğul olmasından da irəli gəlir.
Amma bizə görə onu şair-dramaturq edən də, publisist-ictimai xadim edən də, pedaqoq-müəllim edən də əlahəzrət zamandır, iki əsrin qovuşuğundan qaynaqlanan siyasi-tarixi təlatümlərin onun vətəndaş ürəyinin sarı siminə təsirinin nəticəsidir.
Əməkdar incəsənət xadimi, sənətşünas, İftixar Piriyevin “Hidayət və teatr” monoqrafiyasında İrəvan teatrının, eləcə də məlum hadisələrədək, İrəvan ədəbi-mədəni mühitinin formalaşmasında onun əməyi, yaradıcılığının səhnə taleyi, publisistikası, nəhayət estetik-kulturoloji görüşləri haqqında orijinal mülahizələri, müqayisəli təhlilləri və nəzəri hökmləri ilə seçilən monoqrafiya olaraq dövrümüzün uğurlu tədqiqat işlərindən biri kimi dəyərləndirir və hər ikisinə yaradıcılıq uğurları arzulayıram.
Monoqrafiyanın başlanğıc fəsli görkəmli ədibin vaxtilə İrəvanda yaşadığı və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik dövrünə həsr edilmişdir. Burada müəllif həm İrəvan teatrının tarixinə rakurs etməklə, bu qədim sənət məbədinin inkişafında Hidayət Orucovun rolundan, eləcə də bunun bariz nümunəsi olaraq Teatrın 50 illiyi ilə bağlı 1978-ci il Bakı qastrolunun təşkili və uğurla davamının bir çox məqamları tədqiq edilərərk, araşdırılmışdır.
Monoqrafiyanı oxuduqca görürük ki, teatrın yubileyinin həmin vaxt Ermənistanda dövlət səviyyəsində keçirilməsi üçün rəsmi razılığın verilməsinə necə maneələr olmuşdur. Həm də öyrənirik ki, onun yubileyinin Bakıda uzunmüddətli qastrol səfəri ilə qeyd edilməsində eləcə də Naxçıvanda, Gəncədə, Tiflisdə qastrol səfərləri respublikanın o vaxtkı rəhbəri Heydər Əliyevin xüsusi diqqətində olmuş, teatr Fəxri Fərmanla, əməkdaşlarından böyük bir qrupu müxtəlif fəxri adlar və mükafatlarla təltif olunmuşlar.
Monoqrafiyadan öyrənirik ki, Hidayətin 1976-cı ildə İrəvan teatrında səhnələşdirilmiş “Məhəbbət yaşayır hələ...” pyesi onun dramaturji fəaliyyətində ciddi başlanğıc olmuş, iki gəncin,- Zəfərlə Xatirənin məhəbbət salnaməsinə işıq salmışdır.
Tamaşasının uğurla alınmasında əsas rolların ifaçıları olan İrəvanın görkəmli aktyorları Vidadi Əliyevlə, Marietta Kərimovanın uğurlu tandem təşkil etməsi, nəhayət, görkəmli rejisor Nəsir Sadıqzadənin yüksək peşəkarlığının nəticəsi kimi dəyərləndirilir.
Monoqrafiyanın ikinci fəslində Hidayətin dramaturgiyasının səhnə taleyi öyrənilmiş, onun dramaturgiyasında İrəvan Teatrının səhnə təcəssümü, xüsusilə Azərbaycanda teatrın inkişafında onun dramaturgiyasının rolu məxsusi olaraq tədqiqata cəlb olunmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Məni qınamayın” lirik-psixoloji komediyasının (1983, rejisoru Əliqismət Lalayev) uğurlu təminatı sonralar rejisor Ağakişi Kazımovun da diqqətini cəlb etmiş, əsər 1994-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sevirdim, çox sevirdim” adı ilə tamaşaya qoyulmuşdur. Yeri gəlmişkən, bu əsər 2000-ci ildə Füzuli Dövlət Dram Teatrında, 2001-ci ildə həm Mingəçevir Dövlət Dram Teatrında, həm Şəki Dövlət Dram Teatrında, həm də 2009-cu ildə Lənkəran Dövlət Dram Teatrında da tamaşaya qoyulmuş, nəhayət İrəvan Teatrında Xalq artisti Vaqif Əsədovun quruluşunda yeni adda, Durnalar qayıdanda” adı ilə tamamilə başqa üslubda tamaşaçılara təqdim olunmuşdur. Yeri gəlmişkən, bu əsər Bakıda Milli Dram Teatrının səhnəsində iki gün ardıcıl olaraq anşlaqla oynanılmışdır (bəhs edilən əsər. Səh. 101)
Monoqrafiyanın ən ağrılı səhifələri Hidayətin pyeslərinin məlum deportasiya dövrü İrəvan teatrı tarixinə, dair yazılardır,-desək səhv etmərik. Ömrünün böyük bir qismini o torpaqlarda -Qərbi Azərbaycanda keçirmiş dramaturq Teatrın Azərbaycana deportasiyasını ürək ağrısı ilə qarşılamış, onun ucqar bir yerə, cənuba yerləşdirilməsini qərəzli hesab etmişdir. Hidayətin “Burdan min atlı keçdi” dramında, hələ şəxsən özünün şahidi və iştirakçısı olduğu hadisələri, erməni irticasına qarşı mətanətlə döyüşən, mübarizə aparan Vətən oğullarının dəyanətini əks etdirən səhnələri ustalıqla əks etdirmişdir. İlk dəfə bu əsərdə Ulu Öndərimiz Heydər Əliyevin obrazı yaradılmış, obrazın simasında Heydər Əliyevçilik-Azərbaycançılıq vahid siyasi fikir sahəsi kimi özünün professional səhnə təcəssünümü tapmışdır. Keçən əsrin sonlarında Sovet İmperiyasının çöküşü ilə Qafqazlarda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Ulu Öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi Azərbaycanlıların erməni sovinistləri ilə gərgin müharizəsini əsas ideya kimi irəli sürən əsər Azərbaycan xalqının başına gətirilən bəlaların mükəmməl təsviri, unikal səhnə həlli idi. Yazıçı-publisist Hidayət bütün yaradıcılığı ərzində müşahidə etdiyi, real hadisələri bədii təxəyyül süzgəcindən keçirərək ictimai-siyasi siqləti aparıcı olan ədəbi nümunələr yaratmaqla, onu ən çox düşündürən, hisslərinə toxunan el-obasının yaşadığı ağrı-acı, tükürpərdən mohnət, yurd-yuva nisqili, erməni fitnəkarlığı nəticəsində yalın ayaq qalmış yurddaşlardlr. Yeri gəlmişkən, bu əsərdə, xüsusilədə, Aqşin Babayevin “Xilaskar” əsərində Ulu Öndərin obrazını canlandıran monoqrafiya müəllifinin, aktyor İftixar Piriyevin peşəkarlığını xüsusi qeyd etmək istəyirəm. Bu obraz sanki onun boyuna biçilmiş, səsi, yerişi, əl-qol hərəkəti, imkanları ilə Heydər Əliyev obrazının mükəmməl yaradıcısı kimi milli teatr tarixinə düşmüşdür.
Onun “Hidayət və teatr” monoqrafiyasının sonuncu fəsli də çox maraqla oxunur. Çünki Hidayət yaradıcılığını, bir az da geniş mənada Hidayətin çoxşaxəli yaradıcılığını tamamlayan publisistikasına, xüsusiə Hidayətin teatr fəaliyyəti və teatra dair tədqiqi məqalələri ilə teatr tariximizin inkişafında xidmətlərinə ayrıca fəsil həsr etməsi, onun teatr və estetik-kulturoloji görüşlərinə xüsusi önəm verməsi ciddi sənətşünas təsəbbüsü kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, sənətşünas, teatr tənqidçisi İftixar Piriyevin “Hidayət və teatr” monoqrafiyası görkəmli ziyalı və sənət adamı haqqında sanballı tədqiqat işi olmaqla, onun sənətşünaslıq camiəsində öz yerini tutması baxımından ciddi tədqiqat kimi də dəyərləndirilə bilər.
Monoqrafiyanın elmi redaktoru olan görkəmli sənətşünas professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin orijinal tədqiqat üslubuna xas olan girişi ilə başlayır. O yazır: “Zaman adlı ölçünün imtiyazlarından biri odur ki, onun tərkibində mövcud olan hər şeyi-insanları, taleləri, fakt və hadisələri, olanları və ola biləcəkləri istədiyin qaydada sıralamaq mümkündür. Bu sıralamanın nəticəsində yaranan sənət əsərlərinin öz qanunauyğunluqları, şərtləri, imkan və qadağaları çərçivəsində istənilən məsələni indi, bu an kənar və yad təsirlərə məruz qalmadan araşdırmaq olur: Bu yanaşma teatr prosesinin tədqiqində öz konstruktivliyini daha bariz şəkildə göstərir. Biz bu yanaşmanın şahidləri kimi teatr sənətinin dünəni, bu günü və gələcəyi ilə ilişkili olan hər yeni əsəri bir qayda olaraq zamanın hərəkəti və hərəkətin zamanı müstəvisində təhlil etməyə daha çox önəm veririk. ...Hidayətin dramaturgiya və nəsrində olduğu kimi, publisistikasında da əsas mövzu insan, onun daxili dünyası, mənəvi aləmi, dünənə, bu günə, sabaha baxışı, estetik idealıdır. Həqiqətən də bu ideal Hidayət publisistikasının özəyini təşkil edir”. Monoqrafiyanın müəllifi İftixar Piriyev isə vurğulayır ki, “Onun publisist qələmindən çıxan hər yazıda xalqın, millətin, vətənin kədəri, itirilən torpaqlarımızdan qalxan el fəryadı, qəlb harayı, millətimizin mənəvi-əxlaqi dəyərləri dayanır: Vətəndaş mövqeyi həmişə xalqa məhəbbətdən güc alan Hidayət publisistik yazılarında milli mədəniyyətimizə bağlı təəssübkeşlik missiyasını uğurla daşımaqda davam edir:”
Bütün bunlara rəğmən III fəsil, 10 yarımfəsildən ibarət olmaqla monoqrafiya onsuz da öz dövründə yetərincə tanınan Hidayət Orucovu yeni bir rakursda bizə təqdim etmək baxımından ədəbi-mədəni hadisə kimi qiymətləndirilə bilər.
Mən Hidayət müəllimə can sağlığı arzulayır, eləcə də monoqrafiyanın müəllifinə, dostum İftixara bu vətəndaş təəssübkeşliyindən qaynaqlanan “Hidayət və teatr” monoqrafiyasına görə bir daha təşəkkür edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Həsən Bayramov
Pedaqoji elmlər doktoru
Palitra.-2019.-3 dekabr.-S.13.