Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”

Təmkin Nağıyev:

Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemi indiyədək həllini tapmayan, qlobal məsələ kimi qarşıda duran işsizlik problemidir

Bu gün hər bir ölkədə azərbaycanlı gənclər öz potensiallarını ortaya qoymalıdırlar. Bunun üçün gənclər ictimai-siyasi proseslərdə də aktiv iştirak etməlidirlər. Elə müsahibimiz Təmkin Nağıyev də Gürcüstanda ictimai fəal gənclərdəndir. O, qəzetimizə müsahibəsində öz perspektiv fəaliyyəti haqda danışıb. Qeyd edək ki, T.Nağıyev 1993-cü il dekabr ayının 19-da Gürcüstan Respublikasının Marneuli rayonunun Əzizkənd kəndində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Əzizkənd məktəbinin 1-ci sinfinə gedib. 2012-ci ildə orta təhsilimi başa çatdırıb. 2013-cü ildə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub və 2017-ci ildə universiteti bitirib. 2014-cü ildən “Özünü idarəetmə təşkilatı”nın vitse-prezidenti kimi işləyir. O, 2016-cı ildə keçirilən deputat seçkilərində iştirak edib.

- Gürcüstandakı azərbaycanlı gənclərin aktivliyini necə artırmaq olar?

- Maraqlı və nailiyyətli layihələrin və görüşlərin hazırlanması, gənclərlə sıx-sıx əlaqədə olub bilik və bacarığını nümayiş etdirmək üçün görüşlərin keçirilməsi, onların müasir mövzularla əlaqədar hazırladıqları layihələrin nəzərdən keçirilməsi və cəmiyyətdə düzgün yol seçilməsində və gələcəkdə nələrə qadir olacağına əmin olmaq üçün, hər cür köməklik göstərilməlidir.

Gənclərin potensial gücünü görmək, gələcəyinə inanmaq, savadbiliyini üzə çıxarmaq dövlət və cəmiyyətimiz üçün faydalı bir şəxs kimi yetişdirmək və layiqli yer tutması üçün onlara yaxından dəstək olmaq ən əsas şərtdir. Hər bir gəncin fikrinə və gördüyü işlərə nə qədər hörmətlə yanaşsaqonlara dəstək olsaq, onlar da daha da uğurlu layihələr və maraqlı fikirlər irəli sürülə bilər. Gələcəyimiz üçün gənclərin görə biləcəyi işlərdən faydalana bilərik.

- Gürcü və azərbaycanlı gənclərin bir araya gəlməsi ilə bağlı layihəniz effekt veribmi?

- 2014-cü ildən etibarən gürcü və azərbaycanlı gənclər arasında hazırlanan layihələr çərçivəsində gürcü gənclərinin azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə olması, milli bayramlarımızla maraqlanması və milli mətbəximizlə tanış olması, eləcə də tarixi yerlərini gəzmələri və orada keçirilən görüşlər hər iki tərəfdə böyük marağa səbəb olmuşdur.

Eləcə də azərbaycanlı gənclərin gürcü xalqına məxsus olan tarixi abidələri ziyarət etmələri, bir çox maraqlı faktları üzə çıxartmaları, gürcülərə mənsub olan adət-ənənələrlə tanış olmaları, gənclər arasında maraqlı layihələrin hazırlanmasına səbəb olur və həyata keçirilir.

İkitərəfli layihələrin hazırlanması gənclərimizin böyük uğurlarına imza atır və bütün bunlar gələcəkdə cəmiyyətdə layiqli mövqe tutmalarının təməl daşı və bariz nümunəsidir.

- Birgə hansı mövzuda layihələr keçirmək mümkündür?

- Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərinin mütəmadi olaraq bir araya gəlib görüşlər keçirəsi vacib şərtdir. Ölkəmizi daha yaxından tanıyaq və inkişaf etdirək, gürcü dili, Ana dilimiz, Gürcüstan və Azərbaycan həmrəyliyi mövzusunda layihələr hazırlayıb həyata keçirmək daha məqsədəuyğundur.

- Ümumiyyətlə, Gürcüstanda böyüyən yeni nəsil azərbaycanlıların əsas problemi nədir?

- Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemi indiyədək həllini tapmayan, qlobal məsələ kimi qarşıda duran işsizlik problemidir. Gürcüstanın nəzdində olan dövlət və qeyri-dövlət təhsil ocaqlarına qəbul olub, təhsil alan azərbaycanlı gənclərimiz var. Bu təhsil ocaqlarını bitirdikdən sonra öz bilik və bacarıqlarını nümayiş etdirmək, işləmək üçün yerləri tapmaqda çox çətinlik çəkirlər və əksəriyyəti işsiz qalırlar.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkət və təşkilatlarında azərbaycanlıların işə qəbul olunması, bu yerində gənclərimizin öz bilik və istedadlarını nümayiş etdirməsi və beləliklə, qismən də olsa işsizlik probleminin aradan qaldırmaq daha məqsədəuyğunxeyirxah bir təşəbbüs ola bilər.

- Təhsil aldığınız universitetdə Azərbaycanla bağlı tədbir keçirirsinizmi?

- Təhsil aldığım İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycanla bağlı bir neçə tədbirin həyata keçirilməsində fəal iştirakçı olmuşam. İlk dəfə 2016-cı ildə may ayının 10-da ulu öndərimiz Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirdə dövlət nümayəndələri ekspert və tarixçilərlə bərabər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, eyni zamanda Eduard Şeverdnadze ilə dostluğu haqqında məruzəmlə çıxış etmişəm. 2017-2018-ci illərdə yenə də universitet nəzdində Azərbaycanın müstəqilliyinin 99-cu və 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə məruzə hazırlayıb çıxış etmişəm.

Fuad Hüseynzadə

Palitra  2019.- 15 fevral.- S.7.