Əbu-Dabidəki Şəhrizadın
Cəbrayıl həsrəti
Xaricdəki soydaşlarımızın hər hansı rəsmi vəzifədə çalışması, elimi işlə məşğul olması, müəllimlik etməsi bizlərə qürur verir. Belə insanlar Azərbaycanın xaricdə elitar simasıdır. Əslində, belə insanlarla tanış olmaq, onları tanımaq sanki canlı xəzinə tapmağa bənzəyir. Azərbaycan oxucusu üçün tapıntı olan və uzun müddətdir ki Birləşmiş Ərəb Əmirliklərində ölkəmiz layiqli şəkildə elm dünyasında təmsil edən Şəhrizad Süleyman xaricdəki belə soydaşlarımızdan biridir. Öncə qeyd edək ki, Şəhrizad Süleyman Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası kimyaçı-alim, anası riyaziyyatçıdır. Bakı şəhəri Yasamal rayonu 21 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə atası Tofiq Süleymana BƏƏ-nin Şarca əmirliyindən iş təklifi gəlir. 1994-cü ilin sonlarında Şəhrizadın ailəsi Birləşmiş Ərəb Əmirliklərinə köçür. BƏƏ-də təhsilini davam etdirən Şəhrizad 1999-cu ildə Əl-İbda qızlar məktəb-mədrəsəsini müvəffəqiyyətlə bitirərək Əcmən Universitetinin "İctimai əlaqələr və media" fakültəsinə daxil olur. 2005-ci ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Təhsil Nazirliyində məsləhətçi çalışır. 2007-ci ildə Əl-Şarika televiziyasından gələn iş təklifini qəbul edən Şəhrizad televiziyada çalışmağa başlayır. 2012-ci ildən Abi-Dabi Universitenin əməkdaşı olan həmyerlimiz beynəlxalq əlaqələr kafedrasında çalışır və eyni zamanda Zəyid Universitetində ictimai əlaqələrdən dərs deyir.
Sevindirici haldır ki, Şəhrizad Süleymanın fəaliyyəti və yaradıcılığı əcnəbi yazarların da diqqətini cəlb edib. Elə oxucularımız üçün daha maralı olar deyə, Şəhrizad Süleymanı iraqlı tənqidçi Mustafa Hamid Əl-Bayatinin "Məcəllətil əl-ədəb əl-arabi" ədəbi dərgisində çap olunan yazısından daha da yaxından tanıyaq:
Şəhrizadın düşüncələri...
Ərəb ölkəsində yaşayan, böyük bir coğrafi məkanda Vətəni Azərbaycanı ləyaqətlə təmsil edən gənc aydınlarımızdan biri də Şəhrizad Süleymandır. Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açan bu xanım artıq uzun illərdir doğmaları, ailəsi ilə bərabər, Vətənindən uzaqda, Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Yaşadığı ölkədə ali təhsil almış və Əbu-Dabi Universitetinin əməkdaşı olan Şəhrizad şərqşünas, elmi-araşdırmaçı, tədqiqatçı kimi tanınmaqla yanaşı, azərbaycan, ərəb, türk dillərində şeir, hekayə, povest və bir çox publisistik yazıların müəllifidir. Xeyli sayda tədqiqat xarakterli məqalələri, müxtəlif mövzularda maraqlı hekayələri, esseləri, publisistik yazıları Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və eləcə də, digər ərəb ölkələrinin dövri mətbuatında müntəzəm dərc olunur.
Şəhrizadın yaradıcılığı çoxsahəlidir, əruz, heca, sərbəst vəzndə söz nümunələri yazıb-yaradır və özünəməxsus poetik dili, üslubu onu oxuculara daha da yaxınlaşdırır, sevdirir. Onun poetik sözündə, şeirlərində bir dünya yaşayır... Poeziyaya sığan bir dünya... Şəhrizadın şeirləri sinəsi qəriblik nisgili ilə od tutub yanan, qürbətdə keçən bir şairə ömrünün acılı-şirinli günlərinin misraya çevrilən harayı, naləsidir:
Fəraq salan talelərdən, yollardan
Uzaq düşür, gözdən itir qatarlar
Dünyada hər anın öz hökmü olur
Məchul bir döngədə bitir qatarlar.
Ömür
karvanında yol gedənlərə
Ayna kimi baxıb gedir qatarlar.
Şəhrizadın
şeirlərində, qələmə aldığı qəzəllərdə
təlatümlü, ağlı-qaralı dünya kiçilir,
ölkələr, qitələr arasındakı uzun-uzun məsafələr
qısalır, kahkəşanlı cahan bir ovucluq olur sanki...
Qürbətdə yaşasa da, onun aləmində dünya vətəndən,
vətən isə, doğulduğu diyardan, eldən, obadan
başlayır:
Bağrımı
qan eylədi nari-fəraq, qürbətdə hicran, ağlaram
Kövkəbi-tale
bəxtimdən iraq, xatiri-viran ağlaram
Ya Rəb
bikəsi-zarəm, aç babi-nicat ey qadiri-sübhan
Kəmali-yəslə pərişan könlüm,
çeşmi-nigaran ağlaram.
Doğma yurdunun
şehli səhərləri, laylalı axşamları, axar
suları, ətirli iydə ağacları, sarı
sünbüllü çölləri, bahar müjdəli
gül-çiçəkləri, durna qatarı, gecənin
sarvanı bədrlənmiş ay, göy üzünü
dolaşan bulud karvanı, ağ örpəyə bürünən,
əzəməti ilə tarixə meydan oxuyan dağların
dumanı, yaşı yüz illərlə ölçülən
çinarın həzin xışıltışı,
bulaqların zümzüməsi, ocağı gur yanan,
qonaqlı-qaralı yurd yerləri onun uşaqlıq
yaddaşına əbədi həkk olunub. Lirik, həzin
misralarda müəllifin cani-könüldən bağlı
olduğu doğma yurdun müqəddəs rəmzinə
çevrilən simvolların poetik şərhi verilir:
Uşaqlıq
çağımın xatirəsisən
Həsrətli
yuxumun müsafirisən
Qürbətdə
könlümün həzin səsisən
Cəbrayılda qalan tənha çinarım.
Misraların səmimiliyi, hiss-həyəcanların təbiiliyi,
fikir və duyğuların sirayətediciliyi xüsusi poetik
ovqat doğurur. Paralanmış vətənin harayını, yaralı
torpaqların iniltisini, yadların tapdağı altında inləyən
yurd yerlərinin fəryadını, viran qalmış evlərin,
sönmüş ocaqların yetim görkəmini, şah
vüqarlı Qarabağ dağlarının
axıtdığı göz yaşlarını qəlb
yanğısı ilə qələmə alan
Şəhrizadın şeirləri oxucunu həzin notlara
kökləyir:
Elatım
didərgin, eldən aralı
Xan
Arazım, Xudafərin yaralı
Əsirlikdə
Xarı bülbül saralı
Qaldı yetim, arxasız Diridağı.
Xalqa, vətənə, insanlara, yurdun hətta qurumuş
çiçəyinə, saralmış yarpağına,
mamırlı daşına belə, ülvi məhəbbətlə
döyünən şairə ürəyinin
böyüklüyü qarşısında heyrətlənməmək
mümkün deyil. Vətən torpağına, doğulub
boya-başa çatdığı yurda tükənməz
sevgi Şəhrizadın qələmindən süzülən
misraların əsas leytmotivini təşkil edir. Bu sevgi fonunda doğma Vətənin, ana təbiətin
əsrarəngiz gözəlliklərinin bədii ifadəsi
yüksək ustalıqla və böyük ilhamla tərənnüm
olunur. Belə ki, müəllifin əlvan, poetik, emosional
vasitələrlə təcəssüm etdirdiyi fikirlər, saf
duyğular oxucunun zehnində və könül aləmində
güclü əks-səda doğurur:
Divarları
ələmdən,
Kədərdən
kif bağlayan
Evimi axtarıram.
Uşaqlıq
çağlarımı
Kənddəki
dostlarımı
O
qayğısız günləri
Ən
xoş keçən illəri
Sazla-söhbətlə
dolu
Nişan,
toy-düyünləri,
Yurd
itkisindən uzaq
Yaşayan
insanları,
Elatı
axtarıram...
Yaz
aylarında açan
Ətirli
çiçəkləri,
Əlvan
xalıya bənzər
Çəmənləri,
ləkləri
Bahardan
müjdə verən
Bənövşəni,
nərgizi
Ruhuma
sığal çəkən
Xan
çinarı, kəhrizi
Su
başında toplaşan
Səhəngli
qız-gəlini
Axşamüstü
Arazdan
Sərin əsən
mehini
Dünyanın
gərdişindən
Xəbərsiz
dövran sürən
Növrağı
pozulmayan
Övliyalar
elini,
Doğma
Cəbrayılımı
Obamı
axtarıram...
Şəhrizad
qələmə aldığı şeirlərdə Azərbaycan
təbiətinin gözəlliklərini vəsf etməklə
yanaşı, müqəddəs ana məhəbbətindən
söhbət açır, tarixi keçmişin şanlı
səhifələrini vərəqləyir, qışın sərt
şaxtasında, yayın qızmar istisində,
yağışlı-çiskinli havalarda Vətənin gecə-gündüz
keşiyini çəkən, hər bir qarış
torpağı göz bəbəyi kimi qoruyan qəhrəman Azərbaycan
əsgərinin rəşadətindən, şücaətindən
sonsuz qürur duyur:
Keçilməz
qaladı Vətən, keçilməz
Mübariz
ərənlər yolundan dönməz
Zirvədəki
bayraq bir daha enməz
Zəfər
səninlədir igid əsgərim!
Şəhrizadın
qərib ruhunu yurd itkisi, Qarabağ acısı göynətsə
də, ümidini itirmir, əksinə, zəbt olunan əzəli
torpaqların işğaldan azad olunacağı və Azərbaycan
bayrağının Şusada, Laçında, Ağdamda,
Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə
qürurla dalğalanacağı qələbə
gününü səbirsizliklə gözləyir:
İgid, ərənlər
ordusu
Qarabağı
alaydı kaş
Azərbaycan
bayrağını
Cəbrayılda
asaydı kaş
Qarabağ
azad olundu
Xoş
müjdəli bu xəbəri
Ərəbistan
torpağında
Sevincimdən
ağlayaraq
Özüm
elan edəydim kaş!
Cəbrayıla
gedəydim kaş
Qarabağa
gedəydim kaş!
Çoxcəhətli yaradıcılığa malik bir qələm
sahibi olan Şəhrizadın şeiriyyatı ilə
yanaşı, bədii publisistikası da cəlbedicidir. Özünəməxsus
yazı tərzi, dil-üslub məziyyəti var. Onun publisistik
dili də, şeirləri kimi o qədər rəvan,
axıcıdır ki, insan oxuduqca oxumaq istəyir. El-oba,
yurd həsrəti, işğal olunmuş torpaqların
ağrısı, göynərtisi, sızıltısı
Şəhrizadın nəsrində də əsas yer tutur:
"Vətən, torpaq, doğma yurdun dağı,
daşı, havası, suyu fövqəladə cazibə
qüvvəsi ilə harada yaşamasından asılı
olmayaraq, insanı daima özünə tərəf çəkir.
Hər bir kəsə doğulduğu, üzərində
ilk kövrək qədəmlərini qoyduğu torpaq müqəddəsdir,
əzizdir. Lakin erməni adlı zalım qəsbkar
məni doğma, müqəddəs torpağımdan məhrum
etdi. O erməni ki, tarix boyu bizlərə düºmən,
qənim kəsilib" – deyərək fəryad qoparan
yazıçı düşmənə qarşı nifrətini
kəskin şəkildə ifadə edir.
Vətənlə
bağlı uşaqlıq xatirələrini ərəb dilində
qələmə alan Şəhrizadın
"Xavatır Şəhrizad" (Şəhrizadın
düşüncələri) kitabı illər öncə
çap olunmasına baxmayaraq bu gün də öz
aktualliğını qoruyub saxlayır. Kitabın ilk səhifəsində
nisgil dolu qərib ruhun Vətən harayı poetik misralarla
oxucuya çatdırılır:
Başı
uca dağlarına
Bir
quş olub uçaydım kaş
Dağlarından
pərvazlanıb
Xan çinara qonaydım kaş.
Min nemətli,
bərəkətli
Torpağından
öpəydim kaş
Kəhrizinin
buz suyundan
Bir doyunca içəydim kaş.
Qürbətdə yaşayan Şəhrizadın xatirələr
məcmuəsində qəlbində daşıdığı
Qarabağ yükünü, ağrılarını duymamaq
mümkün deyil. Vətənə, torpağa bağlılıq, milli təəssübkeşlik
hissi müəllifin "Zikrayət" (Xatirələr)
kitabında yer alan xatirələrində
daha qabarıq şəkildə əks olunub: "Hər qarışı
mənə əziz olan doğma Cəbrayılım illərdir
düşmən tapdağı altında inildəyir,
yaralı aslan kimi durmadan nərə çəkir. Lakin nə
hayına hay verən tapılır, nə də, imdadına
yetişən... Uzun illərdir ata-baba yurduma,
doğma torpağımın qoxusuna, tər çiçəklərinin
ətrinə həsrət qalmışam. Tale
ağacının ən nisgilli budağına qonan, qanadı
qırıq quş misali bu həsrətin yanğısı qəlbimi
yandırır-yaxır..."
Kitabla
tanış olan ərəb oxucu xəyalən Azərbaycanın,
Qarabağın, Şuşanın, Laçının, Cəbrayılın,
habelə Şirvanın səfalı məkanlarını
qarış-qarış gəzir, Şamaxı elindən
keçərək Ağsu dolaylarını, Şeyx Dursun
türbəsini, Araz boyu kəndləri, Ziyarət
dağını dolaşır, o diyarın saf havasını
udur, o torpağın qoxusunu, güllərin, çiçəklərin
ətrini alır, kəhrizin diş sızladan buz kimi soyuq
suyundan içir, Xan çinarın qalın gövdəsindən
asılan yelləncəkdə yellənir, o dövrün
insanları, adət-ənənələr, qədim dövrlərdən
soraq verən tarixi məkanlar, minilliklərin süzgəcindən
süzülüb gələn dəyərlərdən, dədə-babalardan,
sözlü-söhbətli ağbirçək nənələrdən
miras qalmış zəngin mədəni irsdən, ləziz Azərbaycan
mətbəxindən, milli və dini bayramlardan ətraflı məlumat
alır: "Bax, uzaqdakı o təpəni görürsən?...
Təbiətin şah əsəri olan "Kar
çinar"ın yanındakı, köhnə yurdla təzə
yurd arasında yerləşən hündür təpəni
deyirəm. O təpədən Araz vadisi ovuc içi kimi
görünür. Uca təpədən ətrafı
seyr edən insan sanki əsrarəngiz gözəlliklər aləminə
qədəm qoyur. Dağlara doğru ilan kimi
qıvrılan yollar, bağ-bağatlı kəndlər,
hündür ağaclar arasında baş-başa verən evlər,
üzümlüklər, taxil zəmiləri, lal-dinməz axan
Araz çayı, dəmiryolu relsləri ilə hərəkət
edən qatarlar... Əsrlərdir baş verən
hadisələrə, qanlı savaşlara, çəkişmələrə,
xoş və kədərli günlərə şahidlik edən
uca təpədən kimlər keçməyib?!...
Karvanlar, qoşunlar, səyyahlar, tarixi şəxsiyyətlər...
O təpənin üstündə at belində doğulub, ox və
qılınc sədaları altında yaşa dolan Elat igidləri
namərd düşmənin gözünü ovublar. Döyüş meydanından qalib çıxan ərənlər
qürub edən günəşin al-qırmızı şəfəqləri
altında yallı gediblər. Kəhriz başında
durna qatarı kimi sıraya düzülən kəlağayılı,
çiyni səhəngli qız-gəlinlər toxuduqları
xalı-gəbələrdən söhbət
açıblar..."
Müəllif
"Zikrayət" (Xatirələr) kitabında daha sonra qeyd
edir: "Dünyada insanı valeh edən, heyrətləndirən
tarixi, gəzməli, dincəlməli məkanlar çoxdur. Mən bir çox xarici ölkələrdə, əcnəbi
məmləkətlərdə səfərlərdə
olmuşam. Lakin mənim aləmimdə
doğma yurdum bütün gözəlliklərin
fövqündədir. Bir sözlə, Vətənim
dünyanın ən gözəl cənnət məkanıdır!"
Vətən
yanan çıraqdır
El-obada,
ocaqda
Vətən
müqəddəs nəğmə
Səslənir
hər dodaqda
Vətən
müzəffər şahin
Sıldırım
qayalarda
Vətən
bir Xarı bülbül
Cənnəti-Qarabağda
Vətən
ətirli gülab
Badi-səba
yaylaqda
Vətən
minillik tarix
Zəngin,
ulu torpaqda
Vətən
hakimi-hissim
Hər
yazdığım varaqda
Vətən
müştaqi-qərib
Yurdum məndən
uzaqda...
Onun qərib
könlündən diz çöküb doğma yurdun
torpağını öpmək, kəhrizin saf suyundan içmək,
uca dağların əlçatmaz zirvələrində
qıy vuran qartalların uçuşunu seyr etmək, al-əlvan
güllərin rayihəsini qoxulamaq, zümrüd meşələrdə
nəğmə oxuyan quşların səsini eşitmək,
sakit axan Arazın pıçıltısını dinləmək,
Xan çinarla dərdləşmək keçir:
O qayalar məktubumdur
Qanadı
qırıq, talesiz
Üzgün
göyərçinlərə...
Mavi
dalğalara atılan
Kədərli
yaş axıdan
Solğun
yasəmənlərə...
Qanlı
torpaq ağı deyir
Öz
ruhundan ayrı düşən
Hal-əhvalı
pərişan
Küskün
didərginlərə...
Şəhrizadın yaradıcılığında
doğma Vətənin çağdaş mənzərəsi
sadəcə bir təsvir kimi deyil, tarixilik mahiyyəti
daşıması baxımından da diqqət çəkir. Bu sayıq
yanaşmadan ərəb oxucu bir çox tarixi məlumatlar əldə
edir. Onun poeziyasında, hekayələrində,
publisistikasında, eləcə də, bədii tərcümələrində
dövrün ictimai-siyasi mənzərəsi canlanır,
keçmişlə bu gün qovuşur və bu zaman kəsiyindən,
sabah, gələcək
görünür... Ümid, arzu, istək, səadət dolu gələcək...
Bu qürbətdə yaşayan, amma qəlbi hər zaman Azərbaycan
həsrəti ilə döyünən bir Vətən
övladının ürəyində yanan ümid
işığıdır:
Qatar gedir
qürbət elə,
Gözlərdə
yaş gilə-gilə
Düşdük
burulğana, selə
Dərdlər
var ki, gəlməz dilə
Qəm
qarışdı əsən yelə
Ağ dən
düşür qara telə
Son nəfəsdə
olsa belə
Qərib könül Vətən istər.
Ədəbiyyatşünaslıq,
poeziya, publisistika və mütərcimlik Şəhrizadın
sadəcə iş həyatının cizgilərini deyil, eyni
zamanda ruhi aləminin, mənəvi dünyasının, əqidə
və məfkurəsinin hüdudlarını da müəyyənləşdirir.
Bu sərhədlər təkcə Azərbaycanla
məhdudlaşmır, bütün Türk dünyası, ərəb
və ümimilikdə Şərq dünyasını əhatə
edir. Həyatında baş verən önəmli hadisələri,
şahidi olduğu qəribə olayları, müxtəlif
ölkələrə səfər təəssüratlarını
qələmə alan yazarın ərəb
dilində nəşr olunan başqa bir kitabı "Mədinətil
riyah" (Küləklər şəhəri) adlanır. Kitabda cəmiyyət içində öndə olan
ictimai xadimlərin, məşhur simaların, müxtəlif təbəqələri,
bölgələri təmsil edən fərqli
dünyagörüşlü insanların həyat hekayələri
yer alıb. Məlum səbəblərdən gizli
saxlanılan, vaxtında deyilib yazılması mümkün
olmayan bir çox mübhəm mətləbləri, cəmiyyətdən
gizlədilən reallıqları, acı həqiqətləri
bir sözlə, həyat gerçəkliklərini qələmə
alan müəllifin bu kitabı ərəb
oxucuları tərəfindən maraqla qarşılanıb.
"Qadın
sirri açılmayan bir ulduza bənzəyir... Xöşbəxt
anlarında bərq vurur, kədərli günlərində
öz parlaqlığını itirir. Qadının
özünə aid bir dünyası var. Öz
dünyasında yalnız olan qadın daxili aləminin əsirinə
çevrilir... Əgər qadın gördüklərini,
bildiklərini qarşısındakı şəxsin
üzünə vurmursa və onu sakitcə seyr edirsə, vaxt gələcək
qarşı tərəf xəyanətinin cəzasını
çəkəcək... Çünki, ağıllı
qadın lazımi məqamda şah gedişi ilə hər kəsi
mat qoya bilir!" – bu fikirlər Şəhrizadın
fəlsəfi düşüncələrini əks etdirən
"Əl-mara vul hob" (Qadın və sevgi)
kitabındandır. Fəlsəfi-psixoloji esselər
toplusunda müəllif qadın dünyası, zərif cinsin zəngin
mənəvi aləmindən söhbət açır.
Azərbaycanlı şərqşünas alim Aida
İmanquliyevanın elmi fəaliyyəti haqqında qələmə
aldığı "Cövhərətil Şərq"
(Şərqin gövhəri) kitabı Şəhrizada
böyük uğur gətirməklə yanaşı, Körfəz
ölkələrində ərəb oxucularının
böyük marağına səbəb olub.
Müəllif A.İmanquliyevanın şərqşünaslıq
elminə verdiyi töhfələrdən, məhcər ərəb
ədəbiyyatının öyrənilməsində xidmətlərindən
söhbət açmaqla Azərbaycan alimini ərəb
dünyasına tanıdır. Küveyt, Bəhreyn, Oman,
BƏƏ-nin müxtəlif universitetlərində Şəhrizadın
təşəbbüsü ilə kitabın təqdimatı
keçirilib, Abu-Dabi, Əl-Şarika beynəlxalq kitab sərgilərində
nümayiş olunub. "Cövhərətil Şərq"
kitabının Azərbaycanda təqdimat mərasimi bir
neçə il öncə Bakı Dövlət
Universitetində Aida xanım İmanquliyevanın 70 illik
yubileyinə həsr olunan beynəlxalq elmi konfransda
keçirilib.
Şəhrizad eyni zamanda, bədii tərcümə ilə
də məşğuldur. Məşhur türk şairi Hazim
Hikmətin şeirlərini ərəb dilinə, o cümlədən,
dünya şöhrətli ərəb şairləri Nizar
Kabbani, Əhməd Şoiqi, Mahmud Dərviş, Nazik əl-Mələikə
poeziyasından ana dilimizə bədii tərcümələr
edir:
!Ey
insanlar, duyun məni
Alagözlü
Bilqeyisim şəhid oldu
O dəhşətli
hadisədə
İblislərin,
şeytanların əli ilə
Al qanlarla
suvarılan,
Terrorun qurbanı oldu.
Dünya,
sənə səslənirəm:
Söylə, budurmu ədalət?!
Yaxın
Şərqdə hökm sürür
Avam, nadan
bir cəhalət
Bir
qadının ölümünə qıyanlara
Nə ad verim?!...
Onun tərcümə
etdiyi bu misralar çağdaş Şərq ədəbiyyatının
böyük simalarından biri olan Nizar Kabbaninin
"Bilqeyis" poemasındandır:
Bilqeyisim...
Sən Dəclənin
sakit-sakit ləpələnən sularında
Şahə
qalxan bir dalğasan
Bülbüllərin
avazısan
Dəniz
rəngli o masmavi gözlərinə
Ürəyimi
sərinlədən sözlərinə
Sənin
nurlu çöhrəndəki təbəssümə
Kimlər qıydı?
Həyatıma
məlhəm olan təbibimə
O
qızılı hörüklərin sahibinə
Bağdadımın
gözəlinə, mənim sarı gəlinimə
Nazlı
yarım, taleyimin günəşinə
Kimlər
qıydı?...
N.Kabbani
yaradıcılığını araşdıran Şəhrizad
şairin adına təsis olunmuş
mükafata layiq görülüb. O, ərəb ölkələrində
keçirilən poeziya günlərinin, şeir gecələrinin
fəal iştirakçısıdır. Onun ərəb
poeziyasından etdiyi tərcümələr Azərbaycan mətbuatında
dərc olunur, müxtəlif saytlarda yer alır. Bədii sözə çox böyük dəyər
verən, hər kəlməyə məsuliyyətlə
yanaşan Şəhrizad eyni zamanda, klassik Şərq ədəbiyyatı
və müxtəlif xalqların şifahi xalq ədəbiyyatı
ilə yaxından maraqlanır.
Əbu-Dabi Universitetinin ictimai əlaqələr
kafedrasında çalışan Şəhrizad tələbə
və müəllim heyətinin hörmətini qazanıb. Ərəb aləminin
məşhur universitetlərində alimlər, doktorantlar, tələbələrin
iştirakı ilə mütəmadi olaraq diskusiyalar təşkil
edən Şəhrizadın əsas məqsədi Azərbaycanı
tanıtmaq və ölkəsi haqqında müsbət rəy
yaratmaqdır. Universitet xətti ilə müxtəlif
ölkələrdə keçirilən elmi konfranslarda, beynəlxalq
simpoziumlarda, forumlarda fəal iştirak edən Şəhrizad
mötəbər tədbirlərdə Qarabağın erməni
qəsbkarları tərəfindən işğal olunması,
Azərbaycanın qan yaddaşının ən kədərli
səhifəsi olan Xocalı soyqırımı, azğın
sovet ordusunun 1990-ci il 20 yanvar tarixində əliyalın, məsum
insanlara qarşı törətdiyi vəhşiliklər barədə
çıxışlar etməklə Azərbaycanın haqq səsinin
dünya ictimaiyyətinə çatdırılmasında Vətən
övladı kimi öz köməyini əsirgəmir. Şəhrizad
Azərbaycanın, doğma Vətəninin
ağrı-acıları ilə nəfəs alan,
onun uğurlarına sevinən, dərdinə-sərinə
yanan vətənpərvər xanımdır. Qərib ellərdə,
əcnəbi məmləkətlərdə tək başına
Vətən, Azərbaycan, Qarabağ adına
mücadilə aparır. Düşmən
tapdağı altında inildəyən Qarabağın dərdini,
münaqişənin gerçək mahiyyətini ərəb
oxucuları Şəhrizadın yazılarından yaxından
öyrənə bilir, bu haqda ətraflı məlumat
alırlar. Bu barədə qələmə
aldığı yazılar Birləşmiş Ərəb
Əmirliklərinin dövri mətbuatında dərc edilir,
televiziya və radio proqramlarında
işıqlandırılır.
Doğma elindən uzaqda, qürbət diyarda
yaşamasına baxmayaq, canı qədər sevdiyi Vətəninin
vəsfindən doymayan, qərib ruhlu Şəhrizad gecə-gündüz
çalışır, yazıb-yaradır. Çoxsaylı
oxucular adından bu zərif xanıma yeni-yeni
yaradıcılıq uğurları diləyirəm.
Doğma elin, həsrətini çəkdiyin gözəl
Qarabağda görüşmək diləyilə...
Mustafa Hamid Əl-Bayati
Məcəllətil
əl-ədəb əl-arabi"-2012
Palitra 2019.- 9 fevral.- S.7.