“Protokollar
tibbi sığortanın uğurlu
tətbiqinin ayrılmaz şərtidir”
Ceyhun Məmmədov: “Biz
hər zaman pozitiv təcrübəmizi
bölüşməyə hazırıq!”
Ölkəmiz icbari tibbi sığortanın tətbiqi ərəfəsindədir. Bu keçid dövrü çox məsuliyyətli və həyəcanlıdır – icbari sığorta xidmətinə keçdikdə, səhiyyəmizin taleyi necə olacaq?
Bu məsələ ilə
bağlı bizi narahat
edən sualları Dövlət Gömrük
Komitəsinin Tibbi Xidmət İdarəsinin
rəisi, tibb xidməti polkovniki,
əməkdar həkim, tibb üzrə fəlsəfə
doktoru, Nyu-York Universitetinin magistri Ceyhun Məmmədova ünvanladıq.
- Heç
kimə sirr deyil ki, Gömrük Komitəsi
hazırda köklü islahatlar,
neqativ stereotiplərin
dağıdılması dövrünü
yaşayır. Bu, Tibbi
Xidmət İdarəsinin və Mərkəzi Gömrük
Hospitalının işində özünü
necə göstərir?
- Tam haqlısınız. Dövlət başçısının uzaqgörən
və ardıcıl siyasətinin nəticəsi olaraq bu gün
Gömrük Komitəsində sadəcə
imicin deyil, Azərbaycanda
gömrük işinin
məhz təşkili prinsiplərinin dəyişdirilməsi
üzrə genişmiqyaslı işlər aparılır.
Komitənin sədri general-leytenant
Səfər Mehdiyevin təşəbbüs
etdiyi islahatlar nəticəsində
qısa müddət ərzində nəzərəçarpan
və əhəmiyyətli nəticələr əldə olunub. Əlbəttə ki,
bütün bunlar bizim Tibbi Xidmət İdarəsi,
həmçinin, onun nəzdində olan Gömrük
Hospitalından da yan
keçməyib. Pozitiv dəyişikliklər
və şəffaflıq şəraitində bizim
xidmətdə artıq çoxdan yetişmiş kadr və struktur dəyişiklikləri aparmaq
sözsüz ki, daha asan oldu.
- Dəqiq olaraq nəyi nəzərdə tutursunuz?
- Son bir il ərzində transplantologiya, uşaq və
böyüklər üçün kardiocərrahiyyə
sahələrinin ən yaxşı mütəxəssislərini
desəm yanılmaram, Mərkəzi Gömrük
Hospitalının fəaliyyətinə cəlb etməyə,
şöbələri müasir tibbi avadanlıqlar və alətlərlə təchiz
etməyə, hospitalın stasionar
şöbələrində pasiyentlərə göstərilən
xidmətlərin ümumi səviyyəsinin
daha da yüksəldilməsinə
nail ola bilmişik. Bundan başqa nəzarət-buraxılış
məntəqələrinin dislokasiya yerlərində
tibbi yardımın göstərilməsi üçün planlar
hazırlanıb, sanitar-epidemioloji nəzarətin
gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər
həyata keçirilib, əhaliyə profilaktik tibbi yardım
göstərmək məqsədi ilə səyyar mobil hospitalının imkanlarından istifadə
olunub. Təbii ki, çox işlər görülüb,
amma düşünürəm ki, hələ qarşıda duran
vəzifələrimiz daha da
çoxdur.
- Bu
müddət ərzində görülmüş
işlərdən nəyi xüsusi olaraq qeyd etmək istərdiniz?
-Ötən il
Mərkəzi Gömrük Hospitalında
çalışan həkimlərin işinin
təkmilləşdirilməsi və onların elmi
potensiallarının yüksəldilməsi məqsədilə
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində
yaradılmış Elmi Təcrübi və
Tədris Mərkəzindən böyük
gözləntilərimiz var. Bundan başqa, Hospitala ilk dəfə olaraq təhsillərini
davam etdirmək üçün
rezidentlər işə qəbul edilib.
İnanıram ki, onları layiqli mütəxəssislər kimi yetişdirə biləcəyik. Ən çox da onunla
fəxr edirəm ki, biz
cari ildə cəbhə bölgəsində
yaşayan əhaliyə, o
cümlədən qaçqın və
köçkünlərə yüksəktexnoloji tibbi xidmət göstərilməsinə yönəldilmiş
bir sıra humanitar
aksiyaları təşkil etməyə nail
olmuşuq.
- Siz
“Uşaq ürəkləri Qarabağda döyünür”
aksiyasını nəzərdə tutursunuz?
- Əlbəttə, ilk növbədə. Cəbrayıl rayonunun Cocuq Mərcanlı
qəsəbəsində, Füzuli rayonunun Horadiz şəhərində
və Ağdam rayonunun
Quzanlı qəsəbəsində həyata keçirilən
tədbirlər çərçivəsində 700 nəfərdən
artıq insan zəruri yüksək texnoloji tibbi müayinədən
keçmək imkanı əldə etmişdir.
Bu, bizim tibbi heyətin təqdirəlayiq səyləri
və səyyar mobil hospitalın texniki imkanları sayəsində mümkün olub. Bu aksiyaların təkcə bölgələrə
səfərlərlə məhdudlaşmayıb, Bakı şəhərində
Mərkəzi Gömrük Hospitalında davam etməsi mənim üçün
çox əhəmiyyətlidir. Qürurla qeyd etmək istəyirəm
ki, Cocuq Mərcanlıda
həyata keçirilmiş tibbi müayinələr zamanı ən
mürəkkəb ürək qüsuru
aşkarlanmış 7 uşaq bizim Hospitalda uğurla əməliyyat edilib.
- Türkiyənin
Florence Nightingale Xəstəxanalar
Qrupu ilə əməkdaşlıq
haqqında müqavilə imzalamısınız. Bu tərəfdaşlıqdan nələri
gözləyirsiniz?
- Gözləntilərim çox optimisdir. Öncə
qeyd edim ki, Florence Nightingale
Xəstəxanalar Qrupu nüfuzlu
tibb müəssisələri şəbəkəsi
olaraq, həm Türkiyədə, həm də
regionda bu sahənin
liderlərindən biri sayılır.
Şübhəsiz, istər tibbi
yardımın göstərilməsində, istərsə
də, keyfiyyətli xidmətin təşkili məsələlərində
bizim onlardan öyrənməli
və tətbiq etməli çox işlər
var. İkincisi, türk tərəfdaşımız lap başlanğıcdan özünü
çox pozitiv şəkildə
etibarlı partnyor kimi
göstərə bilib. Müraciətlərimizə
böyük diqqətlə
yanaşıblar. Hətta cəbhə xəttində yerləşən
Cocuq Mərcanlıda keçirilən humanitar aksiyada türk professor kardiocərrahlar
bizimlə bərabər müayinələrdə iştirak ediblər. Bununla
da həmişəlik bizim
sevgimizi qazanıblar!
- 90-a yaxın milli klinik protokolun
redaktorusunuz. Bu protokollar bizim səhiyyə
üçün nə dərəcədə
aktualdır?
- Milli klinik
protokolların tərtibi ilə hələ Amerika
Beynəlxalq Səhiyyə Birliyinin (AIHA)
ölkəmizdəki nümayəndəliyinə rəhbərlik
etdiyim dövrdə məşğul olmağa başlamışam. AIHA və
amerikalı tibb işçiləri ilə
müştərək tərəfdaşlıq layihələri
sayəsində anlaşıldı ki, klinik protokollar olmadan praktiki tibbin davamlı inkişafı mümkün
deyil. Sonradan mənə
Səhiyyə Nazirliyinin İctimai
Səhiyyə və İslahatlar Mərkəzində
də klinik protokollar
üzərində işləməyi davam
etdirmək qismət oldu. Layihə olduqca mürəkkəb idi,
amma bununla belə, biz 2015-ci ilədək 90 klinik
protokol ərsəyə gətirdik ki, bu gün
də həkimlər onlardan fəal istifadə
edirlər. Hazırda Tibbi Xidmət
İdarəsinin qarşısında duran
vəzifə klinik protokolların
yazılması deyil, onların tətbiq
edilməsidir. Bu vəzifə bir çox səbəblərdən
o qədər də asan
deyil. Həm də ona görə ki, Azərbaycan
dilində olan protokollar
hələ də məhdud saydadır. Çox
təəssüf edirəm ki, biz bu problemlə icbari tibbi
sığortanın tətbiqinə çox
az qalmış, məsuliyyətli bir vaxtda
qarşılaşmışıq. Çünki
protokollar tibbi
sığortanın uğurlu tətbiqinin
ayrılmaz şərtidir.
- Biz
sizi respublikada tibbi menecment sahəsində
qabaqcıl mütəxəssislərdən biri
kimi tanıyırıq. Sığortadan nələri
gözləyirsiniz?
- Sözsüz, icbari tibbi
sığortanın tətbiqi çoxdan
tələb olunan və tamamilə düzgün addımdır. Lakin burada ölkəmizin şəraiti üçün
ən optimal modeli seçmək olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə müəyyən
informasiya boşluğu
vardır. Bu isə həm əhalidə, həm də mütəxəssislərdə
yerində narahatlıq
doğurur. İcbari tibbi
sığortanın praktikada
tətbiqinin necə baş verəcəyi barədə daha çox məlumatlı olmağımızı istərdim.
Çünki bu məsələdə yol verilən səhvlər ciddi neqativ nəticələrə
səbəb ola
bilər... Əlbəttə, icbari tibbi sığortadan böyük
gözləntilərimiz var. Xatırlatsaq ki, “Azərbaycan Respublikasında
səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”
2008-ci ilin yanvarında
təsdiq olunub, bu gözləntilər nəinki böyük, həm də uzunmüddətlidir. Bu Konsepsiya ən yaxşı milli ekspertlərin beynəlxalq,
ilk növbədə, ÜST-ün mütəxəssisləri
ilə intensiv əməkdaşlığının nəticəsi olub. Yeri gəlmişkən, bu əvəzolunmaz sənəddə
göstərilən düşünülmüş,
düzgün islahatlar
prinsipləri bu gün də öz aktuallığını
itirməməkdədir.
- Bir çox xəstələr müasir
tibbin nailiyyətlərinə,
yüksəktexnoloji tibbi
yardıma ümid bağlayırlar. Bu
barədə düşüncələrinizi bölüşərdiniz.
- Müasir tibbin
inkişafı yüksək texnologiyaların, müalicənin
qabaqcıl metodlarının, kommunikasiya
innovasiyalarının tətbiqi ilə sıx
bağlıdır. Hesab edirəm ki, Mərkəzi Gömrük
Hospitalı ölkədə və regionda
öz infrastrukturunu son nəsil texniki yenilikləri
ilə təchiz edərək bu prosesin önündə gedir.
Bu mənada
biz gömrük
işçilərinə və əhaliyə daha
keyfiyyətli tibbi xidmət göstərmək
üçün ən yeni
avadanlıqların əldə edilməsində bizə
kömək edən Dövlət Gömrük
Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki, 2020-ci ilin yanvarında
3 Tesla gərginlikli maqnit
sahəsi yaratmaq qabiliyyətinə malik olan premium
sinfindən Philips Ingenia
Elition X maqnit-rezonans
tomoqrafı həkimlərimizin istifadəsinə veriləcək.
Bu ən yeni model sırasından olan unikal aparat diaqnostik
şəkillərin yüksək keyfiyyətini və nəticələrin
dəqiqliyini təmin edir. Pasiyentin
tuneldə yerləşdirilməsi prosedurunun
optimallaşdırılması və skanlaşdırmanın
sürətinin yüksəldilməsi nəticəsində bu tomoqrafda MR-müayinələrini
iki dəfə tez aparmaq mümkündür.
Bundan başqa, bu aparatda istifadə olunan xüsusi audio və videomaterialların
canlandırılması hesabına əmələ gələn
“dalış effekti” pasiyentləri sakitləşdirməyə
və bununla da
MR-müayinədən daha rahat
keçməyə kömək edir.
- Teletibbə
münasibətiniz necədir? Tibbi xidmətlərin
əlçatanlığı məsələsini həll etməyə
onun köməyi ola
bilərmi?
- Teletibb texnologiyalarına çox yaxşı yanaşıram. Bu gün biz bu
texnologiyaların köməyi ilə regionlardakı nəzarət-buraxılış
məntəqələrində gömrük
işçilərinin sağlamlığının vəziyyətini
məsafədən izləmək, həmçinin, ən
yaxşı yerli və xarici
mütəxəssislərlə məsafədən
konsultasiyaların aparılması üzərində
işləyirik.
- Ənənəvi
sual: gələcəyə dair hansı planlarınız var?
- Biz ardıcıl və məqsədyönlü olaraq Mərkəzi Gömrük Hospitalının regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik. İnfrastrukturun müasirləşdirilməsi, ən yeni texnoloji nailiyyətlərin həyata keçirilməsi və tibbi menecmentin müasir metodlarının tətbiqi yolu ilə biz tibbi xidməti daim yeniləyirik. Mən əminəm ki, bu tibbi xidmətlərdən nəinki regionların və paytaxtın sakinləri, həm də xarici ölkələrdən gəlmiş “tibb turistləri” də fəal surətdə yararlanacaqlar. Sizə yeniliklərimiz haqqında bir neçə fakt gətirim. Dünyanın ən qabaqcıl sığorta şirkətlərindən biri olan AETNA bizimlə Azərbaycan üzrə eksklüziv müqavilə imzalamış, bununla da göstərdiyimiz tibbi xidmətlərin yüksək keyfiyyətini bəyəndiyini bildirmişdi. Kimya sənayesinin region üzrə lideri olan SOCAR Polymer şirkətinin əməkdaşlarına təcili tibbi yardım xidmətinin göstərilməsi ilə bağlı elan etdiyi tenderdə Mərkəzi Gömrük Hospitalı qalib seçilib. Beynəlxalq tərəfdaşlarımızın dəvətlərimizi qəbul edərək tərəfimizdən keçirilən konfrans və layihələrdə iştirak etməkləri və digər məqamlar göstərir ki, biz zamanın nəbzini tutaraq addımlayır və rəhbərliyin müasir tələblərinə cavab verərək uğurla inkişaf edirik.
İdarəmiz də, şəxsən mən də respublika üzrə səhiyyənin davamlı inkişafı naminə öz pozitiv təcrübəmizi bölüşməyə hər zaman hazırıq!
Tural Tağıyev
Palitra 2019.- 11 dekabr.- S.13.