"Nəsimi 650: haqqın
carçısı" mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib
"Nəsimi 650: haqqın
carçısı" mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib.
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin
moderatorluğu ilə tədbir Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) təşkilatçılığı
ilə reallaşıb.
“Qurani-Kərim”in tilavəti ilə
başlayan konfransda
çıxış edən QMİ sədri Şeyxülislam
Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Prezident İlham Əliyevin milli mədəniyyətimizə,
xalqımızın tarixi dəyərlərinə
göstərdiyi böyük diqqətin təzahürüdür.
Qeyd edib ki, ulu öndər Heydər
Əliyev Suriyaya səfəri zamanı Nəsiminin
qəbrini ziyarət etdi. Bununla
da Nəsimiyə və onun
yaradıcılığına baxış dəyişdi. Nəsimi
haqqında çoxlu əsərlər
yazılıb. Lakin onun
yaradıcılığının tədqiqi istiqamətində
hələ də böyük işlər
görülməlidir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq
yazıçısı Anar dahi şair İmadəddin
Nəsiminin yaradıcılığı ilə bağlı ətraflı
məlumat verib. Bildirib
ki, keçmiş
Sovetlər İttifaqı dövründə Nəsiminin ateist kimi təqdim
olunması tamamilə yanlış idi. Böyük şair öz əsərlərində dəfələrlə
müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı qeyd edib ki, Prezident İlham
Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan etməsi təkcə
Nəsiminin deyil, eyni zamanda, digər böyük
mütəfəkkirlərimizin də yaradıcılığının
araşdırılması baxımından əhəmiyyətlidir.
Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük bir qayıdışdır. Çünki
uzun illər tariximizi
araşdırmaq bizim öz
əlimizdə olmayıb. Bu gün biz tariximizə
yenidən baxır və böyük
şəxsiyyətlərimizə lazım olan
qiyməti veririk.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyət daşıdığını bildirib. V.Əliyev deyib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, “Nəsiminin
şeirləri nə deyir?”
kitabının müəllifi Vüsal Hətəmov,
Tehran Ali məktəblərinin
türk və fars dilləri
üzrə müəllimi Hüseyn Məhəmmədzadə
Sədiğ, Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun
direktoru Möhsün
Nağısoylu, Yeni Azərbaycan qəzetinin
baş redaktoru Hikmət
Babaoğlu və digər
çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi
sərvətləri üzərində ucalan
və bədii söz sənətinin son dərəcə qiymətli incilərini
yaradan dahi mütəfəkkirin
yaradıcılığının müxtəlif məqamlarına
toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına
yaxın olsa da, sonradan hürufiliyin
aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən
dönməyib.
Palitra 2019.- 6 dekabr.- S.4.