Nazir müavini: Kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin yeni mərhələsi başlıyıb

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə kənd təsərrüfatı sahəsinə birbaşa dövlət dəstəyinin yeni mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) kənd təsərrüfatı üzrə yüksəksəviyyəli ekspertlərinin dekabrın 3-də Bakıda keçirilən V iclasında deyib.

Nazir müavini bildirib ki, son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər yaranıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1 faiz artım müşahidə olunub və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb.

Aqrar sahədə inkişafın ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərdiyini diqqətə çatdıran E.Zeynalov deyib: “Aqrar sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 16,3 faiz artıb. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları dövlət tərəfindən ciddi şəkildə dəstəklənir. Dəstək müxtəlif mexanizmlər vasitəsilə həyata keçirilir. 2007-ci ildən başlayaraq, kənd təsərrüfatı məhsulları istehsalı dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilib. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Eyni zamanda, bir sıra kənd təsərrüfatı təyinatlı istehsal vasitələri, kənd təsərrüfatı və emalı texnikası və avadanlıqları, o cümlədən heyvanlar, bitkilər və s. qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunub. Kənd təsərrüfatı sahəsində güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı təyinatlı texnikanın güzəştli şərtlərlə satışını və lizinqi, həmçinin damazlıq heyvanların 60 faiz güzəştlə lizinq yolu ilə satışı həyata keçirilir. Bundan əlavə, kənd təsərrüfatında elektron kənd təsərrüfatı sisteminin qurulması və aqrar sığorta ilə bağlı hazırda geniş tədbirlər reallaşdırlır”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın regionlarında beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır: “Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və kənd turizmi kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir. İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır. Bu gün keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı sahəsi üzrə yüksəksəviyyəli ekspertlərinin V iclasının gündəliyində əks olunan prioritet məsələlər hər biri üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin VI və yüksəksəviyyəli ekspertlərin V iclasına ev sahibliyi edərək, bu gün bir sıra vacib məsələlərin müzakirəsinə və həllinə nail olacağıq və bununla da, ECO-ya üzv ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və ECO regionunda investisiyaların təşviqinə mühüm töhfə verəcəyik”.

Nigar

Palitra.-2019.-4 dekabr.-S.10.