Pambıqçılığın
inkişafında yeni mərhələ:
2020-ci il üçün
çox geniş və
müfəssəl yol xəritəsi
hazırlanır
“Biz demək olar ki, Azərbaycanda
pambıqçılığı dirçəltmişik,
bunu çox gəlirli sahəyə çevirmişik,
pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq
problemlərini həll etmişik”
Pambıq geniş yayılmış və istifadə sahəsi, yaratdığı əlavə dəyər və məşğulluq imkanları baxımından böyük iqtisadi əhəmiyyətə malik məhsuldur. Pambıq emalı baxımından sənayenin, lifi də toxuculuq sənayesinin, toxum və yağ və yem sənayesinin, layneri isə kağız sənayesinin xammalıdır. Neftə alternativ olaraq, pambığın tumundan alınan yağ artan miqdarda biodizel istehsalı üçün xammal kimi istifadə olunur. Bundan əlavə, əhalinin artması və yaşayış səviyyəsi pambığa olan tələbatı artırır. Dünyada az sayda ölkənin ekologiyası pambıq əkinçiliyinə əlverişli olması səbəbiylə, dünya istehsalının 80 faizə yaxını Türkiyənin də içində olduğu az sayda ölkə tərəfindən həyata keçirilir.
Çin dünya
pambıq ehtiyatlarının yarısına sahibdir
Beynəlxalq Pambıq Məsləhətləşmə Komitəsinin (İCAC) 2014-2018-ci illərdə 5 illik məlumatlarında dünyada 32,1 milyon hektar sahədə pambıq əkildiyi və bu əkindən 24,6 milyon ton lif pambıq əldə edildiyi qeyd edilir. Çin uzun illərdir ki, dünyada ən yüksək pambıq istehsal edən ölkə olsa da istehsalın artması ilə Hindistan Çini geridə qoyur və yaxud bərabər olurlar. 2018-19-cu il mövsümünün proqnozlarına görə, dünyada pambıq istehsal edən ilk 5 ölkə bunlardır: Çin, Hindistan, ABŞ, Braziliya və Pakistan. İstehlakda isə ilk beş sıranı Çin, Hindistan, Pakistan, Banqladeş və Türkiyə tutub.
2018-19-cu il mövsümündə vahid sahəyə görə pambıq yığımında ilk beşlikdə olan ölkələr - Avstraliya, Türkiyə, Çin, Braziliya və Meksika olub. Bu dövrdə pambıq idxal edən ilk beş ölkənin Banqladeş, Vyetnam, Çin, İndoneziya və Türkiyə olacağı, ən çox ixrac edən ilk beş ölkənin isə ABŞ, Braziliya, Hindistan, Avstraliya və Özbəkistan olacağı təxmin edilir. ICAC-ın məlumatına görə, 2018-19-cu il istehsal dövründə dünyada 32,825 milyon hektar sahədə pambıq istehsal edilib. Bu mövsümdə becərilən 32 milyon hektar pambığın 37 faizi Hindistanın payına düşür. Afrika ölkələrində son illərdə pambıq əkini sahələrinin genişlənməsi nəticəsində Türkiyə, artıma baxmayaraq dünya pambıq əkin sahəsi baxımından 11-ci sırada yer alıb. Məlumatlara görə, 2018/19 mövsümündə dünya pambıq idxalı 9,3 milyon ton olacaq ki, bu dövrdə dünya idxalında ən böyük paya Banqladeş sahib olacaq. İdxalda bu ölkəni Vyetnam, Çin və İndoneziya, Pakistan və Türkiyə izləməkdədir. 2018-19-cu il mövsümündə dünya lif pambıq ixracatının da təqribən 9,3 milyon ton olduğu təxmin edilir. Birləşmiş Ştatlar dünya ixracında təxminən 3,3 milyon ton və 35% paya sahib olmaqla liderdir. Dünya ixracının 71 faizi bu ölkələr tərəfindən həyata keçirilir. Ümumilikdə isə 70 faiz idxalın ABŞ, Braziliya və Yunanıstan təşkil etsə də bu ölkələri Türkmənistan, Azərbaycan və Avstraliya təqib edir. Çin dünya pambıq ehtiyatlarının yarısına sahibdir.
Pambığın xarici bazar qiymətlərinin formalaşmasında ən vacib amil dünya pambıq istehsalında əsas yer tutan ölkələrin (Çin, Hindistan, ABŞ) istehsal miqdarı və ehtiyatlarıdır. Pambıqla yanaşı, toxunma sənayesi üçün istehsal lifi və digər liflərin qiymətləri, məsələn yun, sintetik iplik də pambığın qiymətində mühüm rol oynayır.
Liverpul indeksi qiymətləri dünya pambıq qiymətləri olaraq qəbul edilir.
ICAC-ın məlumatlarına görə, dövlət dəstəyi son illərdə yüksək səviyyəyə çatıb.
Hökumətlər tərəfindən pambıq istehsalı, qiymət dəstəyi, birbaşa gəlir dəstəyi, gömrük tədbirləri və sığorta dəstəyi kimi bir çox fərqli vasitələrlə dəstək verilir.
“Gələn il təqribən
200 milyon manata
yaxın güzəştli kreditlər nəzərdə tutulur”
Pambıqçılıq ölkəmizdə də gəlirli, əməktutumlu sahəyə çevrilib və ölkə iqtisadiyyatına, o cümlədən makroiqtisadi vəziyyətin sabit qalmasına, manatın məzənnəsinin möhkəmlənməsinə və sabit qalmasına müsbət təsir göstərir. Bu günlərdə Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə bu sahənin inkişafı geniş müzakirə olunub.
Pambıq yığımının başa çatdığını deyən ölkə başçısı bildirib ki, bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib: “Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə nail olmuşuq, bu vəzifələri icra etmişik”. O da vurğulanıb ki, hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edilib. Yəni, pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradılıb. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Ölkə başçısı bildirib: “2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilib. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlayıb və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətirib. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Gələn il təqribən 200 milyon manata yaxın güzəştli kreditlər nəzərdə tutulur və pambıqçılıq sahəsinə kifayət qədər vəsait ayrılmalıdır. 2020-ci il üçün çox geniş və müfəssəl yol xəritəsi tərtib edilib icra olunmalıdır. Belə olan halda pambıqçılıq Azərbaycanda daha sürətlə inkişaf edəcək, həm bu sahədə məşğul olan insanlara, həm də ki, dövlətə xeyir gətirəcək”.
Müşavirədə
pambıqçılığın inkişafı istiqamətində
həyata keçirilən tədbirlərlə bağlı o da vurğulanıb ki, fermerlərə satılan pestisidlərin
qiymətinə tətbiq edilən güzəştin məbləğinin
yuxarı həddi 5 dəfə artırılaraq hər hektara görə 50 manata,
mineral gübrələrin dəyərinə
tətbiq edilən güzəştin məbləğinin
yuxarı həddi isə 50 faiz
artırılaraq hər hektara görə
150 manata çatdırılıb. “Aqrolizinq” ASC-nin
balansında olan 768 texnika
vasitəsilə fermerlərə güzəştli şərtlərlə
dəstək göstərilib, gübrələrin səyyar formada yerlərdə və sahələrdə
satışı həyata keçirilib. Bütünlükdə kənd təsərrüfatı
texnikalarının alınmasına 40 faiz
güzəşt tətbiq olunub.
Ümumiyyətlə, ölkəmiz
pambıqçılığın inkişafına göstərdiyi
dəstəyə görə, dünya
üzrə aparıcı dövlətlərdən biridir. Aparılan təhlillər
göstərir ki, 2018-ci ildə 30 sentnerdən
çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu
rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib.
2019-cu ildə istehsal olunmuş
294 min ton xam pambıqdan respublikanın pambıq
emalı zavodları tərəfindən 114 min ton mahlıc
istehsalı gözlənilir. 2020-ci ildə hər
hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə
tutulur.
Nigar Abdullayeva
Palitra 2019.- 24 dekabr.- S.6.