“Fəxr edirəm ki, Gömrük
Akademiyasında təhsil almışam”
İskəndərli Nəcəf İskəndər
oğlu 2017/2018-ci tədris ilində
Dövlət Gömrük Komitəsinin
Akademiyasının “Hüquqşünaslıq”
ixtisasını bitirən ilk məzunlarından
biridir. Nəcəf İskəndərli
Dövlət Gömrük Komitəsinin
“Azərterminalkompleks" Birliyinin Analitik şöbəsinin inspektoru
vəzifəsində çalışır, gömrük
xidməti kiçik leytenantıdır.
Hazırda o, Şimal ərazi
Baş Gömrük
İdarəsinin Şirvanlı gömrük
postuna təhkim olunub.
Tələbəlik müddətində Akademiyada,
həmçinin Akademiyadan kənar respublika və beynəlxalq səviyyəli elmi, sosial və mədəni
tədbirlərdə fəal iştirak edib. Akademiyanın Tələbə Gənclər
Təşkilatının üzvü olub. İlk sualımız
da bununla bağlı oldu.
- Nəcəf, siz təhsil müddətində tədbirlərdə
fəal iştirak edən tələbə
olmusunuz. Akademiyadakı tələbə həyatı
və təhsil haqda nə deyə bilərsiniz?
- Akademiyada tələbə
həyatı çox maraqlıdır, həm
də xüsusi nizam-intizamla
seçilir. Akademiyadakı təhsil
yüksək səviyyədədir, müəllimlərə dərin
minnətdarlığımı bildirirəm və sevinirəm
ki, savadlı müəllimlərdən dərs
almışam. Onu deyə bilərəm ki, Akademiyanın bütün
müəllim heyətinin savadı, tələbələrlə
davranışları yüksək səviyyədədir, tədris
prosesində nizam-intizamın öyrədilməsi də
hal-hazırkı iş rejimimdə çox böyük rol oynayır.
- Gömrük
xidmətində çalışmaq sizin üçün nədir?
- Gömrük xidmətində
çalışmaq mənim üçün
xalqa, millətə layiqli
dövlət qulluqçusu olmaqdır. Bununla yanaşı, arzularımın gerçəkləşməsi,
bir sözlə desəm, şərəfdir.
- Gömrük
xidmətində çalışmağınızda
Akademiyanın rolu barədə nə deyə
bilərsiniz?
- Gömrük xidmətində
çalışmağımda Akademiyanın rolu
çox böyükdür.
2017/2018-ci tədris ilində “Hüquqşünaslıq”
ixtisasını bitirən ilk məzunlardan
biriyəm. Akademiyanı bitirdikdən sonra
bir il Azərbaycan
Silahlı Qüvvələrində hərbi xidmət keçdim. 2019-cu ilin yayında
xidmətimi başa vurduqdan
sonra gömrük xidmətində
çalışmaq üçün Komitəyə
müraciət etdim. Məhz Gömrük Akademiyasının məzunu olaraq müsabiqədən kənar gömrük xidmətində işlə təmin
olundum.
- İşə
qəbul olduğunuz zaman
ilk kimə xəbər etdiniz?
İlk iş gününüz necə keçmişdi?
- İşə qəbul olduğum
barədə ilk anama
xəbər verdim. İlk
iş günüm
maraqlı keçmişdi. Düzü, həyəcan yox
idi, çünki Akademiyada oxuduğum illərdə
müxtəlif işlərdə
çalışdığıma görə iş
prosesinin nə olduğunu
artıq bilirdim.
- Akademiyada
əldə etdiyiniz biliklər iş fəaliyyətinizdə köməyinizə
çatırmı?
- Bəli, çox köməyimə çatır. Akademiyada əldə etdiyim bilikləri iş rejimində tətbiq edəndə həqiqətən, fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam. Bu hissi hamıya arzu edirəm.
Tural
Palitra.-2019.-6 dekabr.-S..15.