“Digər xalqların etnik təmizlənməsi Ermənistanı monoetnik dövlətə çevirdi

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan ziddiyyətli açıqlamalar verir. Onun çıxışı bir daha göstərir ki, Ermənistan sülh istəmir. Milli Məclisin deputatı Elman Məmmədov SİA-ya açıqlamasında deyib ki, Paşinyan hələ də nəticə çıxara bilməyib.

Onun sözlərinə görə, Paşinyan əksinə əsil erməni xəstəliyinə tutulan biridir: “Onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərsəm bəyanatlar səsləndirməsi, davakar mövqe sərgiləməsi, Azərbaycanla normal münasibətlər göstərmək fikrində olmadığını göstərir. Paşinyanın bəyanatları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətini ortaya qoyur”.

Azərbaycan Prezidentinin Real-TV-yə müsahibəsi zamanı ölkəmizin güclü dövlət və güclü orduya sahib olması ilə bağlı fikirlərini xatırladan E. Məmmədov söyləyib ki, əgər Ermənistan işğalçılıq siyasətini davam edərsə, bu ölkəni həm iqtisadi, həm də digər sahələrdə daha pis vəziyyət gözləyir: “Göründüyü kimi Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirmədiyi üçün danışıqlar hələ də nəticəsiz olaraq qalmaqdadır”.

Deputat bildirib ki, Ermənistan üçün düzgün yol onun qonşularla qonşuluq münasibətləri yaratmaq, Azərbaycanın torpaqlarını işğaldan azad etmək və işğalçılıq siyasətinə son qoymaqdır: “Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an torpaqlarımızı işğaldan azad etmək qabiliyyətinə malikdir. Gedişat göstərir ki, erməniləri başqa cür başa salmaq mümkün deyil. Onları yalnız Azərbaycan əsgəri başa salacaq”.

“Dağlıq Qarabağın statusunun müəyyən olunması Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının birgə əməkdaşlığından keçir

Politoloq Mübariz Əhmədoğlu isə “Azadinform”-a bildirib ki, Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşür, amma saat yarım ərzində ancaq heç nə müzakirə etmədiklərini bildirir: “Və yaxud Azərbaycan və Ermənistanın xarici işlər nazirləri artıq dördüncü dəfədir görüşüblər. Ən az müddətli görüş 3 saat davam edib. Qalan bütün görüşlər 4 saat davam edib. N.Paşinyanın fikrincə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri qeyri-ciddi adamlardır. Üst-üstə 15 saat bir-birinin dünyagörüşünü və Dağlıq Qarabağ məsələlərinə yanaşmalarını öyrənməklə məşğuldurlar”.

Onun sözlərinə görə, Paşinyan Aİ-nin Cənubi Qafqazdakı münaqişələr üzrə nümayəndəsi T.Klaarla görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinə cəlb olunmasını vacib adlandırdı və bunun danışıqlar prosesində konstruktiv mühitin yaranmasına şərait yaradacağını bildirdi: “Paşinyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağın azərbaycanlıları ilə görüşünü mümkün hesab edir. T.Klaar Dağlıq Qarabağ tənzimlənməsində cari vəziyyəti bilir. Paşinyan da bilir ki, erməni ictimaiyyətinin qarşısında danışılan fikirlər ciddi rəsmilərlə danışılan fikirdən fərqlənir”.

M. Əhmədoğlu deyib ki, Paşinyan çox böyük ehtimalla Dağlıq Qarabağ tənzimlənməsi istiqamətində çalışır və bunu elə manera ilə etmək istəyir ki, Ermənistan cəmiyyəti tənzimlənmənin zəruriliyini başa düşsün: “Nəticədə destruktiv millətçi qüvvələrin müqavimətini minimallaşdırır. Belə davranış modeli Paşinyanda alınır”.

Politoloq əlavə edib ki, Ermənistanın taleyində ən həlledici aktorlardan biri diaspor olub: “Diasporun təmsilçiləri Ermənistanda müflisləşdirilsələr də, həbs olunsalar, qovulsalar da amma yenə diasporun bir əli Ermənistanın üzərində olub. N.Paşinyanın “məxməri inqilab”ının da maliyyə və siyasi dəstəyi diaspordan gəldi. Bunlara baxmayaraq N.Paşinyan Diaspor Nazirliyini ləğv etdi”.

Ekspert vurğulayıb ki, diaspor təmsilçilərinin Ermənistanın idarəçiliyinə cəlbi, diaspor ermənilərinin iştirakı ilə ikipalatalı parlamentin təşkili Ermənistanda həmişə aktual müzakirə mövzusu olub: Bu isə Rusiyanı ciddi narahat edirdi. Çünki diasporun iştirakı ilə seçilən parlament, eləcə də diaspor təmsilçilərinin iştirakı ilə qurulan hökumət istənilən anda Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı qərar qəbul edə bilərdi və bu qərar da reallaşacaq”.

Rusiya faktoruna görə Paşinyan Diaspor Nazirliyini ləğv etdi”, - deyən Mübariz Əhmədoğlu qeyd edib ki, bununla da diaspor ilə Ermənistanın arasındakı əlaqələri minimala endirdi, Ermənistan cəmiyyətinə bunun özünəməxsus izahını verdi və cəmiyyət bunu qəbul etdi.

Politoloq Dağlıq Qarabağ tənzimlənməsində Paşinyanın mövqeyinə bu kontekstdən yanaşıb: “Paşinyan Dağlıq Qarabağ probleminin həllinə başlayacaq, bunun özünəməxsus izahını verəcək və Ermənistan cəmiyyətində heç kəs ona etiraz edə bilməyəcək”.

Mübariz Əhmədoğlu sonda deyib: “Dağlıq Qarabağın statusunun müəyyən olunması Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının birgə əməkdaşlığından keçir. Bunun başqa variantı yoxdur.

Paşinyanın demokratiyası dəyərə malik olsaydı, ona Qərb dünyası pul ayırardı, Qərb dövlətləri Paşinyanı öz ölkələrinə dəvət edərdilər. Paşinyanın demokratiyası yalnız Dağlıq Qarabağ problemi həll olunduqdan sonra dəyərə malik olacaq. Paşinyan bunu bilir. Ona görə də Dağlıq Qarabağ tənzimlənməsində ən əsas məsələdən-Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının Dağlıq Qarabağda birgə yaşayışının qurulmasından başlayıb. Bu isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılmasını diktə edir

 

Quba şəhəri azərbaycanlılarla yəhudilərin sülh içində yaşadığı yeganə məkan olmayıb

Yeri gəlmişkən, fəlsəfə doktoru, "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov erməni millətçilərinin keçirdiyi etnik təmizləmələrlə bağlı araşdırma edib (Trend). Onun araşdırmasına görə, rrməni millətçilərinin keçirdiyi etnik təmizləmələrdən əvvəl onlar Ermənistanda Yexeqnadzor rayonunun Yexeqis kəndində dinietnik uzlaşma şəraitində yaşayırdılar: “Bu kənd Yexeqnadzor şəhərindən 18 kilometr, Yerevandan 135 kilometr məsafədə, qədim Dərələyəzin ətəklərində dəniz səviyyəsindən 1640 metr hündürlükdə yerləşir. Hələ 1996-cı ildə alimlər Ermənistanın bu ərazilərində vacib arxeoloji kəşflər edib, üzərində Azərbaycan yazıları ilə yanaşı, həm də qədim yəhudi aramey dillərində mətnlər olan başdaşları aşkarlayıblar. Tapılan qəbirlər XIII əsrin ortalarına, bəziləri isə 1337-ci ilə aiddir və təkcə yəhudi icmasının Ermənistan ərazisində qədim dövrlərdən yeni dövrədək yaşadıqlarının deyil, həm də onların bu bölgədə üstünlük təşkil edən azərbaycanlı əhali ilə birgəyaşayışının sübutudur.

Aydındır ki, yəhudi icmasının Ermənistandan köçünə onların qonşularının - Dərələyəz mahalının köklü sakinləri, Yexeqis azərbaycanlılarının qovulması yol açıb. Gürcüstan və Azərbaycanda yəhudi icmalarının çiçəklənməsi fonunda Ermənistandan yəhudilərin köçü azərbaycanlıların soyqırımı kimi erməni xalqının tarixində qara ləkədir. Azərbaycanlı, türk, kürd, assuriyalı, yezid, molokan, yunan və yəhudilərə qarşı ardıcıl etnik təmizləmə siyasəti sayəsində Ermənistan əhalisinin 99 faizdən çoxunun Yaxın Şərqin fərqli ölkələrindən gələnlər təşkil edən monoetnik dövlətə çevrilib. Amma möcüzə sayəsində qorunub saxlanmış azərbaycanlı-yəhudi qəbiristanlığı bu bölgənin real tarixinin maddi sübutudur. Kəndin kənarında, yəhudi qəbiristanlığını azərbaycanlı qəbiristanlığından ayıran çayın digər sahilinə körpü aparır ki, bu da Yexeqisi bugünədək azərbaycanlılarla yəhudilərin vahid ailə kimi yaşadığı Quba ilə doğmalaşdırır”.

Fuad Hüseynzadə

Palitra.-2019.-16 fevral.-S.11.