Zaur Əliyev:"İcbari tibbi
sığortanın tətbiqi nəticəsində əhalinin
tibbi xidmətlərə əlçatanlığı
artacaq"
2020-ci
il Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ili
olacaq.
Bu sistemin tətbiqi ilə
bağlı həyata keçirilən pilot
layihənin nəticələri, onun mərhələli
tətbiqi ilə bağlı əhalini maraqlandıran
sualları AZƏRTAC-a müsahibəsində İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin (Agentlik)
İdarə Heyətinin sədri Zaur
Əliyev cavablandırıb.
- Mingəçevir
şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari
tibbi sığorta sisteminin
tətbiqi ilə bağlı pilot layihənin
nəticələri barədə nə deyə bilərsiniz? Bu təcrübə hansı müsbət nəticələr
verdi, hansı problemləri
aşkarladı?
- İcbari tibbi
sığorta pilot layihə şəklində
Mingəçevir şəhəri və Yevlax
rayonunda artıq üçüncü,
Ağdaş rayonunda
isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə agentliyin
tabeliyinə verilmiş tibb
müəssisələrində tibbi xidmətlərin
keyfiyyətini yüksəltmək və tibbi
xidmətlərə əlçatanlığı artırmaq
məqsədilə bir sıra tədbirlər
görülüb. Təcili və təxirəsalınmaz
tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini
artırmaq məqsədilə mərkəzi xəstəxanalarda
TTTY şöbələri qurulub.
Qabaqcıl ölkələrdə TTTY-nin
təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə
başlanılıb. Yeni tipli TTTY xidməti xəstənin
ambulans üçün
çağırışından başlamış onun tibbi xidmətin digər
səviyyəsinə (ilkin səhiyyə
xidməti, ambulator və ya
stasionar tibbi xidmət)
yaxud evə göndərişinə qədər
olan mərhələləri əhatə edir. “Triaj”
sistemi isə xəstələrin
ehtiyaclarına uyğun çeşidlənməsinə,
onlara göstərilən tibbi
xidmətlərin effektivliyinin və keyfiyyətinin
artırılmasına, xəstələrin lüzumsuz
stasionar tibbi xidmətə
qəbuluna, səhiyyə xərclərinin daha
səmərəli istifadə olunmasına şərait
yaradır.
Həmçinin tibb müəssisələrinin
idarəedilməsi strukturu dəyişdirilib,
tibbi təchizatı
yaxşılaşdırılıb və diaqnostik
laboratoriyalarının işi təkmilləşdirilib.
Mərkəzi xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi
avadanlıqlar quraşdırılıb ki,
onlar qanın nəinki ümumi
və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata
keçirməyə imkan verir.
Laborator müayinələrin
aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda qeyd edə bilərik
ki, pilot ərazilərdəki
tibb müəssisələrindən xəstəxanadaxili
bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və
həyata keçirilən bütün
manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə
həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin
elektronlaşdırılması tam təmin
edilib.
Ölkədə ilkin səhiyyə
xidmətinin təkmilləşdirilməsi istiqamətində
tədbirlər görülərək pilot
ərazilərdə Ailə Sağlamlıq Mərkəzləri
(ASM) yaradılıb. Mingəçevir şəhəri
üzrə sanitar-epidemioloji tələblərə
cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ASM qurulub.
ASM-lərdə ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir.
Ağdaş rayonunda həmçinin
46 tibb məntəqəsi də fəaliyyət
göstərir.
Xüsusilə qeyd
olunmalıdır ki, pilot
layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti (480-ni ambulator, 677-si stasionar,
6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik, 459-u laborator
müayinə və 166-sı həyati vacib-dəyəri
yüksək olan xidmətlər) birləşdirən
icbari tibbi
sığortanın baza zərfi
hazırlanıb və bura daxil
olan tibbi xidmətlərin
tarifləri müəyyənləşib.
Qeyd edək ki,
pilot ərazilərdə əhalidən
sığorta haqqı toplanılmır. Belə ki, pilot ərazilərin
340 min nəfər sakini
və burada rəsmi qeydiyyatda
olan 30 min nəfərə
yaxın məcburi köçkün baza zərfi çərçivəsində
ödənişsiz tibbi xidmətlərdən
istifadə etmək hüququ əldə edib.
Həmçinin baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı (istisnalar zərfi - 1186 adda tibbi xidmət) və tarifləri də müəyyənləşib Baza və istisnalar zərfləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib.
Eyni zamanda
tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş
verib. Mingəçevir şəhər Mərkəzi
Xəstəxanasında ilk dəfə olaraq endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük
sümüklərin endoprotezləşdirilməsi əməliyyatlarının
həyata keçirilməsinə başlanılıb. Cari il ərzində 6 sayda TUR və 2 sayda böyük sümüklərin endoprotezləşdirilməsi
əməliyyatı həyata keçirilib.
Həmçinin tibb müəssisələrində
“Laboratoriya analizlərinin nəticələri”
adlı elektron xidmət istifadəyə verilib. Bu xidmət vətəndaşlar
üçün vaxt
itirmədən və kağız daşıyıcıdan
istifadə etmədən laboratoriya analizlərinin
nəticələrini onlayn öyrənmək
imkanı yaradır.
Qeyd olunmalıdır ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin
(profilaktik gəlişlər daxil olmaqla) sayı 27 faiz artıb. 2017 və 2018-ci illərdə pilot ərazilərdə ümumilikdə 1967 nəfər
ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunub.
Tibb müəssisələrində
çarpayıların sayının əhalinin
ehtiyaclarını üstələdiyini və bu
çarpayıların saxlanılmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz
olduğunu nəzərə alaraq onların sayının azaldılması
qərara alınıb. 2016-cı il ilə
müqayisədə 2018-ci ildə pilot
ərazilərdə çarpayıların sayı 1249-dan
707-yə qədər azaldılıb (43.4 faiz).
Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə 2018-ci ildə çarpayıda keçirilən günlərin orta sayı 11.7-dən 4.6-ya enib.
Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin
əsası qoyulub, tibb
işçilərinin əməkhaqları
artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış
adambaşına ödəniş metodu tətbiq
edilib. “Pilot layihə
çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına
əlavələrin hesablanması və ödənilməsi”
Qaydaları (https://its.gov.az/page/diger-senedler) müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid
tarif cədvəlinə uyğun
olaraq əməkhaqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot
layihə müddətində həkimlərin göstərdikləri
tibbi xidmətlər müqabilində əməkhaqlarına
stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına
isə sabit əlavələr tətbiq edilir.
Tibb işçilərinin
fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq
edilən yeni yanaşma
nəticəsində pilot ərazilərdə
əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə
ümumilikdə 1.8 dəfə artıb. Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə
üzrə orta aylıq əməkhaqqının
1.9 mislini təşkil edib.
Yuxarıda adıçəkilən islahatlar və tədbirlər əhalinin tibbi xidmətlərə əlçatanlığını
artırıb və səhiyyə xərcləri ilə
bağlı maliyyə yükünü
azaldıb. Agentlik tərəfindən
2018-ci ildə pilot ərazilərdə ümumi əhali və tibb
işçiləri arasında keçirilən
sorğuların nəticələri bunu
deməyə əsas verir. Belə ki, sorğuların nəticələrinə əsasən
əhalinin 84 faizi və tibb
işçilərinin 87 faizi (həkimlər
və orta tibb
işçiləri) icbari tibbi
sığortanın tətbiqi istiqamətində
aparılmış islahatlardan məmnunluğunu
bildirib.
Nəticələrdən məlum olub ki, pilot
ərazilərdə alınan tibbi xidmətlərdən
(88 faiz) və ailə həkiminin xidmətlərindən
(90 faiz) məmnunluq da
yüksək səviyyədədir.
İcbari tibbi
sığortanın tətbiqindən sonra
cərrahi əməliyyat olunanlar
arasında tibbi xidmətlərin əldə
edilməsi ilə bağlı maddi
sıxıntı keçirənlərin sayı kəskin
azalıb. Belə ki, icbari tibbi
sığortanın tətbiqindən əvvəlki və
sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri
üzrə 59.3 faizdən 4 faizə, Yevlax
rayonu üzrə 61.8 faizdən 3.1 faizə,
Ağdaş rayon
üzrə isə 67.8 faizdən 13.5 faizə qədər endiyi müşahidə edilib.
Əhalinin baza zərfi
çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlıq
səviyyəsi Mingəçevir və Yevlax
rayonu üzrə 77 faiz,
Ağdaş rayonu
üzrə isə 62 faiz təşkil edib.
- 2020-ci il yanvarın 1-dən icbari
tibbi sığorta sisteminin tətbiqinə başlanacaq 20
rayonda əhali bununla bağlı tam maarifləndirilib?
- Agentlik tərəfindən
2020-ci ildən etibarən icbari tibbi sığortanın ilkin
mərhələdə tətbiq olunacağı 20 rayonda, habelə hazırda pilot
layihənin icra olunduğu
3 inzibati ərazidə cari
ilin noyabr və dekabr ayları ərzində maarifləndirmə
tədbirləri keçirilib. Tədbirlər Mingəçevir şəhəri,
Şəki, Quba, Qusar,
Xaçmaz, Şabran,
Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən,
Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay,
Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş
rayonlarında təşkil olunub. Sözügedən regionların əhalisi icbari tibbi sığorta sisteminin əhəmiyyəti,
üstünlükləri, məqsədi, icbari
tibbi sığorta haqqı, xidmətlər
zərfi, tibb müəssisələrinə
müraciət etmə qaydaları və s.
barədə məlumatlandırılıblar.
Bu istiqamətdə maarifləndirmə
tədbirlərinin mərhələli şəkildə
ölkənin digər regionlarında da
keçirilməsi nəzərdə tutulub.
- Hazırda fəaliyyət
göstərən tibb müəssisələrinin
(dövlət xəstəxanalarının, poliklinikaların,
təcili tibbi yardımın) fəaliyyətində
hansı dəyişikliklər olacaq, əhali
ilk növbədə nəyi bilməlidir?
- İcbari tibbi sığortanın tətbiqi hökumətin
səhiyyə sahəsində apardığı islahatların
tərkib hissəsidir. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin
yeni formasıdır və sistemin
tətbiqi səhiyyə sisteminin maliyyə
potensialını gücləndirəcək. İcbari
tibbi sığortanın tətbiqi nəticəsində
tibb müəssisələrinin idarəedilməsi
təkmilləşəcək, əhalinin tibbi
xidmətlərə əlçatanlığı artacaq, səhiyyə müəssisələri,
eləcə də tibb işçiləri
arasında sağlam rəqabət mühiti yaranacaq.
Həmçinin ölkə üzrə icbari tibbi
sığortanın tətbiqi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) tabeliyinə verilən
tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturu qurulur. Bu fəaliyyət tibb
müəssisələrində İKT-nin
imkanlarından istifadə etməklə, icbari
tibbi sığortanın məlumat
bazasının, habelə müvafiq proqram təminatının yaradılması və
geniş tətbiqi məqsədini
daşıyır.
Proqram təminatı vətəndaşın elektron qaydada
qeydiyyatının aparılmasına, pasiyentin
müraciət etdiyi şöbələr,
ona xidmət göstərən həkimlər,
təyin olunan müayinə və
müalicə (ambulator, diaqnostik
və stasionar) haqqında məlumatların
sistemə daxil edilməsinə imkan yaradacaq. Həmçinin
vətəndaşların diaqnozları və laborator
analizlərinin nəticələri haqqında məlumatları
rahatlıqla əldə etmələrinə xidmət edəcək.
Xəstəxanalara müraciət edən vətəndaşların
elektron qaydada
qeydiyyatının aparılması zamanı şəxsiyyət
vəsiqəsinin qeydiyyatçıya təqdim olunması
mütləqdir. Bunun üçün
hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə
şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.
Eyni zamanda, hər bir vətəndaş bilməlidir ki, səhhətində yaranan problemlə əlaqədar (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) ilk növbədə şəxsiyyət vəsiqəsi ilə birgə öz ailə həkiminə (ilkin səhiyyə müəssisəsi/Ailə Sağlamlıq Mərkəzi) müraciət etməlidir. Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. O vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə ixtisas həkiminə göndəriş verir. Bundan sonra ailə həkiminin göndərişi əsasında vətəndaş tibb müəssisəsinə (ixtisas həkiminə) müraciət edə bilər.
- Vətəndaşlar
icbari tibbi
sığorta ilə özəl xəstəxanalarda müayinə
və müalicə oluna biləcəklərmi?
- Agentlik pilot layihə müddətində baza zərfinə daxil olan, lakin icbari
tibbi sığortanın tətbiq olunduğu inzibati ərazilərdəki
(Mingəçevir şəhəri, Ağdaş
və Yevlax rayonları) dövlət tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlərin göstərilməsi məqsədilə
qeyri-dövlət tibb müəssisələri
ilə müqavilələr bağlayıb.
2020-ci il
yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar
agentliyin nəzdindəki Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-ə
yaxın dövlət səhiyyə sisteminə daxil olan tibb
müəssisələri veriləcək ki,
onların 438-i müxtəlif səviyyəli və profilli xəstəxanalardır. Xidmətlər
zərfində nəzərdə tutulan, lakin dövlət tibb
müəssisələrində göstərilməsi mümkün olmayan tibb xidmətlərin əhaliyə göstərilməsi
üçün qeyri-dövlət tibb müəssisələri ilə müqavilələrin
bağlanılması nəzərdə tutulub.
- Vətəndaşlar
2020-ci il yanvarın 1-dən icbari tibbi
sığortanın xidmətlər zərfinə daxil olan tibbi
xidmətlərin hansından istifadə edə biləcəklər?
- Agentlik ölkədə icbari tibbi
sığortanın tətbiqini təmin etmək məqsədilə
əhalinin sistem çərçivəsində
yararlana biləcəyi xidmətlər zərfini
hazırlayıb. Xidmətlər zərfi
sığortaolunanlara müvafiq növdə,
həcmdə və şərtlərlə göstərilən
icbari tibbi
sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
Xidmətlər zərfi əhalinin
sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin
yaxşılaşdırılmasına, əhalinin tibbi xidmətlərə əlçatanlığının
və tibbi xidmətlərin göstərilməsində
mərhələliliyin təmin edilməsinə, xəstəliklərin
erkən aşkarlanması məqsədilə əhalinin
tibb müəssisələrinə
müraciət tezliyinin
artırılmasına və vaxtında müvafiq
tibbi yardımla təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətinin
artırılmasına xidmət edir.
Zərfə ilkin səhiyyə,
təcili və təxirəsalınmaz tibbi
yardım, ambulator, stasionar
və həyati vacib-dəyəri yüksək olan
tibbi xidmətlər daxildir.
Xidmətlər zərfi özündə 3000-ə yaxın tibbi xidməti birləşdirir. Zərf
hazırda müvafiq qurumlarla
razılaşdırılma mərhələsindədir. Sənəd
təsdiq olunduqdan sonra
bu barədə ictimaiyyətə ətraflı
məlumat veriləcək və agentliyin rəsmi
internet saytında yerləşdiriləcək.
- Dərman
preparatlarının əldə edilməsi icbari
tibbi sığortaya daxildirmi?
- Xidmətlər zərfinə daxil olan tibbi
xidmətlərin adları, tarifləri, müştərək
maliyyələşmə məbləği, o
cümlədən dərman vasitələri ilə təminat
şərtləri təsdiq olunduqdan sonra bu barədə
ictimaiyyətə ətraflı məlumat veriləcək.
- İcbari
tibbi sığorta sisteminin
tətbiqi həkimlərin maaşına təsir göstərəcəkmi?
- İcbari tibbi
sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin
əməkhaqları artacaq. Həkimlərin
əməkhaqları iki hissədən
ibarət olacaq. Birinci
hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə
əsasən sabit olacaq.
İkinci hissədə isə həkimin
göstərdiyi xidmətə görə onun
əməkhaqqına əlavələr olacaq.
Hazırda həkimlərin əməkhaqlarına əlavələrin
hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə
razılaşdırılma mərhələsindədir.
Palitra 2019.- 27 dekabr.- S.12.