İstanbulda XXII Avrasiya İqtisadi
Zirvə toplantısı işə
başlayıb
İstanbul şəhərində
XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə
başlayıb.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi
toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli
dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar,
beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak
edirlər. Builki tədbir “Gələcək
üçün məsuliyyət” devizi altında keçirilir.
İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.
Tədbir Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib.
Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.
Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə “STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.
Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.
Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Vəqfinin sədri, professor
Akkan Suver
çıxışının əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsini
böyük ehtiramla yad edib. O deyib ki, Azərbaycan indiyə
qədər keçirilən 22 zirvə
toplantısının hamısında fəal şəkildə
iştirak edib. Ölkəmizin
bu Zirvə toplantılarının
keçirilməsində həmişə təşkilatçı
kimi iştirak etdiyini vurğulayan A.Suver buna görə Azərbaycan
dövlətinə və Prezident İlham Əliyevə şəxsən təşəkkür
edib. O vurğulayıb ki, Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı,
xüsusilə də enerji, nəqliyyat sahələrində
əlaqələri Azərbaycan qədər dəstəkləyən
ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Binəli Yıldırım deyib ki, biz
Avrasiya ölkələri olaraq
xalqlarımızın və dövlətlərimizin gələcəkdə
davamlı inkişafını təmin etmək məqsədilə
hər bir sahə üzrə əməkdaşlıq
etmək məcburiyyətindəyik. İqtisadi
baxımdan tarixi İpək Yolunun yenidən
canlandırılmasının əhəmiyyətini vurğulayan TBMM-in sədri
bu baxımdan Azərbaycanın, Türkiyənin
və Gürcüstanın birgə həyata keçirdiyi
layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət
daşıdığını vurğulayıb.
Türkiyə parlamentinin sədri gələcəkdə dünyada süni intellektin daha da inkişaf edəcəyini bildirib. O qeyd edib ki, hazırda mövcud olan sahələrin bir çoxu gələcəkdə aradan qalxacaq və onları rəqəmsal texnologiyalar əvəz edəcək. Buna görə də gələcək inkişafı təmin etmək üçün indidən rəqəmsal texnologiyalar sahəsinə investisiyaların yatırılması önəmlidir.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına töhfələr verdiyini qeyd edib. Bildirib ki, builki sammitin “Gələcək üçün məsuliyyət” devizi altında keçirilməsini zəruri edən amillər hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlərarası, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir.
Nazir dövlətlərarası
münasibətlərdə və geosiyasi
proseslərdə böyük rolu olan enerji
amilinin hazırda texnologiyaların
inkişafı ilə yeni bir
məzmun qazandığını söyləyib. O, Azərbaycanın hər zaman enerji sektorunun
inkişafı üçün mütərəqqi
ideyaları və innovativ təşəbbüsləri
dəstəkləyən siyasət həyata keçirdiyini
və ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft
strategiyasının ən yeni
texnologiyaların neft-qaz yataqlarının
işlənilməsinə cəlb olunmasına imkan yaratdığını diqqətə
çatdırıb. Nazir, həmçinin
ölkəmizin neft-qaz potensialı və enerji resurslarının
reallaşdırılmasında beynəlxalq enerji
şirkətləri ilə birgə həyata keçirilən
layihələr barədə məlumat verib
Pərviz
Şahbazov Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində
ölkəmizin Türkiyə ilə birgə
addımladığını vurğulayıb. “İki ölkənin prezidentləri
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü
siyasi iradəsi sayəsində qaz mənbələri və
marşrutlarının şaxələndirilməsi
ideyası gerçəkləşir, TANAP-ın,
bütövlükdə isə Cənub Qaz
Dəhlizinin qlobal enerji
təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin
nüfuzunu artırır, enerji
sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya
tanıdır. Birgə enerji layihələri
hər iki ölkəni dünya
üçün əhəmiyyətli enerji mərkəzinə çevirir
və Avrasiyanın xəritəsini yenidən tərtib edir”, - deyə o bildirib.
Toplantıda, həmçinin Şimali Makedoniya Respublikasının Prezidenti George İvanov, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavara, Sloveniya Baş nazirinin müavini Alenka Bratuşek, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Gülrü Qayumova, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Silap Velbeqov və başqaları çıxış ediblər.
Rəsmi açılışdan sonra “Rəqəmsal texnologiyaların inkişaf etdirilməsi və insanlığın gələcəyi”, “Su və miqrasiya”, “Qloballaşmanın yeni standartları, populizm, sağlam işbirliyi” mövzularında panel iclaslar keçirilib.
Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.
Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.
Palitra.-2019.-7 fevral.-S.4.