Səfir: “Terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib

Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 27 il ötür. Xocavənd rayonunda bu münasibətlə anım tədbiri keçirilib. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dövlət Komitəsinin və yerli icra orqanlarının əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən “Palitraya bildirilib ki, əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Nərgiztəpədə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, dörd il erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndində Qarabağ müharibəsinin ən dəhşətli faciələrindən biri yaşanıb. Erməni quldurlar 1992-ci il fevralın 17-də kəndi işğal edərək yandırıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Kəndin 91 sakini amansızcasına qətlə yetirilib, 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında vurğulayıb ki, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, Ermənistanın yenidən ərazi iddiaları irəli sürməsi və işğal siyasəti aparması Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi ilə əlaqədar idi. Təəssüf ki, həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər öz məsuliyyətini dərk edə, milli maraqlarımızı qoruya bilmirdilər. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçiliyin süqutunun qarşısı alındı, xalqın birliyi təmin olundu, separatçı və işğalçı qüvvələrə qarşı güclü müqavimət təşkil edildi.

Komitə sədri Ermənistanın işğalçılıq siyasətinin bütün dünyada ifşa edilməsi, ölkəmizin müdafiə sisteminin qurulması və möhkəmləndirilməsi, həmçinin işğal nəticəsində yurd-yuvasını itirmiş məcburi köçkünlərin problemlərinin həlli istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və müsbət nəticələr verdiyini diqqətə çatdırıb. 2016-cı ilin Aprel döyüşlərində qəhrəman Ordumuzun işğalçılara öz gücünü göstərdiyi, torpaqlarımızın bir hissəsini azad etdiyi, ötən il isə Naxçıvanda keçirilən uğurlu hərbi əməliyyat nəticəsində bir sıra strateji yüksəkliklərə nəzarəti ələ aldığı qeyd olunub.

Prezident İlham Əliyevin qaçqınlar və məcburi köçkünlərlə sahəsində aparılan dövlət siyasətini daha da təkmilləşdirmək məqsədilə həyata keçirdiyi islahatlar, müharibədən ziyan çəkən insanların mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətindəki genişmiqyaslı tədbirlər barədə də ətraflı söhbət açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığı, ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin ilk növbədə yeni ev və mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxladığı bildirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında qeyd edib ki, Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dilində və xarici dillərdə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımı ilə bağlı “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. Rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş uğurlar, məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı görülən işlər barədə də məlumat verilib.

Tədbirdə Xocavənd rayonundan olan ziyalılar, Qaradağlı sakinləri çıxış ediblər. Sonda Qaradağlı faciəsinə həsr edilmiş film nümayiş olunub.

“Ermənistan tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti aparıblar”

Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın ictimai radiosuna (UA: Óêðà¿íñüêå ðàä³î) geniş müsahibə verib. Azərbaycanın Ukraynadakı Səfirliyindən “Trend”ə verilən məlumata görə, müsahibənin əsas mövzusu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti olub.

Səfir bildirib ki, ermənilər “Böyük Ermənistan” kimi xəstə ideologiyaya əsaslanaraq Azərbaycana qarşı torpaq iddiasına başladılar. Bunun nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazisi hələ də Ermənistanın işğalı altındadır.

Ermənistanın tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını xatırladan səfir vurğulayıb ki, terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib.

Ukraynalı jurnalistin Ermənistanın yeni Baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə dair sualına cavabında A.Xudiyev qeyd edib ki, Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır: “Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində konstruktiv addımları yoxdur, ancaq quru bəyanatlar verirlər. Konkret danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləyirlər. BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, icra olunmur”.

Səfir daha sonra vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu həllinin tərəfdarı olsa da, proseslərin bu cür davam edəcəyi halda hərbi müdaxiləyə yol veriləcəyini istisna etməyib: “Azərbaycan paralel olaraq Milli Ordusunun gücləndirilməsi üçün dövlət büdcəsinin böyük bir qismini bu sahəyə ayırır. Çünki sülh danışıqları nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpası üçün gücdən istifadə edəcək. Bu gün dünyanın gözü qarşısında Ermənistan, hətta Dağlıq Qarabağa aid olmayan Azərbaycanın 7 rayonunu da işğal altında saxlayır”.

Kolumbiya radiosunda Xocalı soyqırımı barədə ətraflı bəhs edilib

Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olanColMundoda Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş bir saatlıq xüsusi veriliş yayımlanıb. AZƏRTAC xəbər verir ki, ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov dinləyicilərə Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsimilli sərvəti bu gün dünyada tanınır. Azərbaycanın bir sıra tarixi abidələri bu gün UNESCO tərəfindən qorunmaqdadır. Müvəqqəti işlər vəkili, həmçinin vurğulayıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəx və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla nümayiş olunur.

Müvəqqəti işlər vəkili, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasəti və ölkəmizə qarşı davam edən hərbi təcavüzü, tezliklə 27-ci ildönümü olacaq Xocalı soyqırımı barədə ətraflı bəhs edib.

Fuad Hüseynzadə

Palitra.-2019.-19 fevral.-S.11.