“Əlilliyi olan
şəxslərin hüquqları: Qanunvericilik
və onun tətbiqi” mövzusunda
təlim keçirilib
Media nümayəndələri bu mövzuda biliklərini
genişləndiriblər
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində Şabran rayonundakı Qalaaltı sanatoriyasında jurnalistlər üçün növbəti təlim kursları təşkil olunub. 9-10 fevral tarixini əhatə edən təlimin birinci günündə "GİZ”-in əməkdaşı Şakir Səfərbəyov açılış nitqi ilə çıxış edərək kursun məqsədi, gözlənilən nəticələr və metodologiya ilə bağlı fikirlərini bildirdi.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda ətraflı məlumat verdi. Təlimçi gün ərzində əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki, etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə çatdırdı.
Əlilliyin şərti bölgüsü
Kursda media nümayəndələri əlilliyi olan şəxslərə elementar müraciət etiket qaydalarından tutmuş ümumilikdə əlilliyin şərti bölgüsü və s. haqda ətraflı məlumatlandırıldılar. Təlimçi bildirdi ki, əlilliyin şərti bölgüsündən danışarkən burada bir sıra əsas amillər nəzərə alınır. Bunlar hərəkət funksiyalarının pozulması, orqanların sistem funksiyasının pozulmasıdır(qan dövranı, nəfəsalma sisteminin, qida sisteminin eləcə də maddələr mübadiləsinin pozulması və s. daxili orqanlarla bağlı olan hallar). Həmçinin duyğu orqanlarının pozuntusu-görmə, eşitmə, iybilmə, hissiyat da bura aiddir. Bölgüyə aid digər amillə isə əqli-psixiki, yəni qavrama qabiliyyətinin pozuntusu, diqqətin yayınması, yaddaş, təfəkkür, nitq, emosiya, iradə pozuntusu sayılır.
Sahib Məmmədov həmçinin əlilliyi olub çətinlik çəkən şəxslərə qarşı bəzi müraciət nümunələri haqqında da söz açıb. Qeyd edildi ki, əlilliyi olan şəxsin arabası toxunulmazdır, sahibinin icazəsi olmadan onu sürmək, kənara itələmək, oturmaq, ayaq qoymaq, olmaz. Hətta əlilliyi olan şəxsə onun icazəsi olmadan kömək etməyə-əl yükünü daşımaq, pilləkəni qalxmağa kömək etmək, qapı açmaq və s. cəhd edilməsi doğru deyil. Həmin şəxsə kömək təklif etmək və o razı olarsa buna cəhd etmək lazımdır. Əgər kömək həmin şəxs kömək təklifinizi qəbul edibsə və ya özü sizdən yardım göstərməyi xahiş edibsə, yardımı o necə xahiş edibsə o formada edin. Yəni məsələlərə bu dərəcədə diqqətlə yanaşılması belə həssas insanlar üçün vacib amildir. Digər vacib məqam kimi isə qeyd edildi ki, əgər əlilliyi olan şəxsi hər hansı bir tədbirə dəvət edirsinizsə ona əvvəlcədən maneələr haqqında məlumatlar verin. Maneələri dəf etmək üçün hər hansı variantlar varsa, əvvəlcədən təklif edin. Hətta elementar etik qaydalara da riayət edilməsi tövsiyə edilir ki, bunlardan biri də arabada oturan əlilliyi olan şəxsin çiyninə vurub zarafat etməyin tövsiyyə edilməməsi, onunla ünsiyyət zamanı bir qədər ona doğru əyilməkdir. Digər mühüm məqam isə əhatənizdə-məclisdə, stol arxasında hər hansı bir məhdudiyyəti olan şəxs olduqda steqma yaradan sözlərdən yayınmaqdır. Misal üçün, “filankəs elə bil kordur, kaldır, laldır, şikəstdir, çolaqdır”. Yəni nəzərə alınmalıdır ki, hərəkət məhdudiyyəti olan şəxslər bir qayda olaraq yaxşı görür, eşidir və anlayırlar... O da qeyd edildi ki, görmə qabiliyyəti məhdud olan, və ya görməyən şəxs küçə ilə təkbaşına hərəkət edirsə və bu zaman çətinlik çəkirsə ona köməyinizi təklif edin. İmtina etdikdə isə israr etməyin... Məqbul sayılan etiket və davranış qaydalarından biri isə görmə qabiliyyəti olmayan şəxsin özünə müraciət edilməsidir. Yəni əgər onu müşayət edən varsa məhz həmin şəxsə yox, görmə qabiliyyəti məhdud olan şəxsə müraciət edilməsi məqbul sayılır.
Qadınlar arasında olan əlillik
kişilərə nisbətən daha çoxdur
Danışma çətinliyi olan şəxslərlə ünsiyyət və davranış qaydalarına gəldikdə isə bildirildi ki, çətin danışa bilən və ya danışa bilməyən şəxslərlə ünsiyyətdən çəkinmək olmaz. Həmçinin danışan zaman çətinlik çəkən şəxsin sözünü kəsmək böyük yanlışlıqdır. Yalnız danışmağa o zaman başlayın ki, həmin şəxsin sözlərini bitirməsinə əmin olasınız. Fikirləşmək olmaz ki, şəxsin danışma imkanları məhduddursa, onun intellekti də zəifdir.
Sahib Məmmədov təlimdə əlilliyi olan hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik haqqında da jurnalistlər üçün öz fikirlərini bölüşdü. Konvensiyanın qəbulunu şərtləndirən amillər haqqında danışan təlimçi bildirdi ki, dünya əhalisinin təqribən 650-800 milyon nəfəri və ya 10-12 faizi əlilliyi olan şəxslərdir. Qadınlar arasında olan əlillik isə kişilərə nisbətən daha çoxdur. Küçə uşaqlarının isə 30 faizdən çoxu əlildir. Maraqlıdır ki, inkişaf etməkdə olan ölkələrdə yaşayana əlilliyi olan uşaqların 90 faizi təhsil ala bilmir. Bütün əlilliyi olanların 368 milyon nəfəri əmək qabiliyyəti olsa da onların 80 faizə qədəri işsizdir. O da qeyd edildi ki, ÜST-nin məlumatına görə əlilliyin dörddə biri yaralanmaq və ya zorakılıq nəticəsində sonradan əldə edilir. Tədqiqatlara görə əlilliyi olan uşaqlar öz sağlam həmyaşıdlarına nisbətən 1,7 dəfə daha çox zorakılıq qurbanı olur. Bütün bu kimi amillərin də nəzərə alınmasından sonra Əlilliyi Olan Şəxslərin Hüquqları Haqqında Konvensiya BMT Baş Assambleyasının 13 dekabr 2006-cı il qətnaməsi ilə qəbul edilib və 30 mart 2007-ci ildə ratifikasiya üçün açıq elan edilib. 20 ölkə ratifikasiya etdikdən sonra 3 may 2008-ci ildə qüvvəyə minib. Azərbaycan isə konvensiyanı 2008-ci il 9 yanvar tarixində imzalayıb və 28 yanvar 2009-cu ildə ratifikasiya edib. Sahib Məmmədov konvensiyanın əsas prinsipləri haqqında da söz açıb. Bildirib ki, ayrıseçkiliyə yol verilməməsi, cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma, əlilliyi olanların xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması əsas prinsiplərdəndir. Bura həmçinin imkanların bərabərliyi, müyəssərlik, kişi və qadınların bərabərliyi, əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət də daxildir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə jurnalistləri maraqlandıran suallar da ətraflı cavablandırılıb. Seminarın sonunda təlim iştirakçıları əlilliyi olan şəxslər mövzusunda kiçik esselər hazırladılar.
Təlimin ikinci günündə vəkil Sahib Məmmədov əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müyəssərlik və əlverişli mühit barədə media mənsublarına ətraflı məlumat verdi. Eyni zamanda təlimin mövzusuna aid sənədli film nümayiş olundu.
Tural Tağıyev
Palitra.-2019.-12 fevral.-S.13.