Vüsal
Qasımlı: Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi
yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra
Katibliyində keçirdiyi mətbuat konfransında bildirib ki,
2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş
ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in
istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi
artım tempindən daha yuxarı olub: “Biznes islahatları təklifi,
inqilabi sosial paket tələbi, idarəetmə islahatları
institutların səmərəliliyini çoxaltmaqla, dünya
bazarlarında neftin əlverişli qiymətləri və
qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi
şəraitində iqtisadi artım sürətlənir.
2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri
üzrə artım qeyri-neft sənayesində 13,9
faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində
15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1
faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə
ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə
3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın
ticarət tərəfdaşları olan ölkələrdə
iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3
faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili)
olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi
proqnozlarda nəzərdə tutulduğundan artıq olması
da aparılan islahatlarla birlikdə Azərbaycan
iqtisadiyyatına müsbət təsir edəcək.
Bu ilin ilk
11 ayında dövlət büdcəsinin profisiti 957 milyon
manata çatıb, ticarət balansında 6 milyard ABŞ
dolları müsbət saldo yaranıb. Strateji
valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37
aylıq mal və xidmət idxalına kifayət edir və
xarici borcu altı dəfə üstələyir. 2019-cu
ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən
az olub. Bu il manat türk lirəsinə,
avroya, gürcü larisinə qarşı bahalaşıb,
Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı
isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə
məzənnəsini sabit saxlayıb. Manatın
real effektiv məzənnənin ucuzlaşması isə
qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb. Vergi-gömrük
islahatları və “kölgə iqtisadiyyatı” ilə
mübarizə nəticəsində dövlət büdcəsinə
2019-cu il ərzində 1 milyard manat
proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin
artan imkanları hesabına həyata keçirilən sosial
islahat paketi 4,2 milyon nəfəri əhatə
etməklə 2,3 milyard manata başa gəlib”.
Vüsal
Qasımlı deyib ki, bank sektorunun kredit portfeli, aktivləri və
əmanətləri, balans kapitalı artıb, xarici borcu isə
azalıb: “Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10
ayının nəticələrinə əsasən ötən
ilin eyni dövrü ilə müqayisədə 6 faizlik
artım nümayiş etdirib. Həmçinin,
bank sektorunun xalis mənfəəti ötən illə
müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb. 2019-cu ildə Azərbaycan tarixində ən
irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq
və kadr islahatları aparılıb. Dünya
Bankının “Doing Business” hesabatında 20 ən
islahatçı ölkədən biri olan Azərbaycanın
kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirmiş,
“Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq
İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq
aləmdə donor ölkə statusu verib”.
Vüsal Qasımlı qeyd edib ki, 2019-cu ildə
TANAP-ın Avropa ilə birləşən hissəsinin
açılış mərasimi keçirildi. Azərbaycanın artan təbii
qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə
Gürcüstanın, Türkiyənin və Avropanın enerji
təhlükəsizliyində rol oynayacaq: “SOCAR Karbamid zavodu,
“Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat
Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST
Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası,
Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri,
“Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi
və s. 2019-cu ildə istifadəyə verilən mühüm
obyektlər oldu”.
O, ticarət
balansı ilə bağlı deyib: “2019-cu ilin yanvar-noyabr
ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və
ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində
müsbət saldo yaranıb. Monetar
qızılın idxalını çıxanda ticarət
dövriyyəsinin müsbət saldosu daha böyükdür.
Bu ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və
16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində
qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə,
İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac
olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin
müvafiq dövrü ilə müqayisədə alkoqollu və
alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin
ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların
ixracı 52 faiz, kimya sənayesi məhsullarının
ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik
enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz,
alüminium və ondan hazırlanan məmulatların ixracı
11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.
Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən
qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor,
qızıl, fındıq ləpəsi, pambıq
mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti),
xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı
polietilen, ilkin formalı polipropilen önə
çıxıb. 2019-cu ilin yanvar-noyabr
aylarında Azexport.az portalına 532 milyon ABŞ dolları dəyərində
ixrac sifarişləri daxil olub”.
Sosial
islahatlarla bağlı qeyd edib ki, 2019-cu ildə sosial islahat
paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni
zamanda, təqaüd və müavinətlərin
artırılması, problemli və vaxtı keçmiş
kreditlərin geri qaytarılması və restrukturizasiyası,
həmçinin həssas təbəqələrə mənzil,
avtomobil və s. formada verilən dəstəyi özündə
ehtiva edir: “Ümumi olaraq sosial islahat paketi bu il
üçün 2,3 milyard manat maliyyə
yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə
əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əmək haqqı 93%
artırılaraq 130 manatdan 250 manata çatdırılıb.
İki mərhələli baş tutan bu artımla minimal əmək
haqqı Prezidentin 2019-cu il fevralın 8-də
imzaladığı Sərəncamla 130 manatdan 180 manata
artırılıb və 600 minədək insanı əhatə
edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə
çatdırılaraq özəl sektorda çalışan
350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə
aid olub. Hazırda Azərbaycanda minimum əmək
haqqı ölkə üzrə yaşayış minimumunu 40%
üstələyir. Orta aylıq əmək
haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb.
Əgər alıcılıq qabiliyyəti
paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əmək
haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da
nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb.
Orta əmək haqqı göstəricisinə
görə isə Azərbaycan MDB məkanında ilk
üçlüyə daxildir. Sosial
islahatlar paketinin digər istiqaməti əmək
pensiyalarının artırılması ilə
bağlıdır. Belə ki, ölkə
başçısının Sərəncamı ilə 2019-cu
ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160
manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket
çərçivəsində isə bu göstərici 160
manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün
sosial rifahının yaxşılaşdırılmasına gətirib
çıxarıb. Ümumilikdə, 2019-cu il ərzində əmək
pensiyalarının 72% artımı 450 milyon manat maliyyə
yükü ilə 750 min nəfəri əhatə etmişdir.
Hazırda Azərbaycan MDB məkanında minimal
pensiyanın beynəlxalq dollarla ifadəsinə görə
1-ci yerdədir”.
İdarəetmə
islahatlarına toxunan Vüsal Qasımlı deyib ki, Prezident
İlham Əliyevin strateji idarəetmə siyasətinə
uyğun olaraq qanunverici, icraedici və məhkəmə
hakimiyyətinin islahatları dövlət idarəetməsinin
səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların
və biznesin maraqlarına xidmət edir: “2019-cu ildə
dövlət idadəetmə islahatlarının məqsədi
dövlət müstəqilliyinin daha da gücləndirilməsi,
vətəndaş məmnunluğunun artırılması,
dövlət və bazar tənzimləmələri arasında
optimal nisbətin qurulması və Azərbaycanın yerli,
regional və qlobal çağırışlara daha
yaxşı cavab verməsidir. Prezident
Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu
təsdiqləndi, mərkəzi icra hakimiyyəti
orqanlarında struktur islahatları aparılır, yerli icra
hakimiyyəti qurumları qarşısında yeni tələblər
qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə
icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin
inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi,
“Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə
keçidi, yığcam, mobil və məqsədyönlü
fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda
dövlət idarəetmə islahatları məcburetmədədən
könüllü riayətə, imperativ idarəetmədən
tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə,
məmur-sahibkar təmaslarından rəqəmsal həllərə
və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin
edir. Dövlət idarəetmə
aparatının islahatları dövlət-özəl dialoqunu
və dövlət-vətəndaş dialoqunu daha da irəli
aparacaq. Bu çərçivədə
dövlət müəssisələrində və özəl
sektorda idarəetmə islahatları, o cümələdən
korporativ standartların tətbiqi üçün yeni imkanlar
yaranıb. Məhkəmə hakimiyyətində
aparılan islahatlar isə özündə elektron məhkəmənin
inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin
artırılmasını, məhkəmələrin fəaliyyətində
şəffaflığın artırılmasını, məhkəmə
qərarlarının icrasının təkmilləşdirilməsini,
humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik
institutunun inkişafını, məhkəmənin maddi-texniki
bazasının gücləndirilməsini, məhkəmə
ekspertizası işinin daha da təkmilləşdirilməsini
ehtiva edir. Hakimiyyətin icra və məhkəmə
qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə
davam edir. Növbədənkənar
seçkilər nəticəsində yeni parlament islahatlar
kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində
ictimai nəzarəti və vətəndaş
iştirakçılığını daha da gücləndirəcəkdir.
Burada həm yeni millət vəkilləri
korpusunun formalaşdırılması, həm də
institutsional təkmilləşdirmələr üçün
imkanlar yaranıb. Yeni parlamentin məhz
dövlət idarəetmə islahatları çərçivəsində
formalaşması qanunverici hakimiyyətin məsuliyyətini
daha da artıracaq. Prezident İlham
Əliyevin rəhbərliyilə ölkəmizdə effektiv
dövlət idarəetmə sistemi qurulub. Azərbaycan
Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi”
sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən
çox irəliləyiş edib. Belə ki, müqayisə
olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan
5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə
irəliləyə bilib. Azərbaycan “Qlobal Rəqabətlilik
hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin
müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin
yükü meyarına görə 3-cü, hökumətin
siyasətin davamlılığını təmin etməsi
meyarına görə 11-ci, hökumətin dəyişikliklərə
reaksiyası meyarına görə 5-ci, hökumətin
uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə
qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca
Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən
vətəndaşların məmnunluq səviyyəsi 100 faizə
yaxındır”.
Biznes
islahatları haqqında qeyd edib ki, 2019-cu ildə islahatlar nəticəsində
tikinti obyektinin tikintisinə və istismarına icazələrin
alınması, elektrik təchizatı şəbəkələrinə
qoşulma, əmlakın qeydiyyatı, dövlət
satınalmaları sahəsində bütün prosedurlar rəqəmsallaşıb:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə
yaradılan yeni proqram “Mobil nömrə və FİN kod” vasitəsilə
artıq ümumi qeydiyyat cəmi bir prossedurla, 20 dəqiqə ərzində
taxes.gov.az saytında həyata keçirilə bilir. Proqram
istifadəyə verildikdən sonra keçən ilin yekunu ilə
müqayisədə 3677 daha çox hüquqi şəxs
qeydiyyatdan keçib ki, bu da 30,8%
artımdır. 2019-cu ildə “Yaşıl Dəhliz”
buraxılış sistemindən daimi istifadə
üçün 591 xarici ticarət iştirakçısı
tərəfindən müraciət ünvanlanıb və
onlardan 307-ə idxal, 198-ə isə ixrac əməliyyatları
üzrə sistemdən istifadə hüququ verilib. Ümumilikdə, yeni qayda nəticəsində
gömrük nəzarəti və rəsmiləşdirilməsinin
daha operativ və şəffaf şəkildə tətbiq edilməsi
imkanı yaradılıb. Vergi dərəcələrinin
aşağı salınması, vergi
inzibatçılığının təkmilləşdirilməsi,
həmçinin “kölgə iqtisadiyyatı” ilə mübarizə
sahəsində uğurlar əldə edilib. 2019-cu il ərzində vergi və gömrük orqanları
vasitəsilə aparılan islahatlar nəticəsində
dövlət büdcəsinə plandan əlavə təxminən
1 milyard manat vəsait daxil olub. 2019-cu ildə Azərbaycan
Dünya Bankının “Doing Business” hesabatında 20 ən
islahatçı ölkənin sırasında olub. Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik
hesabatı”nda Azərbaycan daha 11 pillə irəliləyərək
58-ci yerdə qərarlaşıb. Azərbaycan
İrs (Heritage) Fondunun “İqtisadi Azadlıq İndeksi”ndə ən
böyük irəliləyiş əldə edən ölkədir”.
Maliyyə-bank
sektoruna toxunan icraçı direktor qeyd edib ki, başa vurmaqda
olduğumuz ildə Prezident İlham Əliyevin
apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin
yaxşılaşmasına səbəb olub: “Bu il bankların
kapital dayanıqlığı artıb, rəqəmsallaşma
güclənmiş və prudensial idarəetməyə
keçid təmin edilib. Ancaq bununla birlikdə
bütün müsbət trendlər bank sektorunun real
iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək
istiqamətindəki gözləntiləri də gücləndirir.
Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri,
balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10
ayının nəticələrinə əsasən ötən
ilin eyni dövrü ilə müqayisədə 6 faizlik
artım nümayiş etdirib. Həmçinin,
bank sektorunun xalis mənfəəti ötən illə
müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans
kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik
göstəriciləri üzrə müsbət dinamika
müşahidə olunub. Bankların kredit
qoyuluşu 11 faiz artıb. Bu il bank
filial, şöbələrinin, nümayəndəlik, xidmət
vasitələrinin sayı (məsələn, ATM), həmçinin
sektorda işçi sayının əsaslı dərəcədə
artdığının şahidi olduq. Belə ki, sektorda
işçi sayı təkcə il ərzində
10 faizlik rekord artım nümayiş etdirdi. Geniş spektrdə
aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit
portfelindəki xüsusi çəkisinin azaldılması,
bank sistemində riskəsaslı idarəetmə
konsepsiyasının təşviq edilməsi nəticəsində
il ərzində problemli aktivlərin ümumi kredit portfelində
xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və
beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı
yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28
fevral 2019-cu il tarixində
imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin
problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında Fərman”ın rolunu xüsusilə
qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən
bu Fərman özünün müstəsna sosial mahiyyəti
ilə birgə bank sektoru üçün sözün əsil
mənasında tamamilə yeni bir səhifə açdı və
bank sektorunun gələcək inkişafı üçün
də möhkəm zəminlər yaratdı. Bu ilin ilk 10
ayında banklarda yerləşdirilib depozitlərin həcmi 23
milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni
dövrü ilə müqayisədə 7 faiz artım deməkdir,
fiziki şəxslərin əmanətlərinin həcmi isə
son illər üzrə ən yüksək göstəriciyə
- 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş
etdirib. Depozitlərin keyfiyyət göstəriciləri
üzrə də tendensiyalar pozitiv dinamika ilə
yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin
və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə
də davam edib. İl ərzində depozitlərin
tərkibində manatın xüsusi çəkisi artıq
37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra
müşahidə olunan ən yüksək göstəricidir
və milli valyutanın dayanıqlılığına olan
etimadın artmasının ən yaxşı nümunəsi
hesab edilə bilər. Cari il bank
sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi
baxımından da faydalı oldu. Ölkədə
ilk dəfə olaraq, valyuta əməliyyatlarının
aparılmasında xüsusi rejiminin yaradılması barədə
qərar verildi. Belə ki, 2019-cu il 15
mart tarixində edilmiş dəyişikliyə əsasən,
Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının
ayrıca qanunla - “Ələt azad iqtisadi zonası haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənməsi qəbul edildi. “Əmanətlərin
tam sığortalanması haqqında” Qanuna 2019-cu il 19 fevral tarixində dəyişiklik edilərək
əmanətlərin tam sığortalanması mexanizmi daha 1
il müddətinə uzadıldı. Əlavə olaraq, 2019-cu
ildə bank sektorunun fəaliyyətini tənzimləyəcək
bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank
sektorunun instutisional bazası möhkəmləndirilib ki,
bunlardan da “Banklarda risklərin idarə olunması haqqında
Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi
Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları”
kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik.
Eyni zamanda, “Bank hesablarının açılması,
aparılması və bağlanması Qaydaları” qəbul
olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər
banka getmədən bank hesablarının məsafədən
açılması imkanı əldə etdilər. Onu da xüsusilə qeyd edək ki, Azərbaycan
Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci
ölkədir və qəbul olunub qaydalar və icra edilmiş
tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən
burada biznes fəaliyyəti həyata keçirmələrinə
imkan yaratmış oldu. “Maliyyə xidmətləri
bazarında tənzimləmə və nəzarət sisteminin
idarəedilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr
2019-cu il tarixli Sərəncamı isə
bu sahədə yeni bir mərhələnin
başlanğıcını qoydu. Sektorda daxili və xarici
şoklara qarşı dayanıqlı, risk idarəetməsi
proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə,
şəffaf korporativ idarəetmə və güclü
infrastruktur elementləri ilə əhatə olunub,
nağdsız ödənişləri geniş təşviq edən,
real sektoru maliyyələşdirən və yüksək
inkişaf potensialına malik maliyyə-bank sistemi
formalaşdırmaq əsas gözləntilərdəndir”.
Anar
Palitra 2019.- 27 dekabr.- S.11.