Cəfər Cabbarlının
şəxsi arxivi rəqəmsallaşdırılır
Prezident İlham Əliyevin “Cəfər
Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli
Sərəncamına əsasən hazırlanmış tədbirlər
planına uyğun olaraq,
böyük yazıçı və dramaturqun AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materiallarının rəqəmsallaşdırılmasına
başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, XX əsr Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin və incəsənətinin
inkişafında müstəsna xidmətlər göstərmiş
görkəmli dramaturq, şair,
nasir, teatrşünas,
tərcüməçi və kinossenarist
Cəfər Cabbarlının şəxsi arxivində
hazırda 2000-dən çox sənəd
qorunur. Arxiv materiallarının rəqəmsallaşdırılması
həmin sənədlərdə olan məlumatların
elektron versiyasını istifadəçilərə
çatdırmağı, bununla da orijinalın qorunmasını təmin etməyi
nəzərdə tutur. 759 saxlama
vahidi təşkil edən arxiv
sənədlərinin 39-nun elektron
versiyası artıq hazırdır və iş
davam edir.
Cəfər Cabbarlının Əlyazmalar İnstitutunun elektron resurslar şöbəsi tərəfindən
yaradılan elektronlaşdırılmış sənədli irsi tədqiqatçılarda böyük
maraq doğuracaq.
Palitra 2019.- 13 fevral .- S.15.