İcbari tibbi sığorta nədir
və əhəmiyyəti nədən ibarətdir?
İcbari tibbi sığorta sisteminin tətbiqini (İTS) vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun sözlərinə görə İTS bir sosial yük deyil, insan kapitalına qoyulan investisiyadır. Prezident İlham Əliyev də öz çıxışında qeyd etdiyi kimi, neftə investisiya yatırımı insan kapitalı ilə əvəzlənir. İcbari tibbi sığorta da bu investisiya qoyuluşunun bariz nümunəsidir.
İcbari tibbi sığortanın tarixinə nəzərə saldıqda qeyd etmək olar ki, İTS ilk dəfə 1880-ci ildə Almaniyada yaradılıb. Geniş şəkildə tətbiq olunmağa isə ikinci Dünya müharibəsindən sonra başlanılan, bununla da, inkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişafında çox əhəmiyyətli rola malik olub.
İcbari tibbi sığortanı səhiyyənin maliyyələşməsinin təkmil və daha səmərəli metodu olaraq qiymətləndirmək olar. Belə ki, İTS səhiyyə xidmətlərinə, səhiyyə infrastrukturunun yaxşılaşmasına, xidmətin keyfiyyətinin artırılmasına və bununla da insan kapitalının həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsinə xidmət göstərir. Yəni İTS üzrə daxil olan ödənişlər (həm dövlət, həm də işləyən vətəndaşlar, işəgötürən/sahibkarlar və fərdi sahibkarlar tərəfindən) həmrəylik prinsipi əsasında vahid büdcə formalaşdıraraq bütün ölkənin tibb xidmətləri üzrə ehtiyacını ödəməyə imkan verir. Məşhur İngilis fiziki, Duqlas Blekin (Douglas Black) 1980-ci ildə yazılan məşhur “Qara hesabatına” əsasən müəyyən olunub ki, az təminatlı təbəqədə bütün xəstəliklər üzrə ölüm halları yüksək təbəqədən 2 dəfə çoxdur. Bunun səbəbi isə maddiyyatla bağlı deyil. Çünki həmin dövrdə 1948-ci ildən tətbiq olunan kompleks milli tibbi xidmətlər fəaliyyət göstərirdi və bir çox xəstəliklər üçün ödənişsiz xidmət təklif edirdi. Ölüm hallarının əsas səbəbini isə sistemsiz yanaşma, vaxtında və düzgün istiqamətdə müayinə və müalicələrə müraciətlərin olmamasını hesab etmək olar. Məhz bu səbəbdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bütün bu alqoritmik proseslərə nəzarəti də öz üzərinə götürərək ümumən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə çox böyük müsbət töhfəsini vermiş olacaq.
Bundan başqa, İTS-nin fəaliyyət prinsiplərinə aşağıdakıları aid etmək olar:
• Şəffaflıq-
tam elektron qeydiyyat sistemi,
•
Əlçatanlıq - qeydiyyat zamanı ən yaxın və
uyğun tibb xidmətlərinin təklif olunması,
•
Professionallıq - tibbi avadanlıqların və tibbi xidmətlərin
keyfiyyətinin artırılması,
• Ədalət - Sistemli şəkildə işləyən
növbə prinsipi, müvafiq həkimlərin ehtiyac üzrə
xəstələrə təklif olunması, xidmətin tələb
və təklif meyarları üzrə düzgün
bölüşdürülməsi, sağlam rəqabət.
Bu prinsiplər üzrə fəaliyyətin təşkili
vətəndaşlara verilən tibbi xidmətin keyfiyyətinin
yüksəlməsinə səbəb olacaq. Təsadüfi deyil ki, son 3
il ərzində tətbiq olunan 2000 xidmətlə 400 minə
yaxın əhalini əhatə edən İTS pilot layihəsi
həm həkimlər, həm də vətəndaşlar tərəfindən
müsbət qiymətləndirilib.
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
analitiki Məsumə Talıbovanın 2020-ci ildən tətbiq
ediləcək İcbari Tibbi Sığorta sistemi haqqında
müsahibəsini təqdim edirik:
- İcbari tibbi
sığorta haqqı nə qədərdir və kimlər
ödəyəcək? İcbari
tibbi sığorta sistemi necə işləyəcək?
-
Dünya təcrübəsi ilə müqayisədə Azərbaycan
modeli vətəndaşların mənafeyinə maksimal dərəcədə
həssas yanaşılması ilə fərqlənir. Belə ki, dövlət hər zaman olduğu kimi yenə
də vətəndaşın yanında olmaqla maliyyələşmənin
əsas büdcəsini öz üzərinə
götürür və büdcədən hər bir vətəndaş
üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə
tutulub. Həmçinin, ödənişlər
2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən
ödəniləcək. Aprelin 1-dən isə
vətəndaşlar ödənişə başlayacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən
və işçilərdən aylıq hesablanmış əməyin
ödənişi fondunun 8000 manata qədər olan hissəsindən
2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında
icbari tibbi sığorta haqqının tutulması müəyyən
olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda
çalışan işəgötürən və
işçilərdən isə aylıq hesablanan əməyin
ödənişi fondunun 8000 manata qədər olan hissəsindən
1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında
icbari tibbi sığorta haqqının ödənilməsi
müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər,
şagirdlər, əyani təhsil alan tələbələr,
sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı
ilə məşğul olan şəxslər (fərdi və
qrup şəkildə çalışan fermerlər) ödəniş
ödəməyəcəklər. Xidmət aldığı
zaman isə vətəndaşlar üçün yalnız
öz paylarına düşən ödəniş məbləği
limit məbləğ deyil. Vətəndaş zəruri
olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək.
İTSA büdcəsi formalaşdıqdan sonra bu vəsaitlər
vətəndaşlara göstərilən xidmət zərfinə
daxil olan tibbi xidmətlərin ödənilməsi, tibbi
avadanlıqların, səhiyyə infrastrukturunun
yaxşılaşdırılmasına sərf olunacaq. Bir ilin
büdcəsi xərclənmədiyi təqdirdə gələn
ilə keçirilir.
Eyni zamanda, xidmətlərin keyfiyyətinə, şəffaflığa
Agentliyin tibbi ekspertizası tərəfindən nəzarət
olunacaq. Vətəndaşlar müalicənin və ya digər
xidmətlərin keyfiyyətindən narazı olduqda Agentliyə
müraciət edərək xidmətin keyfiyyətinin
artırılmasına yardım etməyə dəvət
olunurlar.
Xidmətlərin Tətbiqi bütün ölkə
üçün mərhələli şəkildə həyata
keçiriləcək. Bunun əsas səbəbi isə 3042 tibb
müəssisəsinin potensialının qiymətləndirilməsi
və xidmətin keyfiyyətinin keyfiyyət standartlarına
cavab verə bilməsi üçün müəyyən
zamanın tələb olunmasıdır. İlkin
tətbiq Şimal rayonlarından başlayacaq.
-
Sığorta sistemində xidmət zərfinə hansı xidmətlər
daxildir?
- Pilot
layihədə 2000 xidmət vətəndaşlara təqdim
olunub, 2020-ci ildən isə xidmət zərfi 3000-ə
yaxın tibbi xidməti əhatə edəcək. Bu xidmətlərə
misal olaraq: Təcili və təxirəsalınmaz tibbi
yardım ,İlkin səhiyyə (ailə həkimi) xidməti,
Ambulator şəraitdə müayinə və müalicə,
stasionar müalicə, fizioterapevtik xidmətlər, laborator
müayinələr, hamiləlik və doğuş xidməti,
təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında
planlı vaksinasiya, cərrahi əməliyyatlar , müxtəlif
xəstəliklər üzrə ciddi dispanser müşahidə
və s.
- İcbari tibbi sığortanın
vətəndaşlar üçün əhəmiyyəti nədən
ibarətdir?
- İTS vətəndaşların sosial rifahına
müxtəlif aspektlərdən müsbət təsir göstərəcəkdir. İlk
növbədə həmrəylik prinsipi ilə
formalaşdırılan büdcə vətəndaşlara bərabər
hüquqlu şəkildə tibbi xidmətlər almağa imkan
yaradacaq. Aztəminatlı, azyaşlı və
işsiz təbəqə ödənişlər etməsələr
də yüksək təbəqə ilə eyni şəkildə
və eyni miqdarda tibbi xidmət ala biləcəklər.
Digər müsbət tərəfi xidmətlərin
göstərilməsində şəffaflığın təmin
olunmasıdır. Belə ki, tam
elektronlaşdırılmış qeydiyyat sistemi, Agentlik tibbi
ekspertizası tərəfindən xidmətlərin keyfiyyətinə
nəzarət, həkimlərə ayrılmış əməkhaqları
və bonuslar qeyri-rəsmi ödənişlərin
qarşısını alaraq şəffaf səhiyyə
sisteminin yaradılmasına öz töhfəsini verəcəkdir.
İTS yığımlarının tibbi xidmətlərin
keyfiyyətinin artırılması, tibb müəssisələrinin
infrastrukturunun yaxşılaşdırılması, tibbi
avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi,
tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi
kimi tədbirlərinə xərclənməsi də vətəndaşlara
göstərilən xidmətlərin keyfiyyətinin
artırılmasına səbəb olacaqdır. Eyni zamanda,
regionlarda tibb müəssisələrinin dünya
standartlarına uyğun şəkildə inkişaf etdirilməsi
həmin regionda yaşayan sakinlərin tibbi xidmət almaq məqsədi
ilə böyük şəhərlərə axını zərurətini
aradan qaldıraraq, vətəndaşlar üçün tibbi
xidmətlərin alınması prosesini daha çevik, əlçatan
və effektiv edəcəkdir. Sözügedən
dəyişikliklərin tətbiqi təbii olaraq ilkin etapda
müəyyən zaman tələb edir, həm infrastrukturun
yaxşılaşdırılması, həm tibbi personalın
arzuolunan səviyyəyə qaldırılması, eyni zamanda, əhalinin
məlumatlılığının artırılması
prosesində çətinliklərin olması gözlənilir.
Lakin zamanla dünya standartlarına uyğun, tam
şəffaf və ədalətli səhiyyə xidmətlərinə
keçid təmin olunacaq. Mərhələli
keçid də bu çətinliklərin azaldılması və
hər bir region üzrə daha dərin nəzarətin təmin
olunması üçündür.
- İTS-in səhiyyə
sisteminə və tibb işçilərinə verəcəyi
müsbət töhfə kimi nələri qeyd etmək olar?
- İTS-nin tətbiqi vətəndaşların
sosial-iqtisadi rifahına, ölkənin ümumi
inkişafına müsbət təsir göstərdiyi kimi, həkimlər
üçün də çox müsbət hesab olunur. İlk
növbədə həkimlərin əmək haqqı artacaq.
Əmək haqları Vahid tarif cədvəli ilə müəyyən
olunaraq Agentlik tərəfindən ödənəcək ( Bundan başqa, bonus formasında əlavələr
də ödəniləcək. Artıq təcrübədə
İTS-nin həkimlərin məvacibinə müsbət təsiri
sübut olunub. Belə ki, Pilot layihədə
çalışan həkimlərin əməkhaqqı digərlərindən
2.5-3 dəfə çox olub. İxtisaslaşmış
həkimlər arasında isə 7-8 min manat əmək
haqqı alan həkimlər də var.
Xidmətlərin sistemliəşdirilməsi,
elektronlaşdırılması, elektron növbə sisteminin tətbiqi,
müraciətlərin alqoritmik şəkildə müvafiq
xidmət qrupları üzrə istiqamətləndirilməsi
(ilk öncə ailə həkiminə, daha sonra ehtiyac üzrə
ixtisaslaşmış həkimlərə) həm vətəndaşlar,
həm də həkimlər üçün müsbət təsirə
malik olacaq. Belə ki, bu bölgü xəstəliklərin
vaxtında üzə çıxarılması,
profilaktikası, düzgün və ixtisaslaşmış
şəkildə müalicəsinə gətirib
çıxarır. Burada ailə həkimlərinin
müraciət zəncirinin ilk halqası olması təsadüfi
deyil. Belə ki, xəstəliklərin
düzgün diaqnostikası, vaxtında aşkarlanması və
göstərişə uyğun ixtisaslaşmış həkimlərə
yönləndirilməsində ailə həkiminin rolu əvəzolunmazdır.
Təsadüfi deyil ki, Fransada 2010-cu ildə
aparılmış araşdırmaya əsasən də ailə
həkimlərinin sayının çox olması erkən
ölümlərin sayının azalmasına səbəb
olduğu sübut olunub. Məhz bu səbəbdən
dünya təcrübəsində ailə həkimin
sayının ixtisaslaşmış həkimlərin
sayının 50%-dən aşağı olmaması tövsiyə
olunur. Həkimlər üçün müsbət təsirə
gəldikdə isə, ailə həkimlərinə müraciətlərin
sayı artacaq, eyni zamanda, məlumatsız pasientlərin
yönləndirmə olmadan bir başa ixtisaslaşmış həkimə
müraciət edərək həm həkimlərin, həm də
özlərinin vaxt itkisinin qarşısı alınacaq,
ixtisaslaşmış həkimlərin iş yükü
azalacaq, bununla da xidmətin keyfiyyəti yüksələcək.
Məsələn, bilik və
bacarıqlarının arıtrılması üçün
şərait yaranacaq, ixtisaslarına uyğun təlim
kurslarına yönləndiriləcəklər.
Bundan başqa, Agentlik tərəfindən
tibb məntəqələrinin infrastrukturunun
yaxşılaşdırılması da həkimlərin
heç bir xərc çəkmədən daha təkmil
mühitdə işləməsinə imkan yaratması da icbari
tibbi sığortanın müsbət təsiri olaraq qeyd
olunmalıdır.
Palitra 2019.- 20 dekabr.- S.12.