Bərpaya ehtiyacı olan mədəni sərvət - “Qonaqkənd”
xalçası
Xalçaçılıq incəsənət tariximizin ən şanlı səhifələrindən biridir. Lap qədimlərdən bir çox inkişaf etmiş şəhərlərimizdə ( Bakı, Şirvan, Quba, Gəncə, Təbriz, Naxçıvan, Qarabağ, Qazax) analarımız və nənələrimiz tərəfindən toxunan müxtəlif kompozisiyalı xalçalarımız dünya tarixçilərinin, sənətşünaslarının, rəssamlarının maraq dairəsində olmuşdur. XV-XVl əsrlərdə holland, italyan rəssamlarının əsərlərində təsviri verilmiş Şirvan, Gəncə, Qazax xalçaları buna əyani sübutdur.
Həmçinin, bir çox xalçaçılıq məntəqələrində toxunan və möhtəşəm kompozisiyaları ilə diqqəti cəlb edən xalçalarımız təkcə Azərbaycan muzeylərində deyil, dünyanın məşhur muzeylərində - Ermitaj, Metropolitan, Viktoriya və Albert, Topqapı və s. Muzeylərdə sərgilənməkdədir. Bu da onu göstərir ki, milli naxışlarla toxunan xalçalarımız öz bədii və texniki xüsusiyyətlərinə görə ölkədən kənarda da məşhurlaşmış və xarici alıcıların diqqətini cəlb etmişdir. Yüzilliklər boyu öz bədii-texniki xüsusiyyətlərini qoruyub saxlayan, çətin əmək nəticəsində meydana gələn və ən qiymətli sərvətlərimizdən biri sayılan xalçalarımız mədəni tariximizin silinməz yaddaşıdır. Haqqında bəhs edəcəyim xalça Quba xalçaçılıq məktəbinə aid, Azərbaycanın əsas xalça kompozisiyalarından biri sayılan “Qonaqkənd” xalçasıdır. Xalça Quba şəhərindən 40 km cənubda yerləşən Qonaqkənd qəsəbəsinin adını daşıyır. Bu cür xalçalar, həmçinin, Quba, Dəvəçi və Qusar rayonunun xalçaçılıq məntəqələrində də toxunur. Bu xalçalar öz ornamental bəzəklərini “Xorasan” çeşnilərindən götürmüşdür. Lakin, sonralar – XVlll-XlX əsrlərdə bu xalçalar yerli üsluba uyğunlaşaraq öz ilkin təməlini götürdüyü əyri xətli “Xorasan” naxışlarından fərqlənməyə başladı. Artıq, bu xalçalarda həndəsiləşmiş elementlər əsas yer tutmağa başladı.
Təsviri verilən xalça da ənənəvi “Qonaqkənd” xalçasıdır. Təxminən XX əsrin 30-cu illərində toxunan xalçanın ümumi kompozisiyası simmetriya əsasında qurulmuşdur.
Xalça enli ara sahə və yeləndən (köbə) ibarətdir. Ara sahənin mərkəzi hissəsində ənənəvi olaraq “Qonaqkənd” xalçalarına məxsus böyük medalyon yerləşir. Medalyon həndəsi formada kontr xətləri ilə yerinə yetirilmiş və şaquli istiqamətə doğru uzadılmışdır.
Həmin medalyonun daxilində başqa kiçik bir medalyon yerləşir. Bu medalyonun daxilində isə yenə kontr xətləri ilə işlənilmiş digər bir medalyon yerləşir. Bu da xalçanın kompozisiya elementlərinin simetriyaya uyğun yerləşdiyini sübuta yetirir. Ara sahənin yerliyi (fon) qırmızı rəngdədir. Mərkəzi medalyanun daxilində isə qara rəng daha çox üstünlük təşkil edir ki, bu da istər-istəməz diqqətimizi həmin o möhtəşəm medalyona yönəldir.
Burada simmetrik şəkildə yerləşdirilmiş həndəsi elementlərlə yanaşı həmçinin, xırda güllərin təsvirinə də yer verilmişdir. Medalyonun kontr xətlərinə diqqət yetirsək, sanki, bərabər tərəfli xaça bənzəyir. Onun çıxıntılı hissələrində piramidaya bənzər uzunsov ornamental formalar verilmişdir ki, bunlara medalyonun daxilində də rast gəlmək olur.
Xalçanın ara sahəsində mərkəzi medalyonla yanaşı, hər dörd küncündə uzunsov, (şaquli formada uzadılmış) səkkiz bucaqlı göllər (medalyon) yerləşdirilmişdir. Mavi rəngin üstünlük təşkil etdiyi bu medalyonlarda da ornamental elementlər simmetriyaya uyğun verilib. Ara sahəsinin hər dörd küncündə bu cür medalyonların təsviri demək olar ki, bütün “Qonaqkənd” xalçalarına xas xüsusiyyət idi.
Xalçanı möhtəşəm edən təkcə ara sahəsi deyil, həmçinin yelən hissəsidir. Yelən özü 3 hissədən ibarətdir. Enli ara (ana) və ensiz yan (bala) haşiyələr. Ensiz haşiyələrdən biri zəncirə, digəri isə mədaxil adlanır. Zəncirə mədaxilə nisbətən böyükdür. Burada zəncirvari formalı nəbati ornamentlərə rast gəlirik. Mədaxil isə daha ensiz olub, yelənin başlanğıc hissəsini təşkil edir. O sanki, xalçanın ara sahəsini çərçivəyə alıb. Həmçinin, mavi rəngli mədaxilin ara sahədə yerləşən künc medalyonlarla rəng baxımından uyğunluğu xalçaya başqa bir gözəllik qatır. Mədaxil sadə nəbati ornamentlərlə tərtib olunmuşdur. Enli ara haşiyə isə digər haşiyələrdən fərqlənir. Narıncı rəngli bu haşiyədə gül təsvirləri ilə yanaşı, hər biri müxtəlif rəngli saplarla toxunmuş, sxematik formalı quş təsvirlərinə də rast gəlirik.
Bu haşiyələrin maraqlı xüsusiyyətləri ondan ibarətdir ki, hər biri fərqli rənglərlə verilmişdir – mavi, narıncı, qırmızı.
Ümumilikdə xalçada qırmızı, qara və mavi rənglər hökmranlıq edir və xalçaya baxarkən ilk öncə tamaşaçının diqqətini bu rənglər cəlb edir.
Həqiqətən, həm rəng, həm də ornament baxımından bu və digər Qonaqkənd xalçaları Azərbaycan xalça kompozisiyaları içərisində xüsusi bir yer tutur. Bu cür xalçalarımızın bədii və texniki xüsusiyyətləri yüzilliklər boyu qorunub saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir.
Təəssüflər olsun ki, haqqında bəhs etdiyim “Qonaqkənd” xalçası demək olar ki yararsız vəziyyətdədir. Buna səbəb xalçaya sahibi tərəfindən lazımi dəyərin verilməməsidir – xalça məişətdə illərlə necə gəldi istifadə edilib. Ayaqlar altında qalan, unudulan sərvətimizin hal-hazırda bərpaya ehtiyacı var. Bu cür milli sənət əsərimizin məhvinə yol verməməliyik. Onun və taleyi ona bənzər xalçalarımızın unudulmaması, məhv olmaması və gələcək nəsillərə çatdırılması üçün əlimizdən gələni etməliyik.
Laçın Aslanov
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq
fakültəsi III kurs tələbəsi
Palitra 2019.- 13 dekabr.-
S.13.