Nəimiyə Nəsimidən
danışdım...
(məzarüstü
monoloq)
Salamlar olsun müqəddəs ruhuna, Fəzlullah Nəimi! İzn ver sənə canından artıq sevdiyin, mənəvi atası olduğun Nəsiminin dili ilə, əfəndi, – deyə xitab edim. Nəimi əfəndi, buraya – Xanəgaha sənə Nəsimidən danışmağa gəlmişəm. 650 yaşlı övladın – Azərbaycan şeirinin möcüzəsi sayılan filosof¬-şair İmadəddin Nəsimidən. Səndən sonra olanlardan, davamçının, şagirdinin başına gələnlərdən, gətirilənlərdən danışmağa gəlmişəm. Düşündüm ki, şairin 650 illik yubileyi şərəfinə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident cənab İlham Əliyevin sərəncamları bütün azərbaycanlıları sevindirdiyi kimi, sənin də ruhunu şad edər. Buna görə sənə şairin bu növrağından, bir də ötənlərdən danışmağa gəldim. Əliboş da gəlməmişəm. Budur, bəlkə də, heç görməmisən, əlimdə İmadəddin Nəsiminin seçilmiş əsərləri var. Amma bunlar onun külliyyatının bir qismidir, əlimizdə qalanlarıdır, itənlər-batanlar da var, oğurlanıb mənimsənilənlər də var.
İzn ver səni bütün qəlbi ilə sevən Nəsiminin sənə yazdığı, bəlkə də, indiyədək heç eşitmədiyin “Əfəndi” qəzəlini oxuyum, qəbrinə su çilənsin, ənbər səpilsin:
Dinin günəşi, dünyada imanım əfəndi,
Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda ¬həyatım,
Hər dəm damarımda yåriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəimin
Gül rayihəli sərvi-õuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, måyvəli bağım,
Laləm, səmənim, sünbülü råyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,
Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mədəni-yaquti-rəvanım,
Qiymətli olan ləli-bədəõşanım əfəndi.
Åşqində Nəsimi çü qılır canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi.
Nəimi əfəndi, sən çox xoşbəxt bir
insanmışsan. Demək ki, yaratdığın təriqətə
– Hürufiliyə Yaradanın böyük qiymət veribmiş
ki, sənin son mənzilinin Naxçıvan
olacağını alnına yazıb. Naxçıvan
sənin bəraətindir. Naxçıvan
– bu İslam mədəniyyətinin beşiyi səni kafir yox,
Allahını tanıyan, öz təriqətinlə elə
“Qurani-Kərim”i izhar edən şəxsiyyət kimi qəbul
edib, ağuşunda uyudub. Qəbrini əsrlərlə
qoruyub saxlayıb. Budur, üstündə
abidə ucaltmaqla bütün dünyaya Nəimi həqiqətlərini
bəyan edib.
Nəimi əfəndi, əvvəllər Hürufiliyi
din, məzhəb adlandırıb, onu İslamdan ayıranlar, nəhayət
ki, sənin fəlsəfəndə Allahla insan
arasındakı vəhdəti görə bildilər. Sənin “Bu aləm
əbədi dövrü inkişaf prosesindədir. Hər bir əvvəlki pillə özündən
sonrakının başlanğıcıdır” nəzəriyyən
lap sonralar dərk edildi. Hürufiliyin “Allah
özünün bənzəri kimi, yaratdığı
insanın simasında özünü və adını təcəlla
edir. İnsanın sifətində Allah
adının yazılması insanda Allahın təcəllasıdır.
İnsanın düz bədəni əlif “ə-a” hərfidir. Burnu “L” lam, qoşa gözü isə
hey hərfidir. Beləliklə, ƏLLƏH
insanın surətində həkk olunmuşdur” kimi əsas
ideyası, vəhdəti-vücud fəlsəfəsi səndən
sonrakı hürufiləri bunu dərk etməyən ruhanilərin
təqiblərinə məruz qoydu. Böyük
Fəzlullah, “Qurani--Kərim”dəki işarələrdən və
hərflərdən istifadə edərək bütün
insanların dinindən, irqindən asılı olmayaraq, bir
İlahi eşqlə sevilməsini və qorunmasını təbliğ
edən nəzəriyyən sən 1394-cü ildə Teymurləngin
oğlu Miranşahın əmri ilə qətlə yetiriləndən
sonra neçə-neçə ardıcıllarının da
dar ağacından asılması ilə nəticələndi.
İlk
şeirlərini “Hüseyni” təxəllüsü ilə
yazan, 14-cü əsrin sonlarında, ömrünün ən
gözəl çağlarında – 20-25 yaşlarında
Hürufi görüşlərini mənimsəyərək bu
təriqətin fikirlərini təbliğ edən şeirlərlə
yaradıcılığını davam etdirən və Nəimi
adına uyğun olaraq özünə Nəsimi təxəllüsünü
seçən şair həyatın hansı keşməkeşləri
ilə üz-üzə qalmalı oldu, bilirsənmi? “Nəsim” sübh mehi, xəfif külək deməkdir.
Bu ahəstə əsən, xəfif ötən
meh birdən məhvərindən çıxıb şeirləri
ilə insanın ruhunu təzələyən, ona sübh
yeniliyi, təravəti bəxş edən şairin həyatında
hansı fırtınaları qopardı, bilirsənmi?
Sənin
Nəsimin, doğulduğu Şamaxı şəhərinin sadə
zəhmət adamları, sənətkar və ziyalılar
mühitində yetişib, xalq həyatını dərindən
öyrənib, Şirvanda geniş yayılan müdrik el deyimlərinə,
Azərbaycan folkloru nümunələrinə
ömürlük bağlanmışdı. Ədəbiyyatşünaslar
bu qənaətdədirlər: Nəsiminin əsərləri
sübut edir ki, o zamanın görkəmli nümayəndələrindən
öz doğma ana dilində, eləcə də ərəb və
fars dillərində mükəmməl təhsil
alan bu istedadlı gənc üç dildə əlinə
keçən bütün klassik ədəbi və elmi irsi, həmçinin
dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı
oxuyub öyrənmişdir. Nəsimi Azərbaycan
ədəbiyyatında ana dilində ilk dəfə müstəzad,
mürəbbe və tərcibəndlər yazmışdır.
Onun rübailəri, tuyuqları bədii
quruluş, məzmunca orijinal və qiymətlidir. Rübailərində Hürufiliyin müddəaları,
şairin fəlsəfi görüşləri, həyat və
kainat haqqında düşüncələri yığcam və
məntiqi şəkildə ifadə olunmuşdur.
Nəsimi, xüsusilə də “Qurani-Kərim”i və
Peyğəmbər hədislərini dərindən mənimsəmişdi. Onun əsərlərinin
əsas ideyası insan idi.
Mən
mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə
məkan, məkan mənəm, mən!
Mən ərş
ilə fərşü kafii nunam,
Mən
şərhü bəyan, bəyan mənəm, mən!
yaxud:
Ey
özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl
vicdan şəhrinə seyr et, gör
anı səndədir.
Mən nə
vəch ilən deyəm haqqı ki, səndən
ayrıdır,
Çün
gözümlə görmüşəm haqqın
nişanı səndədir,
və
ya məşhur “Sığmazam”qəzəlində:
Məndə
sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə
sığmazam.
Zərrə
mənəm, günəş mənəm, çar ilə pəncu
şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə
¬sığmazam, – deyən şair dövründə heç
vaxt düzgün başa düşülmədi. Başa
düşülmədi ki, bu misralardakı, eləcə də
bütün şeirlərindəki “mən”lər insan deməkdir.
Tək özünü yox, ümumilikdə, bütün
insanları iki cahanın – o dünyanın da, bu
dünyanın da, maddi və mənəvi aləmin gövhəri
hesab edən, bütün gözəllikləri insanın
simasında görən, onu məkansız inci sayan şairi elə
o insanlar taleyini yaşamağa qoymadılar, öz
“cızdıqları” ömrü yaşatdılar ona. Hələ sonralar – müasir dövrümüzdə
Nəsiminin külliyyatını araşdırmaq, itib-batan əsərlərini
üzə çıxarmaq üçün axtarışlar əvəzinə
onun şeirlərini müzakirə edənlər də oldu.
“Məndə sığar iki cahan, yoxsa məndə
sığar ikən cahan?” bəzi insanlar arasında illərin
didişmə-dartışmasına çevrildi. Alimlərimiz “ikən”ə heç bir əlyazmalarda
rast gəlmədiklərini etiraf etsələr də, bu
müzakirə hələ də davam etməkdədir.
Nəsimi söz vurğunu olub. Şairin təsvirincə
söz dünyanın bəzəyidir. Aldığı
təhsil, bəhrələndiyi kitablar,
dünyagörüşü onu söz sərrafına
çevirmişdi. Elə “Söz” rədifli
şeiri də ana dilində yazılmış söz
haqqında ilk şeirdir. Şeirdə şairin sözə,
söz sənətinə yüksək qiymət verdiyi hər
misrada, hər bənddə açıqca hiss olunur:
Dinləgil
bu sözü ki, candır söz,
Aliyi-asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə
kim xaliqi-cahandır söz...
Nəimi əfəndi, sözsüz ki, lirik şeir Nəsimi
yaradıcılığının özünəməxsusluğudur. Ədəbiyyatşünaslar
yazırlar ki, şair əvvəllər aşiqanə
şeirlər yazıb, sonralar ictimai, siyasi, əxlaqi mövzularda
əsərlər yaradıb. Nəsimi Azərbaycan
ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi
qəzəlin banisi olub. Ancaq mən bir oxucu kimi onun
aşiqanə qəzəllərində də bir fəlsəfə
hiss edirəm, bu misralarda da Allaha sevgi onun yaratdıqlarına,
şairin aşiq sandıqlarına olan sevgini üstələyir:
Sən
mana yar ol ki, könlüm bir dəõi yar ¬istəməz,
Könlümün
dildarı sənsən, özgə dildar ¬istəməz…
Ey sənəm,
hicran əlində naleyi-zar eylərəm,
Gözlərimdən
sanasan dəryayi-umman ayrılır…
Üzünü
məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim
yaşın rəvan etmək dilərsən, etməgil!
Əsərlərində
humanizmi, nəcib əməlləri, insanlar arasındakı
saf məhəbbəti, təmənnasız dostluğu, mənəvi
ucalığı, sədaqəti, təbiətin sonsuz gözəlliklərini
tərənnüm edən, zülm və əsarəti, ədalətsizliyi,
fanatizmi, nadanlığı, acgözlüyü,
paxıllığı, riyakarlığı kəskin surətdə
qamçılayan şair elə o dövrün ədalətsizliyinə
də düçar oldu. Hürufilərin Teymurləng
tərəfindən ciddi təzyiqlərə məruz
qaldığı bir vaxtda İmadəddin Nəsimi Vətənindən
didərgin salınaraq İran, İraq, Türkiyə, Suriyada
yaşamağa məcbur qaldı. 1417-ci il
isə şairin həyatının son ili oldu. Hələb
şəhərinin ruhaniləri onu dinsizlikdə ittiham etdilər
və Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı
ilə böyük şairin dəhşətli bir tərzdə
edamına qərar verildi.
Nəimi əfəndi, dünya binə olandan
böyük Azərbaycan şairi Nəsimi kimi faciəli
ölümə məhkum edilən şair olmayıb. Bilirsənmi,
Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi
“Künuzüz-zəhəb, tarixi-Hələb” adlı əsərində
mötəbər sənədlərə əsaslanaraq göstərir
ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən
Nəsimi bu zaman “Kəlmeyi-şəhadət” gətirmişdir.
Hakimlərin əksəriyyəti şairə rəğbət
bəsləmiş, onun edamına razı olmamışlar.
Buna baxmayaraq, o, bəraət ala bilməmiş və
dar ağacında belə, yeni bir ədalətsizliklə qarşılaşmışdır.
Onun qətlinə fitva verən ruhani deyir ki, bu,
o qədər məlundur ki, onun qanından hara düşsə,
kəsib atmaq lazımdır. Təsadüfən
şairin qanından bir damcı barmağına düşən
ruhaninin camaat barmağının kəsilməsini tələb
edəndə, “Mən sözgəlişi demişdim”, – deyə
sözündən qaçır. Nəsimi isə
ölüm ayağında da bu ədalətsizliyə üsyan
edir və bədahətən:
Zahidin bir
barmağın kəssən dönüb həqdən
qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar,
ağrımaz, – deyərək əbədiyyətə
qovuşur.
Yazını hazırlayarkən maraqlı bir faktla da
qarşılaşdım. 2012-ci ildə Hələb
şəhərində ikigünlük Beynəlxalq Nəsimi
Forumu keçirilir. Forumda Azərbaycandan da
nümayəndə heyəti iştirak edir. Burada ölkənin
çox nüfuzlu ziyalılarından və Hələbdə
ali təhsilin əsasını qoyanlardan
biri kimi təqdim olunan dini icmanın rəhbəri, şəhər
müftisi doktor Mahmud Əkkam “Nəsimi və sufilik”
mövzusunda maraqlı məruzə ilə
çıxış edir. Onun əsərlərinin
Azərbaycan poeziyasının Yaxın Şərq xalqları ədəbiyyatında
fəth etdiyi ən uca zirvələrdən biri olmaqla
yanaşı, həm də Suriya-Azərbaycan ədəbi əlaqələri
tarixində ən önəmli mərhələ olduğunu
vurğulayır. O, məruzəsinin sonuna doğru salonun
birinci cərgəsində əyləşdirilmiş Azərbaycan
nümayəndələrinə üzünü tutub dərin
səmimiyyət duyğusu ilə deyir: “Möhtərəm
qardaşlar! 595 il bundan öncə bəşər
tarixində ən faciəli hadisələrdən biri baş
vermiş, böyük Azərbaycan şairi və filosofu parlaq
istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli
İmadəddin Nəsimi vəhşicəsinə edam
olunmuşdur. Bu gün biz xəcalət çəkirik
ki, bu müdhiş faciə bizim Hələb şəhərinin
adı ilə bir yerdə tarixə
düşmüşdür. Doğrudur, həmin
faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər
və onların havadarları tərəfindən törədilmişdir.
Lakin Nəsiminin günahsız qanı məhz burada axıdıldığı
üçün mən, müasir Hələbin dini
icmasının rəhbəri kimi sizdən dönə-dönə
üzr istəyirəm! Mən çox vaxt
dindaşlarım önündə xütbə oxuyanda Nəsiminin
acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər
diləyir, ruhuna dualar səsləndirirəm. Təsəllini onda tapıram ki, hələblilər
Nəsiminin məzarını öz oğlunun qəbri kimi
günümüzə qədər qorumuşdur. Tarixi,
elmi mənbələrdə öz əksini tapmış məlumata
görə, bu edamdan on il sonra Hələb məhkəməsi
işə yenidən baxıb əvvəlki ədalətsiz
hökmü ləğv etmiş, artıq tarixə qovuşan
şairə, gec də olsa, bəraət vermişdir. Bununla belə, bu gün mən sizdən üzr istəməyə
daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe
edirəm ki, mənim üzrxahlığımı qəbul
edib bütün Azərbaycan xalqına
çatdırasınız. Bu, tək mənim
yox, cəmi Hələb müsəlmanlarının
xahişidir”.
Bəli, bu xalqın bədxah nümayəndələrinin
səhvləri illər sonra ortaya çıxdı, Nəsimi
bəraət aldı. Lakin hazırda Suriya müharibə şəraitində
yaşayır. Nəsiminin məqbərəsi
də bu müharibələrdən zərər görüb.
Kaş ki, ümummilli liderimiz Heydər Əliyev
tərəfindən Hüseyn Cavidin nəşi Sibirdən
Naxçıvana gətirilib doğma torpağa
tapşırıldığı kimi, İmadəddin Nəsiminin
də qəbri Suriyadan Azərbaycana köçürülə
bilərdi. Bu, hər bir azərbaycanlının
arzusudur.
Nəimi əfəndi,
dərisi soyularkən qan itirən, bir də dəhşətli
ağrıdan rəngi saralmağa başlayan Nəsimiyə
ruhanilər: “Sən ki həqsən, bəs niyə rəngin
saralır?” – deyib istehza edirlər. Nəsimi isə “Mən əbədiyyət
üfüqlərində doğan eşq günəşiyəm.
Günəş qürub edəndə saralar”, –
deyə cavab verir. Ruhun bu sözlərdən
əsla narahat olmasın, Fəzlullah Nəimi. Çünki o Günəş qürub etmədi, əksinə,
düz 650 ildir ki, hər gün dan yeri ağaranda doğur.
O Günəş İmadəddin Nəsimidir. Azərbaycan
xalqından, onun qədirbilənliyindən, dahi şəxsiyyətlərinə
sahibliyindən, doğma münasibətindən nur alıb əsrlərdir,
axşam¬çağıları əsla qüruba enməyən
Günəş…
Mətanət
MƏMMƏDOVA
Palitra.-2019.-23 fevral.-S.10.