İbrahim Gülşəni Bərdəinin
Misirdəki məqbərəsi təmir olunacaq
Misirdə böyük azərbaycanlı alim İbrahim Gülşəni Bərdəinin məqbərəsinin təmirə başlanılması ilə bağlı tədbir keçirilib. “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədbirdə çıxış edərək İslam dünyasında tanınmış azərbaycanlı alim İbrahim Gülşəninin həyat və fəaliyyətindən, elmi araşdırmalarının əhəmiyyətindən danışıb. S.Nəsirov bildirib ki, ömrünün 30 ilini Misirdə keçirən və orada vəfat edən alim 1426-cı ildə Azərbaycanın Bərdə rayonunda anadan olub. 1485-ci ildə Misirə gələn Gülşəni qısa müddət ərzində yerli xalqın böyük rəğbət və ehtiramını qazanıb. O, məqbərənin təmirinə verilən dəstəyə görə Misir dövlətinə və bu işdə iştirak edən beynəlxalq fondlara dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu, olduqca əhəmiyyətli və sevindirici bir hadisədir.
Tədqiqatçı Seymur Nəsirov Azərbaycanla bağlı apardığı araşdırmalar əsnasında İbrahim Gülşəni haqqında da məlumata rast gəlib və onun Qahirədə dəfn olunduğunu biləndən sonra məqbərəsini tapıb. Misirin İrsi Qoruma Nazirliyindən öyrənib ki, Qahirə şəhərinin əl-Dərb əl-Əhmər rayonunda yerləşən məqbərənin təmirə ehtiyacı var və bu səbəbdən o, bağlıdır. Gülşəniyyə təriqəti, Xəlvətiyyə təriqətinin bir qolu olduğu üçün Seymur Nəsirov dəfələrlə Misirdə Xəlvətiyyə təriqətinin məşhur şeyxləri ilə görüşüb və məqbərənin təmir edilməsi və yenidən ziyarətə açılması üçün Misir hökumətinə müraciət ünvanlamalarını xahiş edib. Müraciətlərdən sonra bu məqbərənin təmir olunmasına dair qərar qəbul edilib və Misir dövlətinin dəstəyi ilə təmir işlərinə başlanılıb.
Xatırladaq ki, Seymur Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
Fuad Hüseynzadə
Palitra.-2019.-2 iyul.-S.15.