“Aranjiman
və ifaçılıq işlərimiz bir
çox ölkələrdə peşəkar
musiqiçilər tərəfindən sevilərək dinlənilir”
Rüstəm
Zeynallı:
“Rusiyalı jurnalist Mariya Suvorovskaya ilə Azərbaycanın
tanıtım klipinin çəkilişləri
planlaşdırılıb”
Bu gün Azərbaycanın xaricdə təbliğində və tanınmasında musiqimizin də önəmli rolu var. Sevindirici haldır ki, diasporumuzla yanaşı, ölkəmizdəki musiqiçilər də bu istiqamətdə aktiv çalışırlar. “Şeron” qrupunun bədii rəhbəri və solisti Rüstəm Zeynallı da bu baxımdan fəal incəsənət nümayəndələrindən biridir. O, bir çox xalqların bizim musiqimizi oğurlamasına qarşı davamlı olaraq mübarizə aparır. Eyni zamanda xaricdəki azərbaycanlı musiqiçilərin əsərlərini təmənnasız olaraq aranjiman edir. Bu yaxınlarda isə rusiyalı jurnalist Mariya Suvorovskaya ilə birgə Azərbaycanla bağlı tanıtım klipinin çəkilişini edəcəklər. Bu klipin də musiqisinin aranjimanı və studiya xərclərini Rüstəm Zeynallı təmənnasız olaraq etməyi öz üzərinə götürüb. Xatırladaq ki, Rüstəm Zeynallı 100-dən artıq mahnının həm söz, həm musiqi, həm də aranjiman, o cümlədən 30-dan artıq rəqs və instrumental musiqi müəllifidir. Kino sahəsində isə “Kəklikotu”, “Qulyabanı”, “Dmitriev 86”, “Qaragöz”, “Çat kapı aşk” kimi filmlərin musiqisi və aranjimanının müəllifidir.
- Öncə sizi tanımaq istərdik...
- Zeynallı Rüstəm Etibar oğlu. 14.01.1981-də Bakıda doğulmuşam. Atam professional rəqs dünyasının nümayəndəsidir. Anam kinematoqrafiya üzrə oxumağına rəğmən öz sahəsi üzrə çalışmayıb və bizim tərbiyəmizlə, təhsilimizlə məşğul olub. Ulu babamız memar usta Qəmbər Qarabaği, Şəki xan sarayı, Şuşa məscidi, Gəncə məscidi, Tac Mahal və digər dünyada tarixi abidələr kimi qeyd olunan əsərlərin müəlliflərindəndir. Məşhur cins olan Qarabağ atlarının da Hindistandan gətirilməsi məhz onunla əlaqələndirilir.
İlk dəfə uşaq yaşlarımda ata babam Şəhadət bəy mənə nəfəs alətlərində ifa etməyi öyrətdi, elə onun təşəbbüsü ilə də “Bülbül adına orta ixtisas musiqi məktəbi”nə, xalq çalğı alətləri fakültəsinə, tar sinfinə daxil oldum. Cabir müəllim, Etibar müəllim, Namiq Rzayev, Sərvər İbrahimov, Akif Novruzov, Əlibaba Məmmədov kimi sənətkarlardan dərs aldım.
Sonralar isə Konservatoriyada, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyada Oqtay Quliyev, Məmmədağa Kərimov və Vamiq Məmmədəliyev kimi ustad sənətkarlardan dərs almaq mənə nəsib oldu.
Babamdan xalq musiqimizi və muğamları, atamdan Azərbaycan və Qafqaz rəqs musiqisini öyrənməyim sonralar təhsil aldığım yerlərdə bunların möhkəmlənməsi və dünya musiqisini də əlavə olaraq mənimsəməyimə kömək etdi.
Daha sonra görkəmli bəstəkar, aranjimançı, gözəl insan və maraqlı pedaqoq Vaqif Gərayzadə ilə tanış oldum. Onun yanında təhsil almağa başladım və həmin illərdə artıq caz musiqisi, dünya etnik musiqisi, fərqli ifaçılıq manerası, aranjiman və orkestrləşdirmə kimi bir çox şeyləri öyrəndim.
Elə o illərdə də Vaqif Gərayzadənin əqli mülkiyyəti olan “Şeron” adı ilə özü tərəfindən qurulan vokal kvartetində fəaliyyətə başladım.
-Musiqinin aranjiman sahəsi Azərbaycanda nisbətən
yenidir. Bu sahə
nəzəri olaraq ölkəmizdə lazımi
səviyyədə tədris
olunurmu?
-Belə bir tədris
müəssisəsi yoxdur.
İndividual olaraq texniki
məsələləri aranjimançılar
ya bir-birindən öyrənir, ya da Türkiyə və yaxud Rusiya
nümayəndələrindən soruşur. Mən də Türkiyənin
nəşri olan əsaslı aranjiman və səsyazma texnikası haqqında kitab var. Nəsə lazım olanda əlavə ora baxıram.
-Ermənilər bizim musiqimizi oğurlayaraq öz adlarına çıxırlar.
Buna qarşı olaraq hər hansı layihəniz olubmu?
-Bu mövzu illərdir müzakirə olunur. Bu istiqamətdə işimiz çox geniş şəkildə
həyata keçirilib.
İlk olaraq illər əvvəl musiqi analizi adı ilə bir çox
qəzetlərdə məqalələrim
dərc olunub. Və müzakirə olunan melodiyalar və musiqi alətləri haqqında əsaslı dəlilli məlumatlar
media tərəfindən dərc
olunub. Əfsus ki, yenə də böyük ehtimalla belə movzular davam olunmasına şərait yaradılmayıb.
Yazılardan "Şalaxo"nun (şələküm, şələ
yüküm) yaranma tarixi, "Vağzalı"
gəlin havası kimi tanıdığımız
rəqsin tarixi, "Sarı gəlin",
"Duy-duy" haqqında
mövzuları göstərmək
olar.
-Azərbaycan musiqisinin xaricdə təbliği ilə bağlı nə kimi işləriniz var?
-Çoxları bilir ki, aranjiman və
ifaçılıq işlərimiz
bir çox ölkələrdə peşəkar
musiqiçilər tərəfindən
sevilərək dinlənilir
və forma etibarı ilə onlar tərəfindən oxşar
stillər tətbiq edilir.
Amerika Birləşmiş
Ştatlarının Nyu-York
şəhərinin Bruklin
rayonunda konsert proqramı ilə çıxış etmişik. Əvvəl Ukraynada
keçirilən “Şərq
bazarı” ("Vostoçnıy
bazar") adlı musiqi müsabiqəsində
iştirak etmişdik.
Türkiyənin məşhur klarnet
ifaçısı Hüsnü
Şenlendirici ilə bərabər akustik konsertimiz olub.
Həmçinin elə Hüsnünün
ifasında səslənən,
musiqisi Vaqif Gərayzadəyə aid olan
"Neyləyək alınmadı"
mahnısının melodiyasının
aranjimanında harmonik
back vokal formasını
verərək ifa etmişik.
Yenə də Türkiyənin
"Sıfırın altında"
qrupu ilə bərabər "Lənkərandan
İstanbula" folklor
mahnısını yeni
aranjimanda ifa etmişik.
Və bir də rusiyalı jurnalist Mariya Suvorovskaya ilə Azərbaycanın tanıtım
klipinin çəkilişləri
planlaşdırılıb.
-Rusiyalı jurnalist Mariya Suvorovskaya ilə birgə çəkəcəyiniz
tanıtım klipinin Rusiya ilə Azərbaycan arasında mədəni körpünün
yaranmasında nə kimi rolu var?
- Mariya Suvorovskaya
Azərbaycan vurğunudur. Belə
bir insanla bizi tanış
etdiyinə görə
Rusiyada yaşayan həmvətənimiz Səadət
Qarayevaya təşəkkür
edirəm.
Mariya Suvorovskaya, eləcə də onun kimi
əcnəbi azərbaycansevərlərin
xidmətləri diqqətdə
olmalıdır və
hər kəs onların Azərbaycanla bağlı gördüyü
işlərə bacardığı
dəstəyi verməlidir.
Mariya xanımın Azərbaycanın
tanıtımı ilə
bağlı klip təşəbbüsü çox
müsbət addımdır.
Ümid edirəm ki, bu klip, eyni
zamanda iki ölkə və xalq arasında mədəni birliyin nümunəsi olacaq.
Hazırda Mariya xanımla klipdə bərabər ifa etməyimiz və çəkilişlərdə
iştirakımız müzakirə
olunur. Tərəfimizdən çəkiləcək işin süjet xətti və məkanları haqqında
məlumat verilməsini
gözləyirik. Əgər ziddiyyətli
bir şey olmazsa böyük məmnuniyyətlə iştirak
edərik.
-Sizin heyət bu klipin
çəkilişlərində hansı işləri öz üzərinə götürüb?
- Biz öz sıramızda ona öz sözlərinə
yazılan mahnını
aranjiman edərək dəstək veririk. Aranjiman, studiya xidmətləri və s.
-Yeni başqa hansı layihələr üzərində
çalışırsız?
-Son işlərdən biri olan, müəllimimiz Akif İslamzadənin vaxtı ilə oxuduğu mahnıları əvvəlki aranjimanlardan ayırıb səsini yeni aranjimanda təqdim etməyimdir. Bu layihənin start olaraq 5 albomdan ibarət olması planlaşdırılır. Hazırda artıq 8 mahnıdan ibarət olan ilk albomun bütün işləri tamamlanıb və yəqin ki yaxın müddətdə təqdim olunacaq. Bu layihədə aranjimanlarım Vaqif Gərayzadənin nəzarəti altında həyata keçir və təbii ki, mənə çox dəstək olur.
Hazırda isə “Sinemazadə”nin növbəti filmi üzərində çalışmalar başlayır. Paralel olaraq Vaqif Gərayzadə və Akif İslamzadənin dəstəyi ilə öz albomumuz üzərində çalışırıq. Albomu solo ifalarım və “Şeron”la bərabər oxuduğumuz mahnı və kompozisiyalar təşkil edir. Həmçinin müəllimlərimizin arzusu ilə TUR konsertlər düzənləmək fikrindəyik.
Daha bir yeni layihəmiz-tanınmış fransız gitaraçısı Fregan ilə Bakıda hazırlıqlarımız gedir. Lahiyə çərçivəsində iyun ayında Bakıda keçiriləcək “Tar-Gitar” adlı festivalda bərabər akustik instrumental çıxışımız olacaq. Sonra isə eyni repertuarla Parisdə çıxış etməliyik. Planlaşdırılır ki, bu layihə ənənə xarakterində olaraq hər il keçirilsin.
Həmçinin ustad sənətkar Alim Qasımovun qızı, çox fərqli ifaçı Fərqanə Qasımovanın Heydər Əliyev adına sarayda keçirilmiş olan konsertlərinin aranjiman müəllifi kimi, indi isə həmin konsertlərdə ifa olunan kompozisiyaların albomunu hazırlayıram.
Fuad Hüseynzadə
Palitra 2019.- 28 fevral.- S.7.