Madriddə İmadəddin Nəsiminin
650, Aşıq Veysəlin isə 125 illiyi
qeyd olunub
Prezident
İlham Əliyevin böyük Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına
uyğun olaraq ədibin həyat və
yaradıcılığına həsr olunmuş növbəti
tədbir Madrid şəhərində yerləşən
Kantabriya Mədəniyyət Mərkəzində
keçirilib.
Tədbir Azərbaycan və Türkiyənin
İspaniyadakı səfirliklərinin, Yunus
Əmrə İnstitutunun, TÜRKSOY-un
və Kral Xuan Karlos Universiteti yanında
“Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı
ilə reallaşıb.
Tədbirin açılış
mərasimində çıxış edən Azərbaycanın
İspaniya Krallığındakı səfiri
Anar Məhərrəmov Prezident
İlham Əliyevin müvafiq
Sərəncamı ilə 2019-cu ilin
ölkəmizdə “Nəsimi ili” elan edilməsinin xalqımızın çoxəsrlik
ənənələrə malik bədii və
fəlsəfi həyatında dərin iz qoymuş mütəfəkkir
şair İmadəddin Nəsiminin zəngin
irsinin dünya
ictimaiyyətinə çatdırılması
baxımından əhəmiyyətindən söhbət
açıb. Ədibin yaradıcılığının əsasında
humanizm və tolerantlıq kimi
ümumbəşəri dəyərlərin
dayandığını bildirən diplomat
şairin əsərlərinin dünya, o cümlədən
türk xalqlarının ədəbiyyatına,
mədəniyyətinə, bədii-ictimai fikrinin
inkişafına töhfəsindən bəhs edib.
Səfir A.Məhərrəmov xüsusi
olaraq diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli
tədqiqi və təbliği ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Nəsiminin anadan olmasının
600 illiyinin keçirildiyi
vaxtdan başlanır. Məhz
bu baxımdan, 1973-cü ildə böyük söz
ustasının 600 illik yubileyi
UNESKO-nun görkəmli şəxsiyyətlərin
və əlamətdar hadisələrin yubileyləri
siyahısına daxil edilmiş
və beynəlxalq miqyasda qeyd
olunmuş, həmin dövrdən etibarən
Nəsimi yaradıcılığı ilə bağlı çoxsayda araşdırmalar
aparılmışdır.
Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş şəkildə təşviq olunduğunu qeyd edən səfir A.Məhərrəmov, bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində çap etdirilmiş, şairin ədəbi yaradıcılığının nümunələrini özündə ehtiva edən “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nassimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb.
Anar Məhərrəmov Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə mütəfəkkir şair
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir
gün ərzində respublikamızda 650 min ağacın əkilməsi
kampaniyasının ölkədə sağlam
həyat tərzinə verilə töhfənin, habelə
Nəsimi ideyalarından qaynaqlanan humanizm təşəbbüsünün təzahürü
olduğunu bildirib.
Daha sonra
çıxış edən Türkiyə
Respublikasının İspaniyadakı səfiri Cihad Erginay türk
dünyasının iki böyük
şairi – Nəsimi və Aşıq Veysəlin
yaradıcılığındakı ideyalardan
söz açıb. Mədəni-mənəvi
dəyərlərin təbliği baxımından Nəsimi və
Aşıq Veysəl irsinin ətraflı
şəkildə öyrənilməsinin vacibliyini
qeyd edərək, bu mənada
Azərbaycanın İspaniyadakı səfirliyi ilə birgə
təşkil olunmuş mərasimin əhəmiyyətini
xüsusi olaraq
vurğulayıb. Özündən əvvəl
yaşayıb-yaratmış aşıqların irsinin sonrakı nəsillərə
ötürülməsində böyük
rol oynamış Aşıq Veysəlin
yaradıcılığında dostluq, vətən
sevgisi kimi ümumbəşəri
dəyərlərin əks olunduğunu, bu baxımdan da
aşığın 125 illik yubileyinin 2019-cu ildə Türkiyədə,
habelə Türkiyədən kənarda geniş
şəkildə qeyd edildiyini
diqqətə çatdırıb.
TÜRKSOY-un nümayəndəsi Timur Davletov təmsil etdiyi təşkilat
tərəfindən 2019-cu il ərzində
həm İmadəddin Nəsiminin 650 illik
yubileyinin, həm də Aşıq Veysəlin
125 illik yubileyinin təntənəli
şəkildə qeyd edilməsi ilə
bağlı keçirilmiş tədbirlər
barədə məlumat verib. T.Davletov Azərbaycanın
və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun,
TÜRKSOY-un və Kral
Xuan Karlos Universiteti yanında “Alisiya
Alonso” Rəqs İnstitutunun
birgə təşkilatçılığı ilə
keçirilən tədbirin hər iki şairin yaradıcılığının təşviq
edilməsi baxımından vacibliyini qeyd edib.
Azərbaycan Yazıçılar
Birliyinin nümayəndəsi Sayman Aruz İmadəddin Nəsiminin
dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq
yer tutan əsərlərində
insan əzəmətinin və şəxsiyyətin
azadlığının tərənnüm edildiyini
bildirib. S.Aruz Nəsiminin həqiqət
naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşdirildiyini qeyd edərək, sənətkarın
yaradıcılığının bir
sıra xalqların bədii-ictimai fikrinin
inkişafına xidmət etdiyini diqqətə
çatdırıb.
Yunus Əmrə İnstitutunun direktoru Ersin Adıgözəl,
Kral Xuan Karlos Universiteti yanında
“Alisiya Alonso” Rəqs İnstitutunun icraçı katibi
Luis Yerena Nəsimi və
Aşıq Veysəlin yaradıcılığına nəzər
salaraq, onların tolerantlığın, sülhün və humanizmin
təşviqinə töhfələrindən bəhs ediblər.
Daha sonra
“Alisiya Alonso” Rəqs İnstitutunun tələbələri ispan dilində İmadəddin Nəsiminin və
Aşıq Veysəlin əsərlərindən parçalar səsləndiriblər.
Tədbirin davamında soydaşımız, aşıq Ramin Qarayevin ifasında Nəsiminin “Sığmazam” qəzəli, Türkiyəli aşıq Kamber Narın ifasında isə Aşıq Veysəlin şeirləri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tədbir zamanı Nəsiminin həyat
və yaradıcılığına həsr olunmuş
videoçarxlar, o cümlədən
Azərbaycan əsilli tanınmış musiqiçi
Sami Yusufun dahi Azərbaycan şairi
İmadəddin Nəsiminin "Sığmazam" qəzəli
əsasında musiqi kompozisiyasından və
“Nəsimi” filmindən parçalar nümayiş etdirilib.
Xüsusi
olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin,
turizm potensialının təbliği ilə bağlı
müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi
şairin 650 illik yubileyinə həsr olunmuş, səfirlik tərəfindən
çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə
buraxılmış xüsusi poçt markalarının, Heydər
Əliyev Fondu tərəfindən çap etdirilmiş,
İ.Nəsiminin əsərlərini özündə ehtiva edən
kitabların, habelə “İRS” jurnalının ədibin həyat
və yaradıcılığını əhatəli şəkildə
əks etdirən buraxılışlarının təqdimatı
keçirilib.
Palitra 2019.- 6 dekabr.- S.2.