Dünya azərbaycanlılarını
virtual həmrəyliyə aparan yollar
Virtual həmrəylik
zamanın tələbi və hər hansı fəaliyyətin
təsir gücünü artırmaq üçün strateji
keçiddir
Dünya azərbaycanlılarının təşkilatlanması,
müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi,
mədəni və mənəvi əlaqələrin
inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Hazırda Azərbaycan
dövləti dünya azərbaycanlılarının həmrəyliyinə
nail olmaq üçün ardıcıl siyasət yeridir. Diaspor quruculuğu sahəsində dövlət siyasətinin
məqsədi xaricdə yaşayan soydaşlarımızın
milli özünəməxsusluğunu qorumaq və inkişaf
etdirmək, Azərbaycanla əlaqələrini genişləndirməkdən
ibarətdir. Bu gün Azərbaycan dövlətinin
diaspor siyasətinin prioritetlərindən biri də vətənimizin
hüdudlarından kənarda məskunlaşmış
milyonlarla soydaşlarımızın formalaşması,
bir-birini tanıması və vahid bir amal ətrafında birləşdirilməsidir.
Buna nail olmaq üçün müasir
informasiya-kommunikasiya texnologiyalarının (İKT) da tətbiqinin
əvəzsiz rolu var.
Hazırda internet dünyanın nizam-intizamını
ictimai-siyasi olaraq tamam dəyişib. Virtual aləm dünya
içində bir dünya olub. Artıq istər
fərdi, istərsə də ümumi ictimai fəaliyyətlər
də yeni dövrün tələblərinə uyğun
qurulmalıdır. Bu baxımdan dünya azərbaycanlılarının
üzərinə böyük məsuliyyət
düşür. Xüsusən, xaricdə
yaşayan soydaşlarımız, Azərbaycan diasporunun
inkişafında və xaricdə yaşayan azərbaycanlıların,
xüsusilə diaspor nümayəndələrinin Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında çevik addımlar
atmalıdırlar. Əlbəttə ki, bu
baxımdan internetin gücündən istifadə edilməsi
vacib amildir. Əsasən də sosial
medianın əhəmiyyəti daha böyükdür. Xaricdəki soydaşlarımız sosial mediada kifayət
qədər aktivdirlər. Lakin bu işdə
də həmrəyliyə ehtiyac var. Xaricdə yaşayan həmvətənlərimiz
sosial mediada həmrəylik nümayiş etdirərək aktiv
olarsa, Azərbaycan həqiqətləri dünyaya daha çox
yayılar. Ulu öndər Heydər
Əliyev tərəfindən Azərbaycanda 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi
Gününün bayram kimi qeyd olunması milli diasporun təşkilatlanmasında,
Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan
biri olmuşdur. Lakin biz 28 ildir Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü 31 dekabrda qeyd etməklə
real həmrəy olmağa çalışırıq. Müasir dövrdə elə bu günün əhəmiyyət
və effektivliyini daha da gücləndirmək
üçün virtual həmrəyliyimizi
artırmalıyıq.
Azərbaycan
diasporunun sürətlə inkişafına necə nail olmaq?
Virtual həmrəylik dünya azərbaycanlıları
üçün çox önəmlidir. Bu, zamanın
tələbi və hər hansı fəaliyyətin təsir
gücünü artırmaq üçün strateji
keçiddir. Azərbaycanın xaricdə təbliğat
və tanıtımını aparmaq üçün əsas
taktiki yolların internet üzərindən görülməsinə
ehtiyac var. Bunun üçün də heç də xaricdə
yaşayıb diaspor olmağa ehtiyac yoxdur. Virtual
məkana daxil olub təbliğat aparanların hamısı elə
“virtual diaspor”dur. AMEA-nın vitse-prezidenti, İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim
Əliquliyev bizimlə söhbətində dedi ki,
informasiya-kommunikasiya texnologiyalarının
açdığı imkanlardan istifadə edərək Azərbaycan
diasporunun daha da sürətlə inkişafına nail olmaq
olar: “28 il ərzində əldə etdiyimiz ən mühüm
nailiyyətlər sırasında diaspor qruculuğunun
formalaşdırılması və inkişaf etdirilməsini də
qeyd etməliyik. Diaspor qruculuğuna bir mürəkkəb
sistem kimi baxmaq lazımdır. Biz artıq
dünya azərbaycanlılarının diaspor olaraq
formalaşma mərhələsini keçmişik. Qarşımızda bunu inkişaf etdirmək,
monoloitləşdirmək, həmrəyliyin dərinliyini
artırmaq durur. Bu da yaxşı arzudur.
Amma bunu həyata keçirmək bir qədər
çətindir, bir qədər də asandır. Asandır ona görə ki, artıq dünya
qloballaşıb, internet, vef-saytlar, sosial şəbəkələr
var. Yəni informasiya texnologiyaları insanların birləşməsi,
ünsiyyət qurması üçün çox gözəl
imkanlar yaradıb. Amma çətinlik ondan
ibarətdir ki, məhdudiyyətlər, ziddiyyətlər var. Bəzi
hallarda hətta adı, soyadı, azərbaycanlı olsa da dili
bilmir. Dili bilmirsə, Azəbaycan məlumatlarına,
ədəbiyyatına çıxışı olmur. Bunların hamısı problemlərdir. Müvafiq qurumların, xüsusən də Diasporla
İş üzrə Dövlət Komitəsinin (DİDK) bu və
digər diaspor problemlərinin aradan qaldırılması
üçün atdıqları addımlar müsbət
effektini verir”.
Diaspor
qruculuğu işində informasiya texnologiyalarının
rolundan danışan akademik Rasim Əliquliyev bildirdi ki,
müxtəlif ölkələrdə azərbaycanlıların
birləşməsi üçün problemlərin həllində
İKT əvəzsiz rola malikdir: “Məsələn,
DİDK-nin sifarişi ilə bizim institut tərəfindən
“Vurtual orta məktəb” layihəsi həyata keçirilib. Həmin layihədə əsasən orta məktəb
fənləri üzrə materiallar yerləşdirdik ki,
dünya azərbaycanlıları, xüsusən körpələr
bu məlumatları öyrənsinlər. Artıq
diaspor qruculuğu işi elmi əsaslarla həyata keçirilməlidir.
Yəni dini, tarixi, coğrafi, mədəni, dil
aspektdən alimlərimiz tərəfindən problemlər
araşdırıla bilər. Bu il biz
“Azərbaycan alimləri diasporu” informasiya sistemi –
www.elmidiaspora.az saytını istifadəyə verdik. Ölkəmizdən
kənarda fəaliyyət göstərən (hətta göstərmiş,
vəfat etmiş) müxtəlif insanlar haqqında məlumatları
toplayıb hamı üçün açıq olan Azərbaycan,
ingilis və rus dilində belə bir resursun onlayn
yazılması ağır iş idi. Biz bunu hazırlayarkən
müvafiq dövlət qurumlarının, Xarici İşlər
Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin,
Təhsil Nazirliyinin, AMEA-nın, eləcə də, müxtəlif
diaspor qurumlarının imkanlarından istifadə etmişik. Onların hər birinə ayrı-ayrılıqda
müraciət edərək bu sistemi yaratmışıq.
Saytda bütün dünyaya Azərbaycan
xalqının çox layiqli, elmə töhfə verən
alimləri haqqında məlumat yer alıb”.
“İKT
diaspor fəaliyyətlərinin dünyaya açılma
yoludur”
Bu gün sevindirici haldır ki, xaricdə yaşayan və təhsil alan gənclərimiz yeni dövrün tələblərinə uyğun olaraq öz təbliğati işlərində informasiya kommunikasiya texnologiyalarına üstünlük verirlər. Onlar bunu ən zəruri amil bilərək praktiki işlərində tətbiq edirlər. Gənclərin İKT-yə bu cür maraqlı olması, hər halda, onların təhsillərindən də irəli gəlir. Yəni gənclər təhsil aldıqları xarici universitetlərdə həm də İKT biliklərinə yiyələnirlər. Ayrıca onlar təhsili, əsasən, məhz İKT vasitəsilə alırlar. Bütün bunlar bu və ya digər formada onların ictimai fəaliyyətlərinə də müsbət mənada təsir edir. Elə bunun nəticədir ki, son illər xaricdəki gənclərin bir çox fəaliyyəti effektiv nəticə verir. Əvvəllər diaspor hədəfinə çatmaq üçün 10 ilə gedilən yolu, müasir gənclik çox az müddətə qət edir. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının rəhbəri Rəşad Bədirli qəzetimizə bildirdi ki, regionun ən dinamik ölkəsi kimi inkişaf edən Azərbaycan bu gün İKT-nin inkişaf etdirilməsi üçün böyük imkanlara malikdir: “Azərbaycanın diaspor təşkilatları və diaspor sahəsində aktiv olan gənclərimiz İKT-dən səmərəli şəkildə istifadə etməyi qarşılarına ilk şərt kimi qoymalıdırlar. Xaricdəki soydaşlarımızın diaspor fəaliyyətində həqiqətlərin cəmiyyətə ötürülməsində İKT-nin vacibliyi əsasdır. İKT sahəsində uğurlu addımlarımız göz önündədir. Bir çox diaspor təşkilatlarımızın internet kanalı və xəbər saytları mövcuddur ki, düzgün məlumatları həm Azərbaycan dilində, həm də təşkilatın yerləşdiyi ölkənin dilində əhaliyə çatdırır. Əlbəttə ki, bunlar yetərli deyil, daha geniş işlər görmək vacibdir. Diaspor təşkilatlarımız gərək həmin ölkənin yerli televiziya kanalları və xəbər portalları ilə sıx əməkdaşlıq etsin ki, istəyimizə yeri gəldikcə layiqli formada çataq. Bir məsələni qeyd edim ki, Kiprdə hər gün səhər saat 5-də radionu açdıqda ilk olaraq Azərbaycan mahnılarının Rübabə Muradova tərəfindən səslənməsi insana xoş təəssürat bağışlayır. Bunu deməkdə məqsədim odur ki, Azərbaycanımız haqqında məlumatların xaricdə radiolarda və televiziya kanallarında səslənməsi gözəl bir addımdır”.
Hazırda informasiya müharibəsi dövrünün olduğunu deyən R.Bədirlinin fikrincə, gərək bu müharibədə düzgünlük və səlistliklə qalib gələsən: “Erməni yalanlarının dünyaya çatdırılması üçün Azərbaycan diaspor nümayəndələrinə də İKT-dən səmərəli faydalanmaq vəzifəsi düşür. Bildiyimiz kimi, sosial şəbəkələrdə aktiv gənclərimizi görmək mümkündür. Çox gözəl haldır, amma bu işi daha da genişləndirmək lazımdır ki, bütün sosial şəbəkələrdə eyni dərəcədə aktivlik olsun”.
Ənənəvi tədbirçilikdən
çıxıb virtual tədbirlərə keçid etməyin
faydaları
Biz hər zaman vurğulayırıq ki, diasporun strategiyası həyata keçirmək üçün taktiki yollar zamana görə dəyişməlidir. Hazırda bu taktikada internet üzərindən olan layihələrə üstünlük verilməlidir. Bu həm də bizim informasiya müharibəsində gücümüzü artırmış olar.
Azərbaycanla bağlı yeni brendlərin
yaradılması da vacib amildir. Bu, xaricdəki
soydaşlarımıza ölkəmizin
tanıtımının aparılması işində əhəmiyyətli
rol oynayır. Amma, hər halda, mövcud brendlərdən də
istifadə etmək olar. Hazırda yeni iqtisadi siyasətin əsas
istiqamətlərindən biri də “Made in Azerbaijan” brendi
altında qeyri-neft məhsullarının istehsalı və
xarici ölkələrə satılmasının təşviqidir.
“Made in Azerbaijan” brendi altında xaricdəki beyin məhsullarımız
da nəzərdə tutulmalıdır. Bu gün xaricdə
öz unikal ixtiraları ilə özünəməxsus yer
tutan soydaşlarımız var. Həmin insanları üzə
çıxarıb “Made in Azerbaijan” brendi altında təbliğ
etmək olar.
Ümumiyyətlə isə “Made in Azerbaijan”
brendinin virtual təbliğatını gücləndirib
dünya gündəminə çıxarmaqla daha effektiv nəticə
əldə etmək olar.
Ənənəvi tədbirçilikdən
çıxıb virtual tədbirlərə keçid etməyin
bir neçə faydası var. Əvvəla, dünyanın
dörd bucağında yaşayan soydaşlarımız
bir-birlərini heç bir məsafə qət etmədən
tanıyırlar. İkincisi, tədbirlərin məsrəfsiz
keçirilməsidir. Xaricdəki bir
çox soydaşlarımız hər hansı şəhərdə
tədbir keçirilərkən ora getmək üçün
yolxərci və vaxtın olmamasını əsas gətirirlər.
İnternet üzərindən olan tədbirlərdə
isə bu xərclər, demək olar ki, sıfıra enir.
Bu formalı layihələr daha tez ictimai effekt
verir. Ayrıca, belə layihələr
keçirildikcə soydaşlarımızda bir-birinə inam və
etimad daha da artacaq. Bu da təbii şəkildə
sonda elə soydaşlarımızı virtual həmrəyliyə
aparacaq. Lakin bu işlərdə hər
hansı soydaşımızdan çeviklik tələb olunur.
Ən əsası da hər kəs bunu bir
könül işi bilməlidir. Bu gün
hər birimiz özümüzü informasıya müharibəsinin
əsgərləri bilməliyik.
Müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızla əlaqələrin genişləndirilməsini
xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən
keçirən dövlət başçısı İlham
Əliyev ölkədəki sosial-iqtisadi inkişaf
strategiyasının mahiyyətinə uyğun olaraq diaspor
quruculuğu sahəsində dövrlə səsləşən
genişmiqyaslı tədbirlərin həyata keçirilməsini
vacib sayır.
Bu yöndə aparılan dövlət siyasətinin
mahiyyəti dünya azərbaycanlılarının potensial
imkanlarını müstəqil dövlət quruculuğu
prosesində meydana çıxan müxtəlif problemlərin
həlli naminə səfərbər etmək, milli birliyə,
həmrəyliyə və mütəşəkkilliyə nail
olmaqdır.
Fuad Hüseynzadə
Palitra 2019.- 6
dekabr.- S.12.