“Müəllimlərin orta aylıq əməkhaqqı təxminən
600 manatı keçib”
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb. Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Nazir ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O məlumat verib ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib, dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri də qeyd edilməlidir. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Nazir qeyd edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qalmamalıdır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən artıq müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-də qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. Nazir vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir. İstedadlı uşaqlarla iş sahəsində görülən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla ümumilikdə 146 medal qazanıblar. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinfi yaradılıb. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, cari tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start verilib. Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təhsil naziri məlumat verib ki, Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artıb. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb. Təhsil naziri diqqətə çatdırıb ki, məktəb məzunlarının əmək bazarına daha asanlıqla inteqrasiyasını təmin etmək məqsədilə ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül sinifləri fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə edilməklə 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılıb.
Nigar
Palitra 2019.- 25 dekabr.- S.7.