Kənd təsərrüfatının
inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə
başlanıldı
Dünya əhalisinin sayının sürətlə artması ərzaq təhlükəsizliyinin təminatını, kənd təsərrüfatında məhsuldarlığın artırılmasını həm strateji, həm də iqtisadi cəhətdən qaçılmaz edib. Məhsuldarlığın artırılması istiqamətində hansı tədbirlərin həyata keçirilməsi, bununla bağlı dəqiq məlumat əldə edilməsi üçün bu gün elektron kənd təsərrüfatının rolu getdikcə artır. Bununla bağlı dünyada əkinçilərin elektron kənd təsərrüfatından istifadəsi getdikcə genişlənməkdədir.
Aqrar sektorun
dövlət tərəfindən dəstəklənməsində
şəffaflıq və operativlik
artırılır
Son illər ölkəmizdə kənd təsərrüfatının, aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının innovativ əsaslar üzərində və müasir informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm vəzifələrindən biri kimi müəyyən edilib. Bu istiqamətdə tədbirlərdən biri kimi ölkə başçısı tərəfindən elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
Bu yaxınlarda Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı zamanı ölkə başçısına Elektron kənd təsərrüfatı layihəsi ilə bağlı məlumat verilib. Bildirilib ki, bu layihənin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. Sistem kənd təsərrüfatı fəaliyyətləri istiqamətində məlumatları toplamaq, təhlil etmək, bu sistemin istifadəçilərinin məlumatlandırılmasını təmin etmək üçün xüsusi modulları özündə cəmləşdirir.
Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biri olduğunu deyən Prezident İlham Elektron kənd təsərrüfatı layihəsi təqdim edildiyini bildirib. Vurğulanıb ki, fermerlər üçün tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox cəlbedici sahə olacaq.
Qeyd edək ki, bu günlərdə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) təqdimatı keçirilib. Bildirilib ki, yeni təqdim olunan sistem şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mər¬hələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların for¬ma¬laş¬dı¬rıl¬masını özündə ehtiva edir. Bu informasiya sistemində kənd təsərrüfatı proseslərinin düzgün həyata keçirilməsi və inkişafını təmin etmək üçün nəzarət mexanizmlərinin qurulması, habelə real vaxt rejimində proseslərin izlənilməsi imkanları mövcuddur. Sistemin əsas hədəfləri aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması, aqrar sektorda dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstəkdir. Bundan başqa istifadəyə verilən sistem torpaq və digər təbii resursların idarə edilməsi və səmərəli istifadəsinə imkan yaradacaq, ərzaq təhlükəsizliyinin təmin olunmasını dəstəkləyəcək, informasiya və məsləhət xidmətlərinin effektivliyinin yüksəldilməsini dəstəkləyəcək . Bildirib ki, təqdim olunan informasiya sistemi elektron xidmətlərin göstərilməsində iştirak edən əsas elektron reyestrləri əhatə edir. Buraya məlumatların daxil edilməsi, fermerlə nazirlik arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin göstərilməsi, kənd təsərrüfatı subyektlərinin sistemdən sərbəst istifadəsi, yerli idarə və nazirlik əməkdaşlarının proseslərə nəzarət və idarə edilməsi və s. daxildir. O əlavə edib ki, fermerlərin EKTİS-dən daha rahat istifadə etməsi üçün mobil applikasiyalar yaradılıb və hər bir fermer bu applikasiyaları telefona yükləyərək istifadə edə bilər.
Vüqar Hüseynov:
“Yeni istifadəyə verilən sistem fermerlər üçün
bir çox
üstünlüklər yaradacaq”
Azərbaycanda ilk dəfə olaraq Quba rayonunda fəaliyyət göstərən fermerlər aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar.
EKTİS-in tətbiqi ilə bağlı pilot rayon seçilən Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb. Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, “ASAN xidmət”də, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və “ASAN xidmət”in əməkdaşlığı çərçivəsində Səyyar “ASAN xidmət” avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar “ASAN xidmət” avtobusuna yaxlınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda, Qubada fəaliyyət göstərən “ASAN xidmət” mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Quba Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən mətbuat konfransında bildirib ki, yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq: “Fermerlər www.eagro.az saytında FİN kod və telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, özünə şəxsi kabinet yaradır, çıxarış sənədi əsasında elektron xəritədə özünə məxsus torpaq sahəsinin koordinatlarını və sahəsini qeyd edir, bu il həmin sahədə hansı məhsul əkdiyi barədə məlumat verir. Formalaşan məlumatlar bazası mövcud meyilləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər, eyni zamanda, bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon, planşet və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradır”.
Fermerləri EKTİS sistemində qeydiyyatdan keçməkdə aktiv olmağa çağıran nazirlik rəsmisi ilk gün müşahidə edilən fəallıqdan razı qaldıqlarını bildirib: “Hacıhüseynli kəndində səyyar xidmət avtobusuna yaxınlaşan fermerlərlə söhbətlərimiz oldu. Fermerlər Elektron Kənd Təsərrüfatı Sisteminin onlara verəcəkləri üstünlükləri anlayırlar. Xidmət məntəqələrində müşahidə olunan fəallıq bunu söyləməyə əsas verir. Onların çoxsaylı suallarını könüllülərimiz, təlimə cəlb olunan əməkdaşlarımız cavablandırır. İlkin reaksiyalar müsbətdir. Həftə sonu xidmət məntəqələrinə daha çox fermerin gələcəyini gözləyirik”.
Quba və Şəkidə
məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin
mərhələsi başa
çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün
ölkə ərazisini əhatə edəcək.
Nigar Abdullayeva
Palitra.-2019.-23 fevral.-S.5.