“Ermənistanın münaqişəsinin
nizamlanması məsələsində mövqeyi
Düşənbə razılaşmasını təhlükə
altına qoyur”
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində mətbuat konfransı keçirilib. Mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib: “Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”.
O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz" (Trend).
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev isə mətbuat konfransında deyib ki, 20 ildən artıqdır Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrimiz dağıdılır.
Ə.Qarayev bildirib ki, bununla bağlı məsələ UNESCO-da qaldırılıb: “Biz bu sessiya çərçivəsində də bu məsələni qaldırmışıq, mən bunu çıxışlarımda da dedim. Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi istiqamətində iş aparırıq, ancaq Ermənistan tərəfi bu missiyanın gəlməsini əngəlləyir. Bu məsələyə beynəlxalq ictimaiyyətin qoşulmasını istəyirik. Bu istiqamətdə iş aparırıq”.
Pakistanlı siyasi ekspert Malik Əyyub Sumbal isə Azernews-a müsahibəsində deyib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi MDB dövlət başçılarının sammiti zamanı imzalanmış Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur.
Onun sözlərinə görə, regional və qlobal qüvvələr Cənubi Qafqazda genişmiqyaslı müharibəyə çevriləcək bu münaqişənin nizamlanması məsələsinə daha məsuliyyətlə yanaşmalıdır.
Son dövrlərdə qeydə alınmış erməni təxribatları, xüsusilə də cəbhə xəttində azərbaycanlı hərbçilərin öldürülməsi barədə danışan ekspert qeyd edib ki, Azərbaycan hər zaman müdafiə mövqeyi tutub və erməni mövqelətinə hücum etməyib.
Ermənistanın Naxçıvana hücum etmək planının mümkünlüyünə gəldikdə isə ekspert vurğulayıb ki, Ermənistan maddi və maliyyə ehtiyatlarının məhdudluğu səbəbi ilə yeni cəbhə açmaq iqtidarında deyil.
Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin
saytında erməni təcavüzkarlığı barədə
məqalə yayımlanıb
Yeri gəlmişkən, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəsmi saytında “İki yüz illik erməni təcavüzkarlığının əsasları” sərlövhəli məqalə yayılıb. AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin məqsəd və nəticələrindən, saxta “böyük Ermənistan” iddiasından bəhs olunur. Həmçinin erməni millətçi dairələrinin ayrı-ayrı ölkələrdə törətdikləri mütəşəkkil cinayətlər tədqiqata cəlb olunub.
Müəllif elmi və rəsmi mənbələrə istinadla ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, Ulu Öndərimizin saxta “erməni məsələsi”nin ifşa olunması istiqamətində qəbul etdiyi mühüm qərarlar və onların uğurlu nəticələri barədə türkdilli oxucuları məlumatlandırır. Həmçinin ermənilərin Azərbaycanda və Türkiyədə törətdiyi ağır cinayətlər, eləcə də Xocalı soyqırımı, Sumqayıt hadisələri, Naxçıvanın işğal edilməsi planları, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə çoxsaylı faktlar tədqiqata cəlb olunub.
Məqalədə AZƏRTAC-ın materiallarından da istifadə olunub.
Qeyd edək ki, Türkiyənin
Avrasiya Araşdırmalar
Mərkəzi saxta “erməni məsələsi”nin araşdırılması
ilə məşğul
olan ixtisaslaşmış
ən nüfuzlu təşkilatdır.
BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında
Azərbaycanın qaçqın
və məcburi köçkün problemindən
danışılıb
Bu arada Azərbaycan
Respublikası Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsi sədrinin
müavini Fuad Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında
iştirak edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər
ki, F.Hüseynov sessiya çərçivəsində
yüksəkvəzifəli şəxs qismində çıxış edib.
Sədr müavini Azərbaycanın
əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasında olduğunu
diqqətə çatdırıb. O, yurd-yuvalarından
didərgin düşmüş
şəxslər mövzusunun
beynəlxalq ictimaiyyətin
gündəliyində duran
ən vacib məsələlərdən biri
olduğunu və bu məsələnin köklü səbəblərinin
aradan qaldırılması
istiqamətində bütün
səviyyələrdə konkret
tədbirlər və
böyük diqqət
tələb etdiyini vurğulayıb. Hazırda dünyada məcburi
şəkildə köçürülmüş
şəxslərin sayının
71 milyona çatdığına
diqqəti çəkən
F.Hüseynov insanların
acısına səbəb
olan bir çox münaqişələrin
hələ də həlli yolunun tapılmadığını təəssüf
hissi ilə qeyd edib.
Azərbaycanın bu mövzuya həssaslığının anlaşılan
olduğunu vurğulayan
sədr müavini, ölkəmizdə məcburi
köçkün probleminin
Ermənistan tərəfindən
Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin
və ətraf yeddi rayonunun işğalından qaynaqlandığını
bildirib. Bu xüsusda, sədr müavini Ermənistanın həyata
keçirdiyi hərbi
təcavüz, işğal
və etnik təmizləmə siyasəti
nəticəsində 250 min azərbaycanlının Ermənistandakı
ata-baba yurdlarından qovulduğunu və 700 min insanın Azərbaycanın
işğal olunmuş
ərazilərindən məcburi
köçkün vəziyyətinə
düşdüyünü vurğulayıb.
Ölkə başçısının rəhbərliyi altında
Azərbaycan dövlətinin
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli
istiqamətində gördüyü
işlər, o cümlədən
onların yaşayış
şəraitinin təkmilləşdirilməsi
sahəsində aparılan
fəaliyyət, eləcə
də bu sahədə icra olunan dövlət proqramları barədə
məlumat verən F.Hüseynov xüsusi vurğulayıb ki, 300 min məcburi köçkün
soydaşımızın mənzil-məişət
şəraiti yaxşılaşdırılıb,
görülən tədbirlər
nəticəsində məcburi
köçkünlər arasında
yoxsulluq həddi 75 faizdən 12 faizədək
azalıb. Ümumilikdə,
ötən müddət
ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində
vəsaitin ayrıldığını
qeyd edib. O, bu tədbirlərin məcburi köçkünlərin
öz yurd-yuvalarına
qayıtmaq hüququnun
bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan
Dağlıq-Qarabağ münaqişəsinin
siyasi həllinin tapılmasına qədər
müvəqqəti tədbirlər
kimi xarakterizə oluna biləcəyini deyib. Sədr müavini BMT-nin məcburi köçkünlərin
insan hüquqları üzrə xüsusi məruzəçilərinin hesabatlarına
istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin
yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal
olunmuş ərazilərinin
azad olunması və beləliklə, məcburi köçkünlərin
öz doğma yurdlarına ləyaqətli,
könüllü və
təhlükəsiz şəkildə
beynəlxalq hüquqda
təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən
sonra tapılmasının
mümkünlüyünü vurğulayıb.
F.Hüseynov azərbaycanlı məcburi
köçkünlər adından
onları gündəlik
narahat edən məsələlərə Şuranın
diqqətini çəkərək,
nə zaman öz yurdlarına qayıdacaqları, nə vaxtadək məcburi köçkün olaraq qalacaqları və hansı səbəbdən
beynəlxalq ictimaiyyətin
azərbaycanlı məcburi
köçkünlərin pozulmuş
insan hüquqlarının
bərpası məsələsinə
laqeyd qaldığını
sorğu edib.
Sonda o,
məcburi köçkünlər üçün
ədalətin bərpa olunmasının istənilən
uzunmüddətli sülhün və təhlükəsizliyin
təməli olduğunu bəyan edib.
Fuad Hüseynzadə
Palitra.- 2019.- 2 iyul.- S.11.