“Son 5 ildə
40 tarixi abidə bərpa edilib”
Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul
edilmiş qərara əsasən Azərbaycan
bu mötəbər qurumun
növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə
edib. Prezident İlham Əliyev iyunun
30-dan iyulun 10-dək davam
edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini
təmin etmək məqsədilə müvafiq
sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü
sessiyasının Bakıda yüksək səviyyədə
keçirilməsi təşkil olunub. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva mərasimdə
çıxış edib. Birinci
vitse-prezident Mehriban
Əliyevanın çıxışında deyib
ki, bu ayın əvvəlində
biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü
qeyd etdik: “Bu illər ərzində biz
mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir
çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu
gün biz fəal təmsilçilik
və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak
edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO
arasında əməkdaşlığın əsas istiqamətlərindən
biridir. Eyni zamanda, bizim tarixi, dini və
memarlıq abidələrimizin qorunması, bərpası və
saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində
dayanır. 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət
abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir.
Son 5 il ərzində
Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd
etmək istərdim ki, Abşeron
yarımadasında tapılmış tarixi
abidələri və arxeoloji
eksponatları özündə əks etdirən açıq
səma altında “Qala” Arxeoloji-Etnoqrafik
Muzey Kompleksi 2008-ci ildə
açılmışdır. Bakıda,
Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi,
məscidlərin, sinaqoqların və kilsələrin yenidən
qurulması və inşası, muzeylərin bərpası və
açılması - bütün bunlar Azərbaycanın müxtəlif mədəni
irsinin qorunması və zənginləşdirilməsi
üçün dövlətimizin
siyasətinin sadəcə bir neçə
elementidir. UNESKO ilə məhsuldar əməkdaşlığın
nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər,
o cümlədən Şirvanşahlar
Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun
Ümumdünya İrs
Siyahısına daxil edilmişdir.
Zəngin və qədim mədəniyyətimizin
digər mühüm elementləri
sırasında musiqi xəzinəmizin
inciləri - muğam və aşıq sənəti,
həmçinin bəşəriyyətin qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil
edilmişdir. Azərbaycanın UNESKO-nun dəyərlərinə və
ideallarına bağlılığı onun
milli hüdudlarından kənarda da öz təzahürünü
tapır. Son 10 il ərzində
dünya mədəni irsin
qorunması sahəsində apardığımız fəaliyyətin
coğrafiyası geniş olmuşdur.
Bununla belə, müharibələr və
hərbi münaqişələr bəşəriyyətin mədəni
irsinə hər zaman ciddi
təhdid olmuşdur. Hərbi
təcavüz nəticəsində, eləcə də beynəlxalq
hüququ və BMT-nin
Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrini kobud şəkildə
pozaraq Ermənistan Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazisinin təxminən
20 faizini, o cümlədən
Dağlıq Qarabağı və yeddi
ətraf regionu bu gün də işğal
altında saxlamaqda davam
edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətində
yaşayır. Yüzlərlə tarixi və
memarlıq abidəsi, muzeylər, məscidlər və digər
dini məbədlər
dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət
mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli
icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər
hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır. Əziz dostlar,
mədəni irs bizi bəşəriyyətin
şanlı tarixinə aid olduğumuzu
birlikdə düşünməyə vadar
edir. Biz qəti
şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları
yalnız dialoq və
qarşılıqlı hörmət vasitəsilə cücərə
bilər. Mən burada mədəniyyətlərarası
və dinlərarası dialoqun təşviqi
üçün əsl qlobal
platformaya çevrilmiş
və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm.
2008-ci ildə Bakıda ilk dəfə
başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv
dövlətlərinin mədəniyyət nazirlərini ümumi
narahatlıq doğuran məsələlər
ətrafında dialoqa başlamaq
üçün İslam
Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir
masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin
mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır.
Xanım Baş direktor,
verdiyiniz mühüm
şəxsi dəstəyinizə görə sizə minnətdaram.
Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin
böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin
sözlərinə istinad edərək demək
istərdim: “Biz gedərik, ancaq
qalar ruzigar, biz ölərik əsər qalar
yadigar”. UNESKO-nun Baş direktoru Odre AZULE çıxış edərək deyib ki, Bakı dünyəvi
bir şəhərdir, zəngin tarixə,
UNESKO-nun Ümumdünya
Mədəni İrs Siyahısına daxil olan sahələrə
malikdir. UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın
Mədəniyyət naziri Əbülfəs
Qarayev çıxış edərək sessiyada müzakirə olunacaq
məsələlərin və qəbul ediləcək qərarların
çox əhəmiyyətli olacağını
bildiriblər.
Palitra.-2019.- 2 iyul.- S.3.