Şərqşünaslıq
İnstitutunda Xocalı
soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər
işıq üzü görüb
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunda Azərbaycan xalqına
qarşı ötən əsrin müxtəlif dövrlərində
həyata keçirilən soyqırım aktları ilə
bağlı yeni faktların üzə
çıxarılması, bu hadisələrin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində əhəmiyyətli
işlər görülür. Arazın hər iki tayında ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin
dünya ictimaiyyətinə
çatdırılmasında İnstitutun
əməkdaşlarının bu sahədə
apardıqları tədqiqatların, hazırladıqları
və ya tərcümə etdikləri
kitabların mühüm rolu
var. Bu sahədə İnstitutda indiyədək 30-a yaxın kitab nəşr etdirilib.
Erməni qəsbkarlarının son
dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri
vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb. AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov
“Palitra”ya bildirib ki, Xocalı
soyqırımı ilə bağlı Şərqşünaslıq
İnstitutunda, biri ərəb
və ingilis, digəri isə fars və ingilis dillərində
olmaqla, iki buklet nəşr olunub.
Bukletlərdə 1992-ci il
fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı
motoatıcı alayının hərbi texnikasının
iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan Xocalı şəhərinin
işğalı zamanı törətdikləri görünməmiş
vəhşiliklərdən bəhs edilir.
Bu
kütləvi qırğın nəticəsində 613 nəfərin,
o cümlədən 106 qadının, 63
uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst
olması, 1275 dinc sakinin
girov götürülməsi, onlardan 150 nəfərin taleyinin
hələ də məlum olmaması, 8 ailənin tamamilə
məhv edilməsi, 25 uşağın hər iki
valideynini itirməsi qeyd
edilir. Hadisələr barədə
ətraflı məlumat təqdim edilən bukletlərdə
1994-cü ildə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı
günü kimi elan etməsi, faciə ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü
işlər, xüsusilə Fondun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət!” kampaniyası və s. barədə
məlumat təqdim edilir. Bundan əlavə daha öncə Azərbaycan və rus dillərində Milli Məclis
tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi”
kitabı Şərqşünaslıq İnstitutunun
əməkdaşları tərəfindən ərəb dilinə
tərcümə edilərək nəşr etdirilib.
Kitabın elmi redaktoru
Şərqşünaslıq İnstitutunun
direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevadır. Kitabda bu günədək
davam edən və Qafqaz
regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan münaqişəsindən
bəhs edilir. Kitabın ilk səhifələrində Qarabağ
toponimi haqqında qısa arayış verilir, bu toponimin
tarixi mənbələrdə Kür və Araz
çayları arasında yerləşən əraziləri
bildirdiyinə, Qarabağın tarixən Azərbaycan Səfəvilər
dövlətinin (1501-1736) bəylərbəyliklərindən biri sayıldığına işarə
olunur. Burada həmçinin XIX əsrin I yarısında, Rusiya imperiyasının köməyi ilə
ermənilərin İrandan və
Osmanlı imperiyasından Şimali Azərbaycan
torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi və
həmin ərazilərdə məskunlaşdıqdan sonra uzun illər boyu öz dövlətlərini
yaratmaq cəhdlərindən
danışılır. Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin Azərbaycan
torpaqlarının bir hissəsində respublika yaratmağa nail olmaları, XIX əsrdə
köçürülərək məskunlaşmış
ermənilərin yerli Azərbaycan əhalisi
ilə birgə yaşadıqları Dağlıq Qarabağ ərazisində, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olmaq şərti
ilə, 1923-cü ildə Azərbaycan SSR-də
Dağlıq Qarabağ Muxtar
Vilayətinin (DQMV) yaradılması, bununla
kifayətlənməyən ermənilərin Sovet
hakimiyyəti illərində vilayətin Ermənistan SSR-in tərkibinə qatmaq
cəhdlərindən bəhs edilir. Kitabda daha sonra Sovet
dövlətinin süqutu,
parçalanması ərəfəsində Dağlıq Qarabağ məsələsinin erməni
separatçıları tərəfindən yenidən gündəmə
gətirilməsi, bu məsələnin daha sonra Azərbaycana
qarşı elan olunmamış müharibəyə
çevrilməsi, müharibə nəticəsində Dağlıq Qarabağın və onun
hüdudlarından kənarda yerləşən yeddi rayonun erməni
silahlı qüvvələri tərəfindən
işğalı, ermənilər tərəfindən törədilən
Xocalı soyqırımı, Bakıda 20 Yanvar
qırğını, həm Ermənistanda, həm də
Dağlıq Qarabağ
və ətraf rayonlarda yaşayan
1 milyona yaxın azərbaycanlının öz dədə-baba yurdlarından qovularaq didərgin düşməsi və s. haqda məlumat verilir. itabda həmçinin
münaqişənin nizamlanması, həlli üçün
beynəlxalq vasitəçilərin cəlb olunduğu,
Azərbaycan rəhbərliyinin bu sahədə diplomatik fəaliyyəti
barədə geniş məlumat verilir, regionda sabitliyin, əmin-amanlığın bərqərar
olması naminə Ermənistanın öz
işğalçılıq siyasətindən əl çəkməsinin
zəruriliyi xüsusi vurğulanır.
itabın ərəb dilinə tərcüməsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
haqqında həqiqətlərin ərəb ölkələrinin
ictimaiyyətinə çatdırılması məqsədini
daşıyır.
Anar
Palitra.-2019.-21 fevral.-S.13.