“Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar”.

 

Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər şeyi elm, bilik, savad, təhsil həll edir. Bəli, bu sözlərlə razılaşmamaq çətindir. Çünki bu gün məişətimizə müxtəlif mürəkkəb cihazlar, ayrı – ayrı EHM - ə əsaslanan avadanlıqlar elə daxil olmuşdur ki, müəyyən blik səviyyəsinə malik olmasaq onlardan istifadə edə bilmərik. Bundan başqa, orduda hazırkı dövrdə ən yeni, müxtəlif kompyuter texnologiyasına əsaslanan kifayət qədər silahlar meydana gəlmişdir ki, bunlarla lazımi şəkildə rəftar etmək üçün müəyyən biliklərə sahib olmaq sadəcə olaraq zəruridir. Belə zəruri biliklərin qazanılması işində isə təhsilin təşkilinin, bu işə müasir pedaqoji yanaşmalar çox önəmli rolu vardır. Bu baxımdan pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovun Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Şurasının çapa tövsiyyə etdiyi “Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” adlı əsəri xüsusilə diqqəti cəlb edir. Bu kitabda müəllifin müxtəlif illərdə nəşr etdirdiyi nəzəri və metodik, eləcə də tarixi məzmun daşıyan tədqiqatları (elmi məqalələri) toplanmışdır. Bu tədqiqatlar elmin müxtəlif sahələrini və onların nəzəri – metodik məsələlərini əhatə etməklə dərin elmi – pedaqoji əhəmiyyətə malikdir. Göstərilməlidir ki, kitabda bəzi tədqiqatlar türk, rus, ingilis və Ukrayna dillərində də verilmişdir. Əsasən tədqiqatçılar, təhsil işçiləri, pedaqoji fakültələrin tələbələri və digər oxucular üçün nəzərdə tutulan bu kitabda, deyərdim ki, istənilən ziyalını, vətəndaşı maraqlandıra biləcək kifayət qədər maraqlı məsələlərə toxunulmuşdur.

Beş bölmədən ibarət olan bu əsər, əsasən müəllifin müxtəlif qəzet və jurnallarda çap edilmiş məqalləri, eləcə də ayrı- ayrı Beynəlxalq və yerli konfranslarda etdiyi çıxışlardan ibarətdir. Əsərin birinci bölməsi “Təhsilimizin Heydər Əliyev mərhələsi” adlanır. Bu bölmədə müəllif ustalıqla ingilis tarixçisi və sosioloqu A. S. Toynbinin belə bir fikrini vermişdir ki, “Şəxsiyyətlər tarixin yaradıcıları, cəmiyyətsə həmin fövqəlinsanların fəaliyyət meydanıdır”. Düşünürəm ki, Ulu Öndərimizin Azərbaycan xalqının inkişafı, keçmiş SSRİ – nin digər müttəfiq respublikaları arasında layiqli yerini tutması üçün görmüş olduğu qeyri – adi, nəhəng işlərini xarakterizə etmək üçün yuxarıda göstərilən sitat çox yerinə düşmüşdür. Belə ki, doğurdan da XX əsr Azərbaycan tarixinin təxminən 50 illik tarixi Heydər Əliyevin böyük yaradıcılıq, quruculuq fəaliyyətilə bağlıdır. Tam cəsarətlə demək olar ki, Ulu Öndər öz fəaliyyəti, ideyaları ilə mükəmməl bir tarix yaratmışdır. İntiqam müəllim çox düzgün olaraq Ümummilli Liderimizin belə bir fikrini vermişdir ki, “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi – texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Ulu Öndərimizin dərin məna, mahiyyət kəsb edən bu fikri XX yüzilliyin II yarısına aid Azərbaycan tarixi problemlərinin təhlili, öyrənilməsi üçün ən qiymətli mənbələrdən biri hesab edilir. Burada müəllif haqlı olaraq göstərir ki, bu gün hər birimiz dərk edirik ki, müasir Azərbaycanın inkişafı, dövlətçiliyin tərəqqisi həmin dövrdə əsası qoyulmuş təməl üzərində qoyulmuşdur.

Müəllif bu istiqamətdə fikrini davam etdirərək daha sonra bildirir ki, Heydər Əliyev həmişə Azərbaycan dili, tarixi, mədəniyyəti, milli mentalitetin qorunması və inkişafı qayğısına qalmışdır. Ulu Öndərimiz haqlı olaraq deyirdi ki, öz dilini inkişaf etdirən alim, öz tarixini yazan, öz mənəviyyatını araşdıran, təhliil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim millətin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişafına xidmət göstərir. Bu baxımdan Ümummilli Liderimizin özü daima örnək olmuşdur. Məhz ümummilli liderimizin apardığı mübarizə nəticəsində Azərbaycanın 1978- ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa öz əksini tapmışdır.

İntiqam Cəbrayılovun haqqında söz gedən əsərinin II fəsli “Ümumpedaqiji məsələlər” adlanır. Bu bölmədə müəllif təhsil tədqiqatının konseptual məsələləri, təhsil fəlsəfəsinin inkişaf tendensiyalarının bəzi aspektləri, Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın qəbul etdiyi qanunlar, eləcə də milli – mənəvi dəyərlər xəzinəsi və tərbiyə məktəbində “Kitabi – Dədə Qorqud”un rolu, eləcə də multiklturalizmin pedaqoji aspektləri, nəhayət, Fransa təhsili: müasir tendensiyalar haqqında geniş miqyasda danışılır, yeri gəldikcə lazımi təhlillər və araşdırmalar, eləcə də ümumiləşdirmələr aparılır. Qeyd etmək yerinə düşərdi ki, müəllif elə bu fəsildə təhsilin cəmiyyətin mənəvi inkişafında əsas rol oynaması və təhsil alanların şəxsiyyətinin formalaşması məsələləri haqqında iki məqaləsini rus dilində vermişdir. Belə ki, haqqında söz gedən hər iki məqalə Vətən hüdudlarından kənarda – Naberejnıye Çelnı və Samarada keçirilmiş Beynəlxalq Konfranslarda olmuş çıxışlardır. Müəllif “Şəxsiyyətin istiqamətləndirici təhsili və təhsilalanların şəxsiyyətinin formalaşdırılması məsələləri” adlı məqaləsində çox düzgün olaraq göstərir ki, şəxsiyyətin formalaşdırılması məsələlərinə keçən əsrdə də kifayət qədər çox toxunulmuşdur. Lakin hazırkı dövrün tələbləri baxımından yanaşsaq deməliyik ki, haqqında söz gedən məsələlər indi daha vacib əhəmiyyət kəsb edir. Belə ki, bu günkü, azad bazar iqtisadiyyatının hakim olduğu bir cəmiyyətdə tamam yeni iqtisadi sistem forlalaşdırılmışdır. Buna görə də hazırkı şəraitdə şəxsiyyətin formalaşdırılması məsələsi xüsusilə vacib əhəmiyyət kəsb edir. Bəli, hesab edirəm ki, müəllifin bu qənaəti ilə razılaşmamaq çətindir.

Müəllif haqqında söz gedən fəsildə “Milli – mənəvi dəyərlər xəzinəsi və tərbiyə məktəbi “Kitabi – Dədə Qorqud” adlı məqaləsində çox düzfün olaraq göstərir ki, şəxsiyyətin formalaşdırılması probleminin həllində “Kitabi – Dədə Qorqud”dakımənəvi keyfiyyətlərin, tərbiyəvi cəhətlərin, ilk növbədə namus, qeyrət, vicdan, sədaqət, etibar, mərdlik və s. kimi əxlaqi kateqoriyaların pedaqoji baxımdan tədqiqi və nəsillərin bu nümunələr əsasında tərbiyəsinə daim xüsusi diqqət yetirilməsi vacibdir. 34 il ərzində orta məktəbdə sıravi müəllim kimi çalışan bir ziyalı olaraq deməliyəm ki, İntiqam müəllimin bu qənaəti xüsusilə vacib və mühüm əhəmiyyət kəsb edir. Belə ki, milli – mənəvi dəyərlərimizin yaşadılması, gələcək nəsillərə çatdırılması işində xalqımızın yaratmış olduğu “Kitabi – Dədə Qorqud” əsəri kimi ölməz səət əsərinin xüsusilə böyük və mühüm rolu vardır.

Kitabın “Pedaqoji fiikr tarixindən” adlı III bölməsində də müəllif əsasən müxtəlif Elmi Əsərlərdə, Beynəlxalq Konfransların materiallarında çap edilmiş məqalələri verilmişdir. Deyərdim ki, İntiqam müəllim burada həm də əsl tarixçi kimi çıxış edərək hələ XI əsrdə yaşamış Xoca Əhməd Yəsəvinin irsini tədqiq etmişdir. Burada göstərilir ki, Ə. Yəsəvi, nəfsin tərbiyə olunmasını, əmək tərbiyəsini, ailə tərbiyəsini və ümumiyyətlə sağlam nəsil tərbiyə etməyi olduqca vacib sayır.Deməliyəm ki, bu məqalədə müəllif həcm etibarı ilə kişik məqalədə olsa da, nəzərə çarpacaq dərəcədə böyük əhəmiyyətə malik fikirləri tədqiq etməyə müvəffəq olmuşdur.

Kitabda IV bölmə isə “Azərbaycan tarixinin tədrisinin aktual məsələləri” adlanır. Göstərilməlidir ki, burada müəllif ən müxtəlif məsələləri – “Azərbaycanın dövlətçilik tarixi və onun tədrisi problemləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun tədrisi məsələləri” kimi bilavasitə tarixi mövzularla yanaşı, “XIX yüzilliyin II yarısında Muğanın (Salyanın) təsərrüfat həyatının tarixi mənbələrdə əksi”, “XIX yüzilliyin II yarısında Muğanın təsərrüfat həyatı və onun tədrisi məsələləri”, “Tarixi məktublar və Salyanda balıqçılıq təsərrüfatına dair bəzi qeydlər (XIX əsr)”, “Muğanda (Salyanda) neft çıxarılması tarixinə dair (XIX əsr)”, “XIX əsrin II yarısında Muğanda su təsərrüfatının bəzi məsələləri” və s. kimi bilavasitə təsərrüfat aid məqalələr çap edilmişdir. Deməliyəm ki, orta məktəbdə tarix fənnini tədris edən bir müəllim kimi burada təsərrüfatın ən müxtəlif sahələrinin – balıqçılıq, neft çıxarılması, su təsərrüfatına dair müxtəlif məqalələrdə verilən maraqlı məlumatlarxüsusilə diqqəti cəlb edir.

Nəhayət, deməliyəm ki, bu olduqca maraqlı kitabın V fəsli “Tənqid və biblioqrafiya” adlanır. Burada isə “Azərbaycan məktəbi” jurnalında çap edilmiş “Nəriman Nərimanov – ideal və gerçəklik” və “Pedaqoji tədqiqatlar” adlı dərgidə çap edilmiş “Pedaqogika tarixinə yeni töhfə” adlı məqalələr salınmışdır.

Müəllif “Nəriman Nərimanov - ideal və gerçəklik” adlı məqaləsində bu böyük simanın Azərbaycan xalqı üçün görmüş olduğu böyük işlərdən geniş miqyasda danışır, onun bu işləri görərkən Mikoyan, Şaumyan və digər ermənilərlə necə toqquşmasından da danışır. Göstərilir ki, N. Nərimanova abidə ucaldılarkən ermənilər və onları dəstəkləyən qüvvələr N. Nərimanovun heykəlinin S. Kirovun, S. Şaumyanın heykəlindən uca olmaması üçün çox cənfəşanlıq edirdilər. İttifaq miqyasında bu heykəl məsələsi çox böyük əks – səda oyatmışdı. Nəhayət, nə qədər çətin olsa da, ümummilli lider Heydər Əliyevin səyi ilə Azərbaycanda N. Nərimanovun abidəsini ucaltmaq mümkün oldu. Bəli, İntiqam Cəbrayılovun haqqında söz gedən əsərində N. Nərimanovun xidmətləri ilə bərabər, bu böyük simanın adının əbədiləşdiriləməsi, onun haqqında olan əsl həqiqətlərin gənc nəslə çatdırılması işində Ulu Öndərimizin xidmətləri də tədqiq edilmişdir.

İntiqam Cəbrayılovun haqqında söz gedən əsərinin V fəslindəki ikinci məqalədə isə gənc tədqiqatçı alim Fərrux Nəsirovun “Şərqdə pedaqogika tarixi (qədim və orta əsrlər)” adlı kitabın təhlilinə həsr edilmişdir. Deməliyəm ki, İntiqam müəllim burada əsl tarixçi - pedaqoqalim kimi bu maraqlı əsəri ciddi şəkildə təhlil etmiş, burada Məhəmməd Peyğəmbərlə yanaşı, Həzrəti Əlinin kəlamlarına xsusi yer ayrılması, eləcə də onun oğlu İmam Həsənə yazdığı vəsiyyətnamənin olduğu kimi verilməsinin maraq doğurduğunu xüsusi olaraq qeyd etmişdir.

Bəli, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovun “Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” adlı əsərini tam cəsarətlə Azərbaycanın Pedaqoji fikir tarixində əsl hadisə saymaq olar. Bu maraqlı kitab doğurdan da, tədqiqatçılar, təhsil işçiləri, pedaqoji fakültələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün çox faydalıola bilər.

 

 

İlqar Abdullayev

Bakı şəhəri, Nərimanov rayonu MLK - nın tarix müəllimi,

Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru, “İlin müəllimi”

müsabiqəsinin qalibi

 

Palitra.-2019.-2 iyul.- S.13.