Dahi dramaturq Cəfər
Cabbarlının Xızıdakı ev-muzeyi
əsaslı təmir olunub
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Cəfər Cabbarlının
Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı
təmir-bərpa işləri başa
çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir
ki, 1899-cu il martın
20-də dünyaya göz
açan Cəfər Cabbarlı 2
yaşına kimi bu
evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun
həyat yoldaşı Sona xanım
Cabbarlının təşəbbüsü ilə
1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə
başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata
alınıb.
Təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən
başlanılıb. Tikinti işləri
zamanı görkəmli dramaturqun
yaşadığı evin özündə
dəyişiklik edilməyib. Həyata keçirilən layihə
çərçivəsində qoruyucu
şüşəbənd daha müasir formada tikilib, muzeyin həyətində
yeni inzibati otaqlar inşa olunub, istilik,
işıqlandırma və təhlükəsizlik sistemi qurulub.
Muzeyin direktoru
Həcər Rəsulova bildirib ki, təmir-bərpa işləri başa çatdırılıb və muzey yanvar ayında təhvil
veriləcək. Yaxın günlərdə Mədəniyyət
Nazirliyinin mütəxəssisləri
ev-muzeyində daxili tərtibat işlərini
həyata keçirəcək. Bundan əlavə,
muzeyin həyətində Cəfər
Cabbarlının büstünün
qoyulması da nəzərdə tutulub.
Qeyd edək ki,
sonuncu dəfə 1999-cu ildə böyük şair,
yazıçı və dramaturq Cəfər
Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə
yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib.
Həmin il Xızı şəhərinin
mərkəzində Cəfər Cabbarlının möhtəşəm
heykəli ucaldılıb.
Burada qorunan eksponatların əsasını
Cəfər Cabbarlının ailəsinin məişətdə
işlətdiyi əşyalar, yazıçının
kitabları, səhnəyə qoyulan əsərlərindən
fotoşəkillər, arxiv sənədləri
və müxtəlif mətbuat orqanlarında çap
olunan məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır. Diqqətçəkən
eksponatlar arasında Cəfər
Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə
xanımın gündəlik istifadə etdiyi
məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.
Hər il yüzlərlə
insan ev-muzeyi ziyarət
edərək, Cəfər Cabbarlının həyat və
yaradıcılığı ilə bağlı eksponatlarla tanış olur.
Ziyarətçilər arasında Xızıya qonaq gələn ədəbiyyatsevər turistlər
və məktəblilər üstünlük
təşkil edir.
Palitra 2019.- 17 dekabr.- S.13.