Dağlıq Qarabağ
münaqişəsinin həllində irəliləyiş ola bilərmi?
Avropa Parlamentinin Ermənistanda 2018-ci il dekabrın 5-dən aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Eqiazaryanın ölümünə səssiz qalması və Azərbaycana qarşı qərəzli münasibəti vətəndaş cəmiyyətinin etirazına səbəb olub.
Bununla bağlı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı da bəyanat verib. Bu haqda təşkilatdan “Palitra”ya məlumat verilib. Bəyanatda deyilir: “Hörmətli Avropa Parlamentinin üzvləri! Bildiyimiz kimi, bu günlərdə Yerevan həbsxanasında 52 gün aclıq aksiyası keçirmiş jurnalist, "Haynews.am" saytının rəhbəri, "Erməni qartalları: Vahid Ermənistan" Partiyasının sədr müavini Mqer Eqiazaryan ölüb və bununla bağlı istər Avropa Parlamenti, istərsə də qitənin digər siyasi qurumları heç bir reaksiya verməyib. Günlərlə davam etmiş bu aclıq aksiyasının nə Ermənistan hakimiyyətini, nə də demokratiyanı, insan hüquqlarını əlində bayraq edən beynəlxalq və regional təşkilatları narahat etməməsi təəssüf doğurur. Halbuki bundan bir həftə əvvəl Avropa Parlamentinin üzvləri Azərbaycanda gənc bloger Mehman Hüseynovun 2 günlük aclıq aksiyasını “dünya miqyasında baş vermiş ciddi siyasi hadisə” kimi götürüb Azərbaycan barədə birtərəfli, yalnız məhkumun qardaşının təxəyyülü əsasında qeyri-obyektiv və qərəzli qətnamə qəbul ediblər. Baxmayaraq ki, Mehman Hüseynovla bağlı Azərbaycanda ölkə Prezidentinin ciddi siyasi reaksiyasından tutmuş, milli QHT və insan hüquqları müdafiəçilərinin obyektiv münasibət və mövqeyini gördük”.
Sənəddə qeyd olunur ki, Eqiazaryanın ölümünə və buna heç bir ciddi reaksiya sərgilənməyib: “Bu, avropalı siyasilərin bizlərə yaxşı məlum olan ikili, şərq mədəniyyətinə, müsəlman toplumunun çoxluq təşkil etdiyi cəmiyyətə (Azərbaycana) fərqli təzyiq dili ilə yanaşması və müstəqil siyasi kurs yeridən ölkəmizə ədalətsiz münasibəti ilə hər zaman görmüşük.
Bundan əvvəl Ermənistan parlamentində baş vermiş siyasi terror, dövlət adamlarının güllələnməsi, 10 il öncə Yerevan küçələrinin qana boyadılması, dinc nümayişçilərin öldürülməsi, fərqli dünyagörüşünə görə ictimai-siyasi fəalların dövlət aparatının ciddi təzyiqləri ilə üzləşməsi və illərlə bu təcavüzkar ölkədə total saxtakarlıqlarla keçən prezident və parlament seçkiləri barədə bir bəndlik belə, qətnamə qəbul etməyən Avropa Parlamentinin bu yeni “mövqeyi”, əslində, mövqesizliyi də qəbulolunandı. Bunun bir adı var - bizim siyasi maraqlarımızın oyunçusu olan Ermənistana dəstək olaq, öz dəst-xətti olan Azərbaycana qarşı isə qarayaxma aparaq.
Amma Avropa Parlamenti unudur ki, heç bir iqtisadi resursu və inkişafı olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan qoca qitənin enerji təhlükəsizliyinin əsas qarantlarından biridir. Bununla bağlı Avropa İttifaqının və Avropa Komissiyasının qərar və rəsmi şəxslərinin dəfələrlə səslənən mövqelərini yada salmaq kifayətdir”.
“ABŞ-ın ATƏT-in Minsk qrupunda mövcudluğu imkan verir ki, bu münaqişə aparıcı dünya ölkələri tərəfindən diqqət mərkəzində qalsın”
Yeri gəlmişkən, hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın da rolu müzakirə mövzusudur. Belə ki, politoloq İlqar Vəlizadə “Azadinform”a açıqlamasında deyib ki, ABŞ-ın ATƏT-in Minsk qrupunda mövcudluğu imkan verir ki, bu münaqişə aparıcı dünya ölkələri tərəfindən diqqət mərkəzində qalsın və bununla da geosiyasi balans təmin olunsun.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya gücləri maraq göstərirlər: “Lakin onların yanaşmaları fərqlidir. Həmin geosiyasi balans imkan verir ki, yanaşmalar bu və ya digər şəkildə tənzimlənsin, hər hansı bir gücün bura dominantlığı təmin olunmasın, yəni istisna olsun. Bu, əslində, bizim xarici strategiyamıza da uyğundur. Çünki Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Münaqişədə güclərin nisbəti bizə imkan yaradır ki, xarici siyasi kursumuzun, hətta belə mürəkkəb məsələdə prioritetlərini düzək və davam edək”.
“ABŞ problemin həllində maraqlıdır”
Siyasi şərhçi Arzu Nağıyev isə SİA-ya açıqlamasında deyib ki, Azərbaycan və ABŞ eyni problemlərin həlli üçün çalışan dövlətlərdir. Tramp hökumətinin əvvəlki hakimiyyətdən fərqli olaraq erməni lobbiçiliyindən nə mənəvi, nə də maddi dəstək almadığını deyən ekspert bildirib ki, yeni hakimiyyət əvvəlkindən fərqli olaraq Azərbaycana yalnız insan hüquqları baxımından deyil, həm də iqtisadi tərəfdaş kimi baxır: “Bunun nəticəsidir ki, ABŞ İrana qarşı olan sanksiyalarda Azərbaycanla bağlı məqamlara sanksiya tətbiq etmir. Bütün bunlar iki dövlət arasında strateji əməkdaşlığı göstərir”.
Ekspert bildirib ki, Azərbaycanın mühüm geosiyasi, həm də mühüm coğrafi mövqedə yerləşməsi bütün xətlərin ölkəmizdən keçməsinə səbəb olur: “Bunu ABŞ da dəyərləndirməyə başlayıb. Çünki ABŞ-ın İran, Əfqanıstan, Rusiya, Türkiyə ilə bağlı istiqamətləri Azərbaycandan keçir”.
ATƏT-in Minsk qrupunun həmsədri dövləti olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi istiqamətində səylərinə toxunan A. Nağıyev vurğulayıb ki, bu məsələyə bir neçə rakursdan baxmaq olar: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində iqtisadi mənafelərini qorumağa çalışır. Çünki regiona hər hansı bir sərmayənin yatırılması üçün münaqişənin həlli vacibdir. ABŞ-ın böyük şirkətləri də bundan maraqlıdır. Çünki bu onlara böyük iqtisadi dividendlər gətirə bilər. Digər tərəfdən geosiyasi, siyasi tərəfdən də münaqişənin həlli ABŞ üçün müsbət haldır. Son zamanlar Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında ayaqüstü görüşlər, mövqelərin daha çox aydınlaşması üçüncü tərəfləri kənarda saxlayır. Əgər əvvəllər münaqişənin həllində Rusiyanın açar rolunda olduğu bildirilirdisə, bu gün ABŞ burada da rolunu artırmağa çalışır. Kim münaqişənin həllinə nail ola bilsə, o, əlbəttə ki, Azərbaycanın dostuna çevrilmiş olur və qarşısına qoyduğu məqsədlərə çatmaq imkanları genişlənir”.
“Moskva atəşkəsə riayət olunmasından məmnundur”
Bu arada Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin İrəvanda Qarabağla bağlı maraqlı açıqlamalar verib. Bununla bağlı politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib ki, Karasin Rusiyanın məşhur diplomatı Aleksandr Qriboyedovun ölümünün 190 illiyi ilə bağlı İrəvanda büstünün açılması mərasiminə qatılmışdı: "Birincisi, Karasin deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə rəsmi görüşləri dəstəkləyir. Ancaq önəmli əlavəsini də unutmayıb: “Görüşlər yaxşı təşkil olunmalıdır ki, nəticə olsun və bizi irəli aparsın”. Yəqin, demək istəyib ki, Rusiyadan fərqli olaraq digər dövlətlərin təşkil etdiyi görüşlərdə nəticə olmur. Halbuki illərdir münaqişənin həlli prosesi ilə daha çox Moskva məşğul olur və görüşlərin çoxu Rusiya ərazisində keçirilir. Bəs belə isə məsələyə Karasinin məntiqi ilə yanaşsaq, Rusiyadakı görüşlərdə niyə nəticə yoxdur?
İkincisi, Karasin deyib ki, Moskva atəşkəsə riayət olunmasından məmnundur: “Elə etmək lazımdır ki, güc ssenariləri istisna olunsun”. Karasinin kimin ünvanına daş atdığı bəllidir. Güc ssenarisi haqqında ancaq bir tərəf - Azərbaycan danışır, haqqımızdır, çünki işğalçı status-kvonu davam etdirir.
Üçüncüsü, erməni jurnalistlərdən birinin “bu il münaqişənin həllində irəliləyiş ola bilərmi” sualına Karasin belə cavab verib: “Danışıqları sakit şəraitdə davam etdirmək lazımdır”. Yəni Karasin demək istəyib ki, hadisələri qabaqlamaq lazım deyil.
Fuad Hüseynzadə
Palitra 2019.- 1 fevral.-
S.11.