Yaradıcılığı
böyük məktəb olan
ustad...
“Xalq Əmanəti” layihəsi
xalqımızın mədəni irsinin qorunub gələcək
nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin
dünyaya tanıdılması məqsədini
daşıyır
“Xalq Əmanəti” layihəsi çərçivəsində Tağı Tağıyevin həyat və yaradıcılığını əks etdirən “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı keçirildi. Eyni zamanda rəssamın “Xalq” Bankın əsas binasında əsərlərindən ibarət sərgisinin açılışı oldu. Sərginin açılışında ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edirdilər. Layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilmişdir. Tədbirdə “Xalq” Bankın “Xalq əmanəti” layihəsi barədə məlumat verildi, növbəti nəşrin özəlliklərindən, Tağı Tağıyevin həyatından və orijinal yaradıcılıq yolundan geniş söhbət açıldı. Gecənin aparıcısı, Respublikanın Əməkdar artisti Dilarə Səlim “Xalq” Bankın illərdir həyata keçirdiyi nəcib missiyadan söz açdı. Bildirdi ki, ölkə ictimaiyyətinin böyük maraq və məmnunluqla qarşıladığı bu layihə ilə “Xalq” Bank görkəmli fırça və söz ustalarımızın ən yaxşı əsərlərini xalqın milli dəyərlər əmanəti olaraq himayə edir və bu zəngin mənəvi kapitalı geniş tirajlayaraq yenidən xalqa qaytarır.
O, “Xalq Əmanəti” layihəsini
xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işində təqdirəlayiq
iş olduğunu
vurğuladı: “Xalq Əmanəti” layihəsi
çərçivəsində Azərbaycanın sənətində,
ədəbiyyatında, mədəniyyət və incəsənətində
xidmətləri olan, genefondumuzu
təmsil edən görkəmli insanlara həsr
olunan kitabları təqdim edir.
“Xalq Əmanəti” çərçivəsində
bu, artıq nəşr olunan
19-cu kitabdır. Tağı Tağıyev zərgərliklə
məşğul olan ailədə doğulub. Babası Məmmədtağı Məcidov
Bakının məşhur zərgəri idi.
Onun əsərləri hazırda Moskva Kremlinin Silah Palatasında qorunub
saxlanır. Tağının atası Əzizağa da bu sənətin
davamçısı idi. Onun
əl işləri təkcə vətənində deyil, uzaq Fransada
da müəllifinə şöhrət
qazandırmışdı. Ancaq
Tağı Tağıyev rəssamlığı seçdi”.
“Tağı Tağıyevin bütün
əsərləri bir möcüzədir”
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov albom üzərində çalışan insanlara minnətdarlığını bildirdi və gördüklərindən böyük zövq aldığını dilə gətirdi. Onun sözlərinə görə Tağı Tağıyev dahi rəssam və böyük müəllimdir. Sərgilənən rəsmlər onun yaradıcılıq duhasının bir damlasıdır, buna baxmayaraq burada olan hər bir əsər ustadın bütün varlığını açır, onun sonsuz istedadını nümayiş etdirir. “Onun əsərləri mənə illər əvvəl böyük təsir göstərirdi, indi də həmin hissləri yenidən yaşayıram. Sənət zamanla sınanır, zaman isə Tağı Tağıyevin xeyirinə işləyir. Mən bu günkü tədbirlə bağlı hamını təbrik edirəm”.
Ömər Eldarov bildirdi ki, Tağı Tağıyevlə, demək olar ki, hər gün Rəssamlar Evində görüşür, sənətlə bağlı müzakirələr edirmişlər: “Mən onun əsərlərindən bir tamaşaçı, sənəti qiymətləndirməyi bacaran bir insan kimi böyük zövq alıram. Portretləri, peyzajları, ümumiyyətlə, bütün əsərləri bir möcüzədir. Onun işlərinin hamısı gözəl, dahiyanədir”.
Albomun mətninin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırdı: “Tağı Tağıyev Azərbaycan rəngkarlıq tarixində iz qoyan sənətkardır. Onun emalatxanasının qapısı həmişə mənim üçün açıq olub. Kitabı hazırlayarkən şəxsi kolleksiyalarda, evlərdə saxlanan əsərləri ilə maraqlandıq, hətta, başqa ölkələrə müraciət etdik. Çalışdıq ki, nəşrdə rəssamın yaradıcılığı müxtəlif rakurslardan görünsün. Ona görə kitab rəngarəngdir. Tağı Tağıyev həmişə özünə filosof kimi baxıb. Həyatı da bu prizmadan əks etdirməyə çalışıb. Bu məqamlar rəssamın yaradıcılığında uğurla əksini tapıb”.
Rəssamın bacısı oğlu İlham İsmayılov incəsənət sahəsinin mütəxəssisi olmadığından dayısının insani xüsusiyyətlərindən söz açdı: “Dayım gözəl insan idi. Mən onun əsərlərinə qiymət verə bilmərəm. Amma yaradıcılığında mənə həsr etdiyi iki işi var”.
Tağı Tağıyev oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirdi. “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş adlandırdı və atasının bədii albomunun nəşrinə görə sonsuz sevinci ilə bölüşdü.
Klassik rəngkarlıq məktəbinin
parlaq nümayəndəsi
Qeyd edək ki, Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il, noyabr ayının 7-də Bakı şəhərindəzərgər ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.
Tağı Tağıyev bir çox xarici ölkələrdə – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniyada səfərlərdə olmuş və o ölkələrin adamlarının həyatına dair tablolar çəkmişdir. Avropa və Afrika ölkələrində yaradıcılıq ezamiyyətində olan rəssam, dilindən, dinindən, irqindən asılı olmayaraq insanları, onların ideyalarını bədii boyalarla təsvir edir. Həmin səfərdən sonra yaratdığı “Afrikalı qız”, “Salam, yeni dünya” əsərləri bu gün də böyük maraqla baxılır.
Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssamlardan biridir. Onun yaradıcılığı və milli incəsənətin inkişafında xidmətləri yüksək qiymətləndirilmiş və o, Əməkdar incəsənət xadimi, respublikanın Xalq rəssamı fəxri adlarına layiq görülmüşdü.
Tağı Tağıyevin əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır.
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.
Fuad Hüseynzadə
Palitra 2019.- 24 dekabr.- S.12.