Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir

 

Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bizim üzərimizə böyük məsuliyyət qoyur. İyunun 30-da bizim bir sıra məhsuldar görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə UNESKO-nun rəhbərliyi arasında görüş keçirildi. Həmçinin çox möhtəşəm açılış mərasimində iştirak etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də jurnalistlər üçün mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, sessiya iyulun 10-dək işini davam etdirəcək. Təxminən 2500 iştirakçı qeydiyyatdan keçib. Ümumilikdə 150-dən artıq dövlətin nümayəndəsi bu sessiyada iştirak edir. Sessiyanın davam edəcəyi günlərdə mədəni proqramlar da nəzərdə tutulur.

Əbülfəs Qarayev deyib ki, təqdim olunan nominasiyaların sırasında Şəki şəhərinin tarixi yerləri də var. Bu tarixi məkanların UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müəyyən şərtlər var. Təbii ki, bu şərtlər komitədə müzakirə ediləcək.

Bakıda olmasından məmnunluğunu ifadə edən UNESCO baş direktorunun müavini Ernesto Ottone Ramirez sessiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün bir sıra təqdimatlar da keçirildi. İclasın başlanğıcında Bakı Bəyannaməsi qəbul edildi. UNESKO hər zaman öz işinin öhdəsindən məharətlə gəlib. “Biz konvensiyaların icrasını daha yaxşı təmin etməyə çalışırıq. Azərbaycan belə tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Burada müzakirələr şəffaf şəkildə aparılacaq. Konsensus əsasında Orta Şərqə aid olan qərarlara da nail olmuşuq. Bu istiqamətdə işimizi davam etdirəcəyik”, - deyə Ernesto Toni bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan UNESKO rəsmisi deyib: “Biz münaqişə tərəflərindən təhlükəsizliyi təmin etmələrini istəyirik. Belə olan halda UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”.

Onun sözlərinə görə, ekspert missiyasının keçirilməsi üçün şərtlər var. Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bundan başqa, regionda tərəflərin iradəsi olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bildiyiniz kimi, biz Azərbaycana və Qobustan qoruğuna həsr olunmuş dərgi nəşr etmişik. Urbanizasiyaiqlim dəyişikliyi bizim mədəni tədqiqlərə əngəllər yaradır. Ancaq buna baxmayaraq, biz mədəni irslərimizi qoruyuruq. On gün ərzində Bakıda 30-dan çox nominasiya nəzərdən keçiriləcək. Ümumdünya Mədəni İrs Komitəsi bu barədə qərarlar qəbul edəcək. Spesifik qərarlarımız olacaq. İki məkan var ki, onlar UNESKO-nun təhlükə altında olan siyahısından çıxarılaraq ümumi siyahıya salınacaq. Bu, bir daha ondan xəbər verir ki, biz mədəni irsin qorunmasına qismən də olsa nail oluruq. Təhlükəni görür, həyəcan təbili çalır və onun bərpasına nail oluruq”.

 

Palitra.-2019.- 2 iyul.- S.7.