Xarkovda Nəsiminin qəzəllər toplusu
təqdim olunub
Xarkov şəhərində dahi Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr
olunmuş tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin
İnformasiya və Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə şairin Ukraynada işıq
üzü görmüş “И шляхом Истини постав я сам…” (“Haqq yolu
mən özüm oldum”) kitabı (Dövlət Tərcümə
Mərkəzi) ictimaiyyətə təqdim edilib.
Ukraynanın
elm və sənət adamlarının, media və ictimaiyyət
nümayəndələrinin qatıldığı
toplantıda AESAL-ın ədəbiyyat məsələləri
üzrə katibi Dmitri Çistyak, V.Karazin adına Xarkov Milli
Radioelektronika Universitetinin beynəlxalq əməkdaşlıq
üzrə prorektoru Aleksandr Xijnyak, tanınmış elm
xadimi, professor Lyubov Kalaşnik, tanınmış Ukrayna
şairi, tərcüməçi Sergey Borşevski, Xarkov
şəhəri icra başçısının müavini
Svetlana Qorbunova-Ruban, Ukraynanın Xalq rəssamı, Xarkov
Dövlət Dizayn və İncəsənət
Akademiyasının professoru Seyfəddin Qurbanov və digərləri
iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Ukrayna “Dostluq” cəmiyyətinin
rəhbəri Murad Ömərov böyük şairin
yaradıcılığı barədə fikirlərini
bölüşüb, Nəsimi poeziyasının dünya
söz xəzinəsinə bəxş etdiyi əsərlərinin
əhəmiyyətindən danışıb.
Tədbirdə
Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin “Dünya ədəbiyyatı”
kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyatı
və yaradıcılığı haqqında məruzəsi
dinlənilib.
Məşhur
heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi
ilə Nəsiminin Kiyev şəhərində ucaldılan
büstünün açılış mərasimindən və
Ukraynada “Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən
bəhs edib.
Tanınmış
artist, Xarkov filarmoniyasının əməkdaşı Roman
Bayraqdar tədbirdə aparıcı qismində
çıxış edib.
Ukraynanın
əməkdar incəsənət xadimi Nina Suprunenko, “Memorial”
ictimai təşkilatının fəxri üzvü Viktor
Zubov, tanınmış qiraət ustası Lyusina Xvorostun
ifasında Nəsiminin Ukrayna dilində qəzəlləri səsləndirilib.
Tədbirin sonunda “Dostluq” cəmiyyətinin yetirmələri Nəsiminin
qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları
iştirakçılara təqdim ediblər.
Palitra.-2019.-4 dekabr.-S.13.