Keçən il
turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyib
“Turistlərin böyük hissəsi artıq Azərbaycanın
bölgələrinə gedir. Bütün lazımi şərait
yaradılır və turizm sənayesi Azərbaycanda
çox geniş imkanlara malik
olmalıdır”
Turizm ölkələrin
tanınmasında, təbliğində mühüm
rol oynamaqla
yanaşı, dünyada ən gəlirli
sahələrdən biri hesab
edilir. Bir çox ölkələr bu
sektorun inkişafı istiqamətində rəqabət
aparmaqla turizm ölkəsi
kimi tanınmağa
çalışır. Ölkəmizdə də son illər turizmin
inkişafı ilə bağlı mühüm
addımlar atılır. Prezident İlham Əliyev bildirib ki, son illərdə Azərbaycana
gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət
haldır: “Keçən il gələn
turistlərin sayı, təqribən 6 faizə yaxın
artıb. Keçən il ölkəmizə
əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlib.
Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu,
belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu
rəqəm göstərir ki, turizmin nə qədər böyük
əhəmiyyəti var. Bu
pullar xidmət sektoruna
gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar.
Yəni bu pullar birbaşa o şirkətlərə
gedir ki, onlar bölgələrdə turistlərə
müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük
hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün
lazımi şərait yaradılır və turizm
sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün
lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox
qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur
yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir
yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz
kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük
turizm mərkəzinə çevrilib.
Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə
turistlər çox gəlir, Qalaaltıya
müalicəyə gəlirlər. Tarixi
abidələrimiz kifayət qədər çoxdur.
Bu da böyük
maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir.
Bakı dünyanın ən gözəl şəhərlərindən
biridir. Yəni bütün
bu amillər deməyə əsas verir ki, turizm
sənayesi Azərbaycanda çox sürətlə
inkişaf edəcək”.
Azərbaycanın
turizm imkanları Türkiyədə nümayiş etdirilir
Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi ölkəmiz xaricdə təşkil olunan müxtəlif sərgilərdə təmsil olunur. Hazırda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə iştirak edir.
Dövlət Turizm Agentliyindən “Palitra” ya bildirilib ki, İstanbul şəhərində keçirilən sərgi fevralın 3-dək davam edəcək. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Hava Yolları, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, müxtəlif turizm şirkətləri və hotellər iştirak edir. 70 kvadratmetrlik stenddə Azərbaycanın turizm potensialını əks etdirən foto və videoçarxlar nümayiş etdirilir, broşürlər paylanılır. Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər keçirilir. Sərgidə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Azərbaycan stendini ziyarət edib. Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar departamentinin rəhbəri Sevinc Zeynallı iki ölkə arasındakı cari turizm əlaqələri barəsində nazirə məlumat verib. Öz növbəsində Mehmet Nuri Ersoy Türkiyə və Azərbaycan arasında turizm əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və hər kəsə uğurlar arzulayıb.
1997-ci ildən etibarən hər il keçirilən “EMİTT” sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Keçən il sərgidə dünyanın 85 ölkəsindən 1065 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 54000-dən çox ziyarətçi qəbul edib. Ölkəmiz 2003-cü ildən etibarən sözügedən sərgidə iştirak edir.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “FITUR 2019” çərçivəsində yanvarın 22-də Madriddə DTT-nin qərargahında qurumun İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi haqqında Saziş imzalayıblar. Dünyanın 40-dan çox ölkəsinin rəsmi nümayəndələri və başqa qonaqlar ölkəmizin turizm potensialı və mədəniyyət-sağlamlıq imkanları ilə bilavasitə tanış olmaq imkanı əldə edəcəklər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub ki, bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraq, hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin keçirdiyi
gecələmələrin 74,2 faizi
Bakıda, 10 faizi Qəbələdə,
3,7 faizi Naftalan şəhərində,
3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar
Respublikasında, 3 faizi Qubada,
2,8 faizi isə digər rayon
və şəhərlərdəki mehmanxanalarda
qeydə alınıb.
Dünya turizmi 2019-cu
ildən nə gözləyir?
2018-ci il bir sıra turizm ölkələrində ziyarətçi sayının artması, bəzilərində isə azalması ilə yadda qalıb. Bu sahədə müsbət nəticələr əldə edən ölkələrdən biri Türkiyə olub. 2018-ci ildə Türkiyəyə ümumilikdə 46 milyon 110 min ziyarətçi gəlib. Mədəniyyət və turizm naziri Mehmet Ersoy turistlərin yaşayış xərclərinin 63,2 dollardan 66,2 dollara qədər artırdığını deyib: “Bu məlumatlardan sonra hədəfimizin 70 milyon turist olmasını düşünmək çətin deyil. Bizim üçün vacib olan turizm gəlirlərini 70 milyard dollara çatdırmaqdır. İşin çətin hissəsi budur və bu baxımdan, turizmdə kəmiyyətdən keyfiyyətə keçməliyik. Yalnız yaşayış yerinin gəlirini artırmaqla turizm gəlirini yüksəltmək mümkün deyil. Turistin otel və turistik xərclərini artırmalıyıq. Türkiyə turizmindəki dəyişikliyi xaricdəkilərə izah etməmiz lazımdır. Bunun üçün böyük təqdimatlar etməliyik. Nazirlik olaraq biz Almaniya, Böyük Britaniya, Körfəz ölkələri, Rusiya və Ukraynada çox gərgin bir reklam kampaniyası başladıq. Biz də seçkilərdən dərhal sonra Turizm Fondunu da tətbiq edəcəyik. ABŞ, İspaniya, Sinqapur və Dubay kimi yüksək turizm gəlirləri olan ölkələrdə bu cür fondlar var. Biz 46 illik bir qanunu dəyişirik. Çünki bu müddətdə dünya turizmində bir çox yeniliklər olub. Texnologiyalar, biznesin təşkili yolları, turistlərin gözləntiləri dəyişib”.
Türkiyə turist sayında və gəlirlərində
10-12 faiz artım hədəfləyir
Türkiyə Otelçilər Birliyinin (TUROB) sədri Timur
Bayındır 2018-ci ilin turizm
sektoru baxımından yaxşı
sayılacaq bir il olaraq arxada
qaldığını, 2019-cu ildə həm turist
sayında, həm gəlirlərdə 10-12 faiz
ətrafında artım gözlədiklərini deyib: “Bu il Türkiyə turizminin bel sütunu olan Avropadan böyük maraq var. Demək olar ki, bütün turizm bazarları haqqında gözləntilərimiz
müsbətdir. Türk turizminin
əsasını təşkil edən Avropa
bazarlarından gələn göstəricilər, xüsusilə
qənaətbəxşdir. Uzaq Şərq
bazarlarında hərəkətlilik başladı. Yaxın
Şərqdə canlanma davam
edir. Digər bazarlarda
yaxşı irəliləyirik. 2018-ci ildə başlayan
yüksəliş tendensiyasının, bu
il də ikiqat
artımla davam edəcəyini gözləyirik.
Şimali Kipr turizmi dünyaya meydan oxuyur
Şimali
Kipr Türk Cümhuriyyətinin Turizm və Ətraf mühit naziri Fikri Ataoğlu ölkədəki otellərin
keyfiyyətinin dünyaya
meydan oxuduğunu söyləyib: “Cənub”un yataq sayı 100 mindən artıqdır. ŞKTC-də isə 26 min yataq var. ŞKTC-də büdcə kəsirinin 50
faizini turizm gəlirləri təşkil
edir. Bu il
hədəfimiz olan turist sayına çatmaqla, büdcə kəsirinin 60-65 faizini turizm gəlirləri ilə bağlamaq niyyətindəyik”.
Misirdə turizm yenidən yüksələcəkmi?
2018-ci ilin yanvar ayında Rusiya, ikiillik fasilədən sonra Misirə uçuş qadağasını qismən qaldırdı və aprel ayından etibarən yalnız Qahirəyə uçuşa icazə verdi. Digər tərəfdən, İngiltərənin Sina yarımadası ilə bağlı səyahət qadağası davam etdiyi üçün bu ölkədən Şarm El Şeyxə məhdud sayda turist gəlir. Rus turistlər hələ Misirə gəlməsə də, ölkə turizmi 2018-ci ildə əhəmiyyətli bir irəliləyiş əldə etdi. İtaliya, Çin, Almaniya və bəzi Şərqi Avropa ölkələri sayəsində tarazlıq bərpa edildi. Misir Turizm naziri Rania-Al-Mashat, 2018-ci ilin ilk 9 aylıq məlumatlarının ölkə turizminin irəlilədiyini və 40 faiz böyüdüyünü deyib.
Turistlər Odaları Federasiyasının vitse-prezidenti Adel Abdel Razek Misirə edilən son hücumun turizm sektoruna təsir etmədiyini vurğulayıb: “Xüsusilə İsrail və Türkiyə üzərindən Misirə gələcək rus turistlərin sayəsində, ölkə turizmi üçün 2019-cu ildə bir fürsət yaranıb. 2006-2011 illəri arasında turizm gəlirləri orta hesabla ildə 17 faiz artıb, 2019-cu ildə turizm gəlirləri 25 faiz artacaq. Turizm gəlirlərinin artması, Misirin valyuta ehtiyatlarına əhəmiyyətli təsir göstərəcək. Misirin turizm gəlirləri 2019-cu ildə 10 milyard dollara çata bilər”. Misirin turizm gəlirlərinin ÜDM-dəki payı 2019-cu ildə 12 faizə, sektorda işləyənlərin ümumi məşğulluq payında nisbəti isə 15 faizə çatacaq. Misirdə 2011-2017-ci illərdə otellərdəki bir gecənin qiyməti 10-12 dollar olduğu halda, keçən il qiymətlər 17-20 dollara yüksəlib. Ekspertlərin fikrincə, bu rəqəm əvvəlki qiymətlərə 70 faiz yaxınlaşdığını göstərir.
Nigar Abdullayeva
Palitra 2019.- 1 fevral.- S.5.