“Ermənistan danışıqlar prosesinə buya digər şəkildə maneələr yaratmaqdadır“

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu jurnalistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

O deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə buya digər şəkildə maneələr yaratmaqdadır: "İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir".

Azərbaycan və Ermənistan jurnalistlərin qarşılıqlı səfərlərinə gəlincə isə H.Hacıyev bildirib ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək, öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir: "Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

“Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın BMT Baş Assambleyasına “Ümumdünya Şahmat Günü” adlı qətnamə layihəsi təqdim etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan BMT Baş Assambleyasına “İnkişafsülh üçün idman: idmanolimpiya məqsədli dincdaha yaxşı bir dünya qurmaq” və “sülh mədəniyyəti” adlı bəndlər altında “Ümumdünya Şahmat Günü” adlı qətnamə layihəsi təqdim edib: “Qətnamə layihəsinin əsas qayəsi bəşəriyyəti sülhə, intellektual və mənəvi həmrəyliyə səsləməkdir.

Göründüyü kimi, Ermənistan bu dəfə də özünü dünyaya “sülhpərvər və həmrəylik tərəfdarı” cildində təqdim etməyə çalışır. Əslində, bu, Ermənistan hakimiyyətinin saxtakar, ali dəyərlər pərdəsi arxasında gizlənən riyakar, çirkin xislətindən xəbər verir.

Minlərlə soydaşımızın öldürülməsinə, yüzlərlə insanımızın erməni əsirliyində dəhşətli işgəncələr altında saxlanılmasına, torpaqlarımızın 20 faizinin işğal olunmasına, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsinə və etnik təmizlənməsinə səbəb olan Ermənistan hansı haqla sülh və həmrəylikdən danışır və şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində böyük şahmat ənənələri olub. Təkcə Kəlbəcər və Şuşa şahmat məktəblərində torpaqlarımız işğal olunmamışdan öncə minlərlə yeniyetmə bu zəka oyununun sirlərini öyrənirdilər. Mən də bu yeniyetmələrdən biri idim. Atamın Şuşa Şahmat Məktəbinin direktoru olması məndə şahmata olan həvəsi daha da artırmışdı. Mən dəfələrlə Dağlıq Qarabağda keçirilən şahmat turnirlərində iştirak etmişəm. Ən böyük arzum isə gələcəyin tanınmış şahmatçısı olmaq idi. Əminəm ki, torpaqlarımız işğal olunmasaydı, Qarabağ şahmat məktəblərinin yetirmələrinin adları dünyanın şahmat birinciləri ilə eyni sırada çəkiləcəkdi”.

Sənəddə qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi, Şuşa Şahmat Məktəbinin binası da dağıdılıb: “Təkcə dağıdılmış insan həyatları deyil, gözəl ənənələri olan idman və mədəniyyət ocaqlarının məhvinə səbəb olan Ermənistanın ali dəyərlərdən danışması ikrah hissi oyadır. Doğurdanmı Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmağın bu qədər asan olduğunu düşünür?! BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir təşkilatın qətnamələrini heçə sayan Ermənistanın indi bu ali təşkilatda şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?

Dünya ictimaiyyəti işğalçı Ermənistanın əsl mahiyyətini tanımalı, sülh və həmrəylik kimi ali dəyərlərin bu ölkənin hakimiyyətində olanlara yad olduğunu başa düşməlidir.

Ermənistandan fərqli olaraq biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində iki icmanın birlikdə ədalətli və daimi sülh şəraitində yaşaması şəraitində məhv edilmiş şahmat ənənələrini bərpa edəcəyik və dünya bunun şahidi olacaq”.

Nantdakı "Qarabağ" məktəbinin hesabatı təqdim olunub

Fransanın Nant şəhərindəki "Qarabağ" Azərbaycan məktəbində hesabat xarakterli toplantı keçirilib. Məktəbin müəllim-şagird heyətinin və valideynlərin qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Toplantıda Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri və "Qarabağ" Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov, məktəbin direktoru Leyla Həmidbəyli, Azərbaycan dili və ədəbiyyatı müəllimi Səma Allahverdiyeva, məktəbin idarə heyətinin üzvü Reyhan Qasımova çıxış ediblər. Onlar qısa müddət ərzində görülən işlərdən, tədris proqramından və şagirdlərin əldə etdikləri uğurlardan, onların milli ruhda tərbiyə olunmasından danışıblar. Qeyd edilib ki, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar sayəsində "Qarabağ" Azərbaycan məktəbinə maraq gündən-günə artır və bu uğur düşmənimizi ciddi narahat edir. Çünki Avropanın mərkəzində, Fransanın "yaşıl paytaxtı" adlandırılan Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi fəaliyyət göstərir və onun üzərində dövlətimizin üçrəngli bayrağı dalğalanır.

Tədbirdə çıxış edən valideynlər məktəbin fəaliyyətindən məmnun olduqlarını və razı qaldıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, məktəbdə fransız dili üzrə kursların açılması çox faydalıdır və bu, fransız cəmiyyətinə inteqrasiya etmək yolunda daha bir problemin aradan qaldırılması deməkdir.

Sonra məktəbin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub, eləcə də Fransada yaşayan soydaşımız - tanınmış fotoqraf Reza Deqatinin məktəbə hədiyyə etdiyi Azərbaycanla bağlı kitablar valideynlərə və şagirdlərə təqdim olunub.

Xatırladaq ki, Nant şəhərində "Qarabağ" Azərbaycan məktəbi Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb.

 

Fuad Hüseynzadə

Palitra 2019.- 13 dekabr.-  S.11.