BDU-da Şirməmməd Hüseynovun barelyefi
açılıb
Bakı
Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və
mətbuat tədqiqatçısı, Əməkdar jurnalist
Şirməmməd Hüseynovun anadan olmasının 95-ci
ildönümü münasibətlə BDU-nun Jurnalistika
fakültəsinin Mətbuat tarixi kafedrasının
qarşısında barelyefi açılıb.
Rektor
Elçin Babayev çıxış edərək Azərbaycan
mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir
jurnalistikamızın inkişafında misilsiz xidmətləri
olan Şirməmməd Hüseynovun zəngin
yaradıcılıq yolundan danışıb. Alimin həyatının
böyük hissəsinin Universitetlə bağlı
olduğunu bildirən E.Babayev gənc jurnalistlərin yetişməsində,
püxtələşməsində böyük xidmətləri
olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini
ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə
çatdırıb. Bildirib ki, bu gün Şirməmməd
müəllimin üzün illər
çalışdığı kafedranın
qarşısında onun barelyefini açırıq. Hər dəfə
bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik.
Daim örnək həyat sürən Şirməmməd
müəllimin cəmiyyətimiz üçün nümunəvi
övladlar yetişdirdiyini qeyd edən rektor hazırda alimin
qızlarının Azərbaycan elminin, mədəniyyətinin
inkişafı yolunda səylə
çalışdıqlarını diqqətə
çatdırıb.
Qeyd
edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir.
Biz də bu gün böyük alim qarşısında qismən
də olsa, mənəvi borcumuzu yerinə yetirməyə
çalışdıq.
Şirməmməd
Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat”
jurnalının redaktor müavini Ülkər Hüseynova
görülən işə görə minnətdarlığını
bildirib. Vurğulayıb ki, əsl alim üçün bundan
böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi
oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri
var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr
onu çox sevir. Mən onların xatirələrini oxuyanda
çox kövrəlirəm. Həqiqətən həyatda iz
salan insanlar varmış və mən bunun canlı şahidiyəm.
Şirməmməd Hüseynov düz 74 il Bakı Dövlət
Universitetində çalışıb, bu heç də hər
kəsə nəsib olan xoşbəxtlik deyil. O,
ömrünün son gününə qədər işdən
ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə
yad etdiyinizə görə hamınıza təşəkkür
edirəm.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirib ki, Şirməmməd Hüseynov məktəb
yaratmışdı. O, təkbaşına bir akademiya və
universitet qədər iş görmüş, Azərbaycan
mediasını zənginləşdirərək tarixə
çevirmişdi.
Jurnalistikanın
nəzəriyyəsi və təcrübəsi kafedrasının
müdiri, professor Cahangir Məmmədli Şirməmməd
müəllimin lap gənc yaşlarından Universitetdə
sayılıb, seçildiyini vurğulayıb. Bildirib ki, onun
heç bir sözünə etinasızlıq olmayıb. O, tələbələrini
balası qədər sevib, qayğı, diqqət göstərib,
haqq, ədaləq çarçısı olub.
“Real”
televiziyasının rəhbəri Mirşahin Ağayev Şirməmməd
müəllimlə həm tələbə, həm
aparıcı kimi ünsiyyətdə olduğunu
vurğulayıb. Bildirib ki, Şirməmməd müəllimə
həsr olunmuş kitabda özümü onun mirzəsi kimi təqdim
etmişəm. Onunla hazırladığımız layihələrdə,
əslində jurnalistə ehtiyac yox idi. Mən sadəcə
olaraq mikrofonun, qələmin, kameranın davamı idim.
“525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki,
Şirməmməd müəllimsiz həyatımızda
böyük bir boşluq yaranıb. O, necə
yaşamağın bir nümunəsi idi. Həmişə
nikbin, inandığı ideyalara sadiqliyini göstərən,
buna inanan bir insan idi.
“Discovery
Azerbaijan” jurnalının təsisçisi və baş
redaktoru Çavanşir Feyziyev isə qeyd edib ki, Şirməmməd
müəllim bütün Azərbaycan xalqının müəllimi
olub. Vətənini, xalqını sevən insanlar onu öz
müəllimləri hesab ediblər. O, həyat tərzi, həyat
amalları ilə xalqımız üçün örnək
şəxsiyyət olub.
Professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər çıxış edənlər Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərdiyini vurğulayıblar.
Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Universitetin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün böyük hissəsi universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.
Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.
Bareylefin aşılından sonra tədbir BDU-nun tədris-teleradio studiyasının dəyirmi zalında davam edib, xatirələr dinlənilib. Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Şirməmməd müəllim təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.
Tural
Palitra 2019.- 18 dekabr.- S.13.